Qarabağın Ermənistan ərazisi olmadığını ermənilər də etiraf etməyə başlayıblar
Ermənistan cəmiyyətinin iki düşmən cəbhəyə bölünməsi sirr deyil. Uzun illərdir ölkəni idarə edən Qarabağ klanı yerli əhalinin narazılığına səbəb olub. Məsələ ondadır ki, dünya erməniləri Qarabağdan olan erməniləri öz millətlərindən hesab etmirlər və onları “Şurdvaz hay”, yəni dönmə erməni adlandırırlar. Bu fikri təkcə məişət səviyyəsində eşitmək olmur, hətta ən yüksək səviyyələrdə də ermənilərlə qarabağlılar bir-birlərindən fərqləndiklərini dilə gətirirlər. Vəziyyət o yerə çatıb ki, ölkənin hazırkı prezidenti, Qarabağda dünyaya göz açmış Serj Sarkisyan qarabağlı olmadığını dəfələrlə bəyan edib və əslən Ermənistanın Zəngəzur vilayətindən olduğunu deyib. Bununla prezident təmiz erməni olduğunu bildirməklə yanaşı, həm də onu vəzifəyə gətirən qarabağlılardan uzaq olduğunu bəyan etmiş olub. Ermənistanın ikinci prezidenti, qarabağlı olduğunu gizlətməyən Robert Köçəryan “Mediamaks” agentliyinə verdiyi müsahibədə bu məqama yenidən toxunub. Ermənistanın “Joxovurd” qəzetinin məlumatına görə, R.Köçəryan müsahibəsində Serj Sarkisyanı iqtidara gətirdiyini, hazırkı prezidentin ona borclu olduğunu dəfələrlə vurğulayıb. Maraqlıdır ki, sabiq prezident ermənilərlə qarabağlıların bir-birindən kəskin fərqləndiklərini də açıq-aydın bildirib. Qəzetin yazdığına görə, belə bir fərqin olduğu ilk dəfə 1997-ci ildə Robert Köçəryan baş nazir seçildikdən sonra yüksək səviyyələrdə səslənməyə başlayıb. O zamanlar və sonrakı dövrlərdə hətta iqtidarda təmsil olunan Qarabağ erməniləri də Ermənistan ermənilərindən fərqləndiklərini dilə gətirirdilər və bir növ qarabağlı olmaları ilə bütün ermənilərdən üstün olduqlarını nümayiş etdirməyə çalışırdılar. Halbuki məhz R.Köçəryan iqtidara gəlməmişdən əvvəl belə bir fikir səsləndirmişdi: “Erməni ilə qarabağlının arasını vurmaq mümkün deyil”. Sabiq prezident 2005-ci ilin 12 aprel günü İrəvan Dövlət Universitetində çıxışı zamanı bu qəbildən başqa bir fikri dilə gətirmişdi: “Biz hamımız yalnız onda qalib gələ biləcəyik ki, Qarabağı Ermənistanın tərkib hissəsi sayacağıq”. R.Köçəryan həmin çıxışında qarabağlı ilə erməninin fərqləndiyini bildirmişdi və demişdi ki, o da özünü hərdən erməni sayır. Məlumatda o da bildirilir ki, Robert Köçəryan müsahibəsində Serj Sarkisyanı köhnə həmkarı adlandırıb. Halbuki, biz zamanlar onlar özlərini tale yoldaşı, yaxın dost adlandırırdılar. O dövrün mətbuatı isə onları “siam əkizləri” adlandırırdı. Bundan başqa, 2008-ci ilin 17 fevral tarixində R.Köçəryan yerli telekanalların birinə müsahibəsində demişdi: “Əlbəttə ki, mən ailəmin təhlükəsizliyini Serj Sarkisyana etibar edə bilərəm. Ölkənin uğurlu gələcəyini onunla bağlayıram. Çünki heç bir halda o, vəzifəyə sahib çıxdıqdan sonra uğursuzluğa düçar olmur. Çox qısa müddət ərzində o, gözəçarpan nailiyyətlər əldə etməyi bacarır. Bu isə zəhmətkeşliyin, ardıcıllığın, iradənin və xalq qarşısında məsuliyyətin göstəricisidir. Belə xüsusiyyətlərdən yaxşı nə ola bilər?” Lakin indi R.Köçəryan bunun əksini deyir və Serj Sarkisyan iqtidarının uğursuzluğundan ağızdolusu danışır. Qarabağın Ermənistan ərazisi olmadığını ermənilər də etiraf etməyə başlayıblar. Ən azı ona görə ki, sadə insanlardan tutmuş ölkə başçılarına kimi hər bir erməni bilir ki, Qarabağ erməniləri erməni deyillər. Bu isə o deməkdir ki, Ermənistan tərəfindən işğal olunmuş Qarabağ torpaqları Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Halil Kan
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?