Alman fotoqraf Sandra Hoyn bu dəfə də səs gətirən bir layihəyə imza atıb. “Qafqazinfo” xəbər verir ki, fahişəliyin leqal sayıldığı Banqladeşdə olan fotoqraf burada qadınların uşaq yaşlarından qarşılaşdığı çətinlikləri kadra alıb.
Fahişəliyin leqal olduğu çox az müsəlman ölkələrindən biri olan Banqladeşdə bəziləri könüllü, xeyli qadın isə ailə zorakılığından əziyyət çəkdiyi üçün bu yolu seçir. Hətta insan alverinin qurbanı olanlar da az deyil. Ölkənin ən qədim və ikinci böyük fahişəxanası olan “Kandapara”da olan fotoqraf hər tərəfi qalın divarlarla bağlı olan bu kiçik fahişə şəhərciyini çəkdiyi fotolarla geniş şəkildə təqdim etməyə çalışıb.
“Kandapara” artıq 200 ildən çoxdur ki, fəaliyyət göstərir və 800-dən çox qadının sonuncu ümid yeridir. Ailədaxili şiddətə dözə bilməyən qadınlar “öz cəhənnəmimi özüm seçəcəm” -deyərək buraya üz tutur. Priton Milli Qadın Vəkillər təşkilatının təkidi ilə bir müddətlik bağladılsa da, xeyli tələb olduğundan yenidən fəaliyyətə başlayıb. “Kandapara”da hər il onlarla uşaq dünyaya gəlir. Əfsuslar olsun ki, burada doğulan qız uşaqları elə gələcək həyatlarını da seks işçisi kimi davam etdirməli olurlar. Həm cəmiyyətin qınağı, həm də yaşam şəraitlərinin çətin olması, onlara bu divarlardan kənardakı həyatda yaşamağa imkan vermir.
İnsan alverinin qurbanı olaraq fahişəxanaya satılan uşaqların yaşı əsasən 12-14 yaş aralığında olur. Həmin uşaqlara daha böyük görünsün, bədən ölçüləri banqladeşli kişilərin istəklərinə uyğun olsun deyə vitamin adı ilə steroid və hormonlar qəbul etdirilir. Bunun nəticəsidir ki, yetkinlik yaşına çatdığı zaman onlarda sağlamlıq problemləri yaranır. Fahişəxanaya satılan qızlar 5 il boyunca borclarını ödəməyə və oradan çıxmağa çalışsalar da, müddət bitdikdən sonra da ictimai qınaqlara görə fahişəxananı tərk edə bilmirlər.
Hazırda Banqladeşdə 14 fahişəxana leqal fəaliyyət göstərir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?