Rusiya və Suriya hökumət aviasiyası Hələb şəhəri bölgəsində hərbi əməliyyatlar əsnasında müntəzəm surətdə Suriya xəstəxanalarını dağıdır, Amnesty International hüquq müdafiə təşkilatı bildirir.
Məlumatda qeyd olunur ki, təşkilatın əlində son 12 həftə ərzində bu bölgədəki xəstəxana və tibb mərkəzlərinə azı 6 hücum həyata keçirildiyinin sübutları vardır.
Təşkilatın məlumatına görə, həmin aviasiya zərbələri nəticəsində azı 3 mülki şəxs həlak olub, daha 44 nəfər xəsarət almışdır. Amnesty bəyan edir ki, bu kimi hücumlar hərbi cinayət kimi təsnif edilə bilər.
Hüquq-müdafiəçiləri hücuma məruz qalan xəstəxanaların yaxınlığında zərbə hədəfi seçilə bilən hərbi avtomobil, nəzarət-keçid məntəqəsi yaxud hərbi birləşmələrin olmadığını və yalnız sırf öz humanitar missiyasını yerinə yetirən xəstəxanalar olduğunu qeyd edirlər.
“Hətta kövrək atəşkəs rejiminin qüvvəyə minməsinə baxmayaraq, Suriya hökumət qoşunları ilə müttəfiqləri tibb ocaqlarına hücumlarını gücləndiriblər”, – məlumatda vurğulanır.
Gizli koordinatlar
Fevralın sonunda ABŞ və Rusiya Suriyada fevralın 27-dən döyüş əməliyyatlarının dayandırılmasını nəzərdə tutan şərtləri və dayandırılması vaxtı haqqında planın razılaşdırıldığını elan ediblər.
Lakin barışığın qüvvəyə minməsinin sabahısı günü Rusiya hakimiyyəti atəşkəs rejiminin pozulduğunu bəyan etmişdi. Suriya üsyançıları da Rusiya aviasiyasının yeni zərbələri haqqında məlumat verirdi.
Fevralın ortasında İdlib əyalətində “Sərhədsiz həkimlər” beynəlxalq təşkilatın himayəsi ilə fəaliyyət göstərən xəstəxana atəşə məruz qalmışdı.
Fevralın 19-da Britaniyada çıxan Guardian qəzeti bildirmişdi ki, “Sərhədsiz həkimlər” Suriyanın üsyançıların nəzarətində olan bölgələrindəki xəstəxana və başqa tibb müəssisələrinin koordinatlarını Suriya qoşunlarına və onların rusiyalı müttəfiqlərinə açıqlamamaq qərarına gəliblər.
Suriya tibb işçilərinin sözlərinə görə, tibb müəssisələri bilərəkdən atəşə tutulur, buna görə də koordinatların təqdim olunması xəstəxanaları qorumur, əksinə, hədəfə çevirir. (BBC azeri)
Sorğu
Yeni dizaynımız necədir?