"İnsanlar öləndən sonra cəhənnəmə düşməkdən qorxurlar. Mənsə o cəhənnəmi artıq görmüşəm. Gündə 30 dəfə təcavüzə uğrayan insan başqa nə düşünə bilər ki?!"
Karla Hasinto Romero ağlamamaq üçün dodaqlarını dişləyir. Gözlərini yaş doldursa da, ağlamır. O, aldadılaraq zorla fahişəliyə vadar edildiyini, 4 il "cəhənnəm"də yaşadığını, hər gün 30 kişiyə "xidmət"ə məcbur qaldığını və bu minvalla 43200 dəfə təcavüzə uğradığını deyib. Meksikanın paytaxtı Mexikoda yaşayan Karla Hasintonun ailəsinin evi kilsənin yanındadır. Və o, elə kilsənin bağçasında danışır. Dediyinə görə, insan alverçilərinin əlinə düşəndən sonra ağlagəlməz əzablara məruz qalıb: "Hər gün 30 kişiyə "xidmət" etməliydim. Beləcə, həftədə 7 gün, fasiləsiz..." 23 yaşlı Karlanın sözlərinə görə, hər şey 12 yaşı olanda başlanıb. "12 yaşım vardı və Mexikodakı metro stansiyalarının birinin yanında, xalamın evinin qarşısında oynayırdım. Birdən şirniyyat satan oğlan mənə yaxınlaşdı və konfet verdi. Dediyinə görə, konfetləri bir kişi yollamışdı. Sonra həmin kişi yanıma gəldi, daha çox konfet verəcəyini dedi. Uşaqdım, heç nə bilmirdim. Maşına oturduq və məni tanımadığım yerə apardılar. Məni aparan kişi çox mehriban danışırdı. Dedi ki, gəzməyə gedəcəyik. 22 yaşlı oğlan gəldi və əlimdən tutub məni apardı. Şəhəri gəzdik, sonra evə getdik. Həmin oğlan üç ay evimizə gəlib-getdi. Mənə konfet, şokolad, oyuncaqlar alırdı. 13 yaşım olanda isə məni Tenansinyo şəhərinə gəzməyə aparmağı təklif etdi. Evdən qaçıb gəzintiyə yollandım - bu səfərimdən anamın xəbəri yoxdu. Tenansinyoya çatanda bir evə getdik. Axşam saatlarında həmin oğlan məni döydü, sonra da zorladı. Səhər dedi ki, fahişəlik etməliyəm, müştəriləri qəbul etməliyəm. Ağladım, qaçmaq istədim. Məni tutub amansızlıqla döydü və dedi ki, bir də qaçmağa cəhd etsəm, gözlərimi çıxaracaq, dilimi kəsəcək. Beləcə, 4 illik cəhənnəm başladı. Hər gün 30 "müştəri"yə "xidmət" edirdim. Həftədə 7 gün..." - Karla Hasinto söyləyir.
Onun sözlərinə görə, Qvadalahara şəhərində də "müştəri" yanına aparılıb: "Kişilərlə yataqda olanda gözlərimi yumur, ağlayırdım. Onları görmək istəmirdim. Tanrıya yalvarır, ölüm istəyirdim".
Karlanın sözlərinə görə, onu fahişəliyə vadar edən adamın adı Xuandır. "Günlərin birində, oteldə "müştəri"lərlə olanda polis reydi başlandı. Bütün "müştəri"ləri tutub apardılar. Düşündüm ki, şükür Tanrıya, canım qurtardı, evə qayıda bilərəm. Onda 15 yaşım vardı. Mənimlə otaqda 12-13 yaşlı, fahişəliyə vadar edilmiş qızlar vardı. Polis zabitləri bizi soyundurdular, videolarımızı çəkdilər, sonra da ən iyrənc formada təcavüz etdilər. Dedilər ki, əmrlərini yerinə yetirməsək, öldürərlər", - Karla deyib. Onun sözlərinə görə, "çalışdığı" bordeldə 10 yaşlı qızlar da vardı. Karlanın 15 yaşı olanda o, qız anası olub. Uşağın atası Karlanın sutenyoru idi. Karla Hasinto 2008-ci ildə, xüsusi təyinatlı polis dəstəsinin keçirdiyi əməliyyat zamanı azad olunub. Onda Karlanın 16 yaşı vardı. "Bunları niyə danışıram?! 12 yaşında oğurlanan, fahişəliyə vadar edilən, 16 yaşında bu əzabdan qurtulan insanam. Məni bu kökə salanların hamısının cəzalandırılmasını istəyirəm. İstəyirəm ki, taleyimi heç bir qız yaşamasın", - Karla Hasinto söyləyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?