Bu gün Ankara Universiteti və Azərbaycanın Trükiyədəki Səfirliyinin birqə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi və dramaturqu, ictimai xadim Hüseyn Cavidin əsərlərinin Türkiyədə ilk nəşrinin təqdimatı və ədibin yaradıcılığına həsr olunmuş “Hüseyn Cavidin düşüncə dünyası və əsərləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Azərbaycanın Türkiyədəki Səfiri Faiq Bağırov, Ankara Universitetinin rektoru, professor Erkan İbişin iştirakı ilə keçirilən mərasimdə Ankara Universitetinin tələbə və müəllim heyəti, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, türkiyəli cavidsevərlər və azərbaycanlı tələbələr, Azərbaycandan gəlmiş geniş tərkibli nümayəndə heyəti, ədəbiyyatçılar, görkəmli elm və sənət adamları, mədəniyyət xadimləri iştirak ediblər. Tədbir yaradıcılığına həsr olunmuş filmin nümayişindən sonra Türkiyə Böyük Millət Məclisinin deputatlarından və nazirliklərindən konfransa ünvanlanmış təbriklər oxunması ilə başlanıb. Mərasimin açılışında Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Ankara Universitetinin rektoru professor Erkan İbiş, universitetin dekanı, professor Əbdülkadir Gürer, professor Sema Burutcu Özönderin çıxış ediblər. Hüseyn Cavidin şəxsiyyətinin ucalığı barədə dəyərli fikirlər söyləyən natiqlər, Cavidin əsərlərinin türk dünyasının ortaq sərvəti, ədəbiyyatımızın qürur və iftixar yeri olduğunu bildiriblər. Təqdim olunan kitabın Azərbaycan ədəbiyyatının təbliği sahəsində görülən işlər sırasında özünə layiqli yer tutacağı qeyd olunub. Aktrisalar Samirə Məmmədova və Nigar Bahadurqızı Cavidin əsərlərindən parçalar səsləndirdikdən sonra konfrans iki bölümdə davam edib. Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Kamran Əliyevin “Hüseyn Cavid min illərin ədibidir”, “Kaspi” Təhsil Şirkətinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın “Hüseyn Cavid yaradıcılığında türkçülük fikri”, professor Əhməd Bican Ərcilasunun “ Hüseyn Cavidin ədəbi dili”, professor Yavuz Akpinarın “Türk ədəbiyyatı və Hüseyn Cavid ”, professor Ərdoğan Uyğurun “Hüseyn Cavidin əsərləri və düşüncə dünyası”, filologiya üzrə fəlsəfə doktoru, kitabın tərtibçisi Azər Turanın “Hüseyn Cavid dramaturgiyasının özəl xüsusiyyətləri” mövzularında məruzələri dinlənilib. Məruzələrdə dünya ədəbiyyat xəzinəsində özünəməxsus və təkrarolunmaz yer qazanan Hüseyn Cavid yaradıcılığının ayrı-ayrı istiqamətləri təhlil olunub. Məruzəçilər Hüseyn Cavidin əsərlərinə olan məhəbbət tükənməz olduğu kimi onun yaradıcılıq yolu da sonsuzluğa doğru uzandığını qeyd ediblər. Cavidin ədəbi məktəbindən dərs alanlar onun yaradıcılıq üslubundan bəhrələnərək dünya ədəbiyyatının zənginləşməsinə böyük töhfələr verdiyi, böyük ədibin dünya tarixinə görkəmli şəxsiyyətlər bəxş edən Naxçıvanda doğulması, Təbrizdə oxuması, İstanbulda təhsilini davam etdirməsi və elmin sirlərinə yiyələnməsi, Bakıda ədəbi yaradıcılığını uğurla davam etdirməsi onun fəlsəfi düşüncəsinin inkişafına əhəmiyyətli təsir göstərdiyi diqqətə çatdırılıb. Dünyanın siyasi tarixini mükəmməl bilməsi, beynəlxalq aləmdəki prosesləri həssaslıqla izləməsi, humanitar elmləri dərindən mənimsəməsi Cavidin əsərlərinin mükəmməlliyində əsas amillər kimi dəyərləndirilib. Zamanın ən böyük hakim olduğunu diqqətə çatdıran məruzəçilər, Hüseyn Cavidin şəxsiyyətinin mübarizə və qətiyyət simvolu olduğunu, həmçinin onun bəşəri dəyərlərin gerçəkləşdirilməsi arzusu ilə, eləcə də İranla Turan, türkçülük və müsəlmançılıq arasında sarsılmaz birliyin yaranması naminə tarixi çağırışlar etdiyini qeyd etmişlərdir. Məruzəçilər əsərlərini türk dilində yazması, dünya siyasətinə təsir etmək qüdrətində olan tarixi şəxsiyyətləri özünün ədəbi qəhrəmanı seçməsi Cavidin zamanı qabaqlaması kimi dəyərləndiriblər. Məruzəçilər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk tarixi şəxsiyyətlərimizin, o cümlədən ədiblərimizin tanıtdırılması ilə bağlı bu günümüzə və sabahımıza böyük bir irs miras qoyduqlarını diqqətə çatdırmışlardır. Həmçinin, Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Vətəni Azərbaycana gətirilməsi, Naxçıvanda dəfn olunması, məzarı üstündə möhtəşəm abidənin ucaldılması, adının əbədiləşdirilməsi, əsərlərinin kütləvi nəşri Ulu Öndərimizin türk dünyası qarşısındakı tarixi xidmətləri sırasında olduğu qeyd olunub. Konfransdan sonra Ankara Universitetinin tələbələri Hüseyn Cavid şeirlərinə bəstələnmiş mahnılar ifa ediblər. Sonda konfransdakı məruzələri ilə seçilən və mərasimin təşkilində fəal iştirak edən şəxslərə Azərbaycanının Türkiyədəki Səfirliyi və Ankara Universitetinin xatirə hədiyyələri təqdim olunub. Qeyd olunmalıdır ki, ümummilli lider Heydər Əliyevin Hüseyn Cavidin Naxçıvan şəhərindəki məqbərəsində çəkdirdiyi şəkillərin, şairin zəngin mənalı həyatını əks etdirən nadir fotoların da daxil olunduğu 944 səhifəlik kitab “Kaspi” Təhsil Mərkəzi tərəfindən hazırlanıb.
Sorğu
Yeni dizaynımız necədir?