“Gündəm-xəbər”in əməkdaşı qardaş ölkədə qaynar hadisələrin içindən və Trabzondakı demokratiya növbəsi mitinqlərindən yazır
Jandarma sərhədlərdə nəzarəti gücləndirib, məmurlar xaricə buraxılmır, FƏTÖ-çular hər qarışda axtarılır; Türkiyə xalqı isə Azərbaycana və İlham Əliyevə isti mesajlar ünvanladı
Türkiyə böyük bir təhlükəni geridə qoydu. Qardaş ölkə hərbi xuntanın çevriliş cəhdinin qapısından qayıtdı. Ölkənin demokratik inkişafına böyük zərbə olacaq və azı 30 il geriyə atacaq proses vaxtında qabaqlandı.
Xalq və hakimiyyətin çiyin-çiyinə hərbi qiyama duruş gətirməsi Türkiyəni ağır bir sınaqdan keçirdi. Bu hadisələrdə Azərbaycan və dövlət başçısı İlham Əliyev anbaan Türkiyənin yanında oldu.
Türkiyə axarına qayıdır
Bakıda Fətullah Gülənin qəzeti və universiteti qapadıldı. Hərbi qiyamın təşkilində ittiham olunan Fətullah Gülən Örgütünün (FƏTO) Bakıdakı şəbəkəsi zərərsizləşdirildi.
Beləliklə, FƏTÖ qiyamı iflasa uğradı və 15 iyuldan bəri davam edən demokratiya növbəçiliyi mitinqləri Türkiyənin bütün şəhərlərini əhatə edib. İstanbulda keçirilən möhtəşəm nümayişdə isə türk xalqının birliyi və dövlətçiliyə bağlılığına damğa vuruldu.
“Gündəm-xəbər”in Türkiyəyə ezam olunmuş əməkdaşı ölkədə son vəziyyətlə bağlı reportaj hazırlayıb. Müxbirimiz Trabzon şəhərində keçirilən “demokrasi nöbeti” mitinqlərində iştirak edib.
Reportyorumuzun verdiyi məlumata görə, hər axşam Trabzonun Atatürk meydanında minlərlə vətəndaşın iştirakı ilə aksiyalar keçirilir. Bayram mitinqi formatında keçirilən tədbirlərdə say çoxluğu ilə AKP üzvləri üstünlük təşkil edir.
Hərbi çevrilişi lənətləyən aksiya iştirakçıları şüarlar səsləndirir, “Türkiyə”, “Allahu əkbər” hayqırır və izdihamla yürüş edirlər. Hər gün təşkil olunan mitinqlərə avqustun 11-dən etibarən yekun vurulub və Türkiyə əvvəlki həyatına qayıdıb. Ölkədə nisbi sakitlikdir.
Sərhəddə yoxlama, jandarma dördgözlü
Əməkdaşımızın qeydlərinə görə, Türkiyənin Gürcüstanla sərhədində nəzarət gücləndirilib: “Yollarda jandarmalar var. Onlar maşınları saxlayıb yoxlayır, mədəni şəkildə pasportlara baxır və təqdim edirlər.
Qiyama cəhddən sonra Türkiyə sərhədində böyük növbələr yaranıb. Sərhəd qapısında jandarmalar nəzarət edir. Təxminən, 6-7, bəzən 10 saata sərhədi keçmək mümkün olur. Türkiyə vətəndaşları xüsusi yoxlanır.
Pasport kontrolu məntəqəsində rəsmi şəkildə elan olunub ki, türk məmurlarının ölkədən çıxışı yalnız gömrük xidməti icazə verildiyi halda mümkündür. Bu da sərhəddə sıxlığa səbəb olan amillərdən biridir”.
Müxbirimiz qeyd edib ki, Türkiyədə minlərlə gülənçi ifşa olunub: “Onların terrorçu fəaliyyəti və ordu daxilində yerləşməsi təftiş edilməkdədir. Gülən şəbəkəsi tamamilə zərərsizləşdirilib.
Hazırda toplum bu hadisələrin arxasında Pensilvaniyanın dayandığına şüübhə etmir. Türk xalqı Amerikanın Türkiyədə generaliteti hakimiyyəti gətirmək istədiyini ehtimal edir.
Xalq isə hərbçilərin hakimiyyətə gəlməsinə qarşıdır. Tarixdə bir neçə dəfə hərbi xunta ilə üzləşmiş toplum artıq təkrar bataqlığa düşmək istəmir. Türkiyə ictimaiyyəti və AKP tərəfdarları edam hökmünün bərpasını tələb edir.
Onlar xain qiyamçıların edamı leyhinədir. Bundan başqa, yüzlərlə prokuror, hakim, dövlət məmurları saxlanıb. Bu hadisələrə görə “Hizmət” hərəkatına bağlılıqda şübhəli bilinən kim varsa saxlanıb. Həbslərin davam edəcəyi istisna deyil”.
Türkiyədən Əliyevə təşəkkür mesajı
Ancaq onu da vurğulamaq lazımdır ki, qiyam zamanı ölən əsgərlər üçün cənazə namazı qılınıb və ailələrinə təhvil verilib. Yəni , onların kimsəsizlər məzarlığında dəfn olunması haqda gəzən söz-söhbətlər həqiqətdən uzaqdır.
Müxbirimiz qeyd edib ki, Trabzondakı mitinqdə iştirak edən etirazçılardan bir neçəsi ilə söhbətləşib. Onlar Azərbaycandan olduğumuzu biləndə xüsusilə prezident İlham Əliyevin verdiyi dəstəyi vurğulayıblar.
Şener adlı AKP üzvü deyir ki, inşallah hər şey arxada qalacaq və türk xalqı demokratiyanın inkişafı üçün əl-ələ verib birgə mübarizə aparacaq: “Biz xuntanın nələr etdiyini 60-cı və 80-ci illərdə görmüşük.
Bir daha səhv etmək istəmirik. Gülən xalqı fikirləşirsə İstanbula gəlsin və cavab versin. Əsla gəlməz. Amma gətirəcəyik. O, Türkiyənin düşmənidir. Bu qanlı qırğını ancaq düşmən edə bilərdi.
Hətta Öcalan və onun rəhbərlik etdiyi terror təşkilatı PKK Türkiyəyə qarşı bu cür xainlik etməmişdi. Çünki Gülən xalqı sevmir. Onun məqsədləri var”.
Cahid adlı trabzonlu bildirir ki, Gülən məkrli planlarını ordunun əli ilə həyata keçirmək istəmişdi: “Xalqın dəstəyi ilə uğursuz alındı. Təəssüf ki, öz çirkin niyyətlərinə ordunu, mehmetciyi alət etdilər.
Lakin türk əsgəri və ordusu heç zaman xalqına qarşı ola bilməz. Bizim əsgər xain PKK-çıya qarşı döyüşür. Sadəcə, ordunun içindən çıxan bir qrup şərəfini satmışlar türk toplumuna və demokratiyasına zərbə vurmaq istədi. Allahın köməyi ilə bunu da keçdik, daha zaval yoxdur”.
Suat adlı aksiya iştirakçısı Azərbaycan prezidentinə təşəkkür eləyir: “Ərdoğan Qırğızıstana müraciət etdi, amma Gülənin məktəblərini bağlamadılar. Terrorçudan yana oldular.
Azərbaycan isə qardaş ölkə olduğunu bir daha sübut etdi. Prezident Əliyev sağ olsun ki, 15 iyul gecəsindən yanımızda oldu, dəstəyini əsirgəmədi. Qürur duyduq. Xain FETÖ cavabını aldı.
Heç bir müsəlman-türk bunu öz xalqına qarşı etməzdi ki, Gülən etdi. Onun PKK ilə eyni mövqedə dayandığını gördük. Ərdoğan da etiraf etdi ki, bu adamı tanımamışıq”.
16899 həbsdə, 9 general axtarışda
eyd edək ki, Türkiyədə hərbi çevrilişə cəhddən sonra həbs edilən və işdən çıxarılan şəxslərin sayı açıqlanıb. Daxili işlər naziri Əfqan Ala bildirib ki, FETÖ terror təşkilatına qarşı həyata keçirilən əməliyyat çərçivəsində 76 100 dövlət qulluqçusu işdən azad olunub.
Ə. Ala əlavə edib ki, 5171 nəfər tutulub, 16899 nəfər isə həbs edilib. Həbs edilənlərdən 3083-ü polis, 7248-i əsgər, 2288-i hakim və prokurordur. Daxili işlər naziri qeyd edib ki, 7173 nəfər nəzarət altında qalmaq şərti ilə, 3601 nəfər isə tam sərbəst buraxılıb.
Ə.Ala onu da qeyd edib ki, 9-u general olmaqla, 190 hərbçi və 96 polis axtarışdadır. Uşak Polis Bölməsi tərəfindən FETÖ üzvü kimi saxlanılan 22 qadından 20-si həbs olunub. Həbs olunanlar arasında Uşakda yaşayan iş adamlarının həyat yoldaşları da olub. Cinayətdə ittiham olunan 20 qadından 3-ü müəllim, 1-i həkimdir.
Onlar təşkilat üçün qurban, zəkat adı ilə toplanan çirkli pulların FETÖ-nun şirkətlərində yuyulmasında, təşkilatın keçirdiyi toplantılarda iştirak etmək, Fətullah Güləni ziyarət etmək və “abi” adlandırdıqları şəxslərə “Baylok” (“Bylock”) şifrəli proqramla xəbər ötürməkdə ittiham olunurlar.
ABŞ Güləni verəcəkmi?
İndi ən böyük sual hamını düşündürür: ABŞ Güləni verəcəkmi? Çünki Ərdoğan ABŞ-ı çətin seçim qarşısında qoydu.
Türkiyə prezidenti bildirib ki, ABŞ Ankara ilə FETÖ arasında seçim etməlidir. O, qeyd edib ki, ABŞ Türkiyə ilə müttəfiq olduğunu sübut etmək üçün FETÖ liderini Ankaraya təhvil verməlidir.
“Ya hüquqi dövlətə çevriliş hazırlayan terror təşkilatı, ya da demokratik Türkiyə. Onlar seçim etsinlər”, deyə Türkiyə prezidenti ABŞ rəhbərliyinə xəbərdarlıq edib.
Amma reallıq budur ki, yaxın zamanda ABŞ Fətullah Güləni Türkiyəyə təhvil verməyəcək. Bunun bir neçə səbəbi var. Səbəb odur ki, siyasi əqidəsinə görə hər hansı bir şəxsi ölkəsində təqib ediblərsə və o haradansa sığınacaq alıbsa, həmin şəxs ekstradisiya olunmur.
Əgər ekstradisiya olunduqdan sonra həmin şəxsin işgəncəyə məruz qalması və edam edilməsi ehtimalı varsa, onda onu tələb edən ölkəyə qaytarmırlar. Praktikada indiyə qədər belə bir şey olmayıb.
Fətullah Gülən bir neçə müddət öncə ABŞ-a gedib və heç bir ABŞ qanunlarını pozmadan yaşayır. Əgər hadisələr zamanı qaçıb gedirsə, bu başqa məsələdir. Əgər əvvəldən orada yaşayırsa, haqqında çevrilişə cəhd etməklə bağlı iddia varsa, bu bir başqa məsələdir.
Gülən edam oluna bilər
Müəyyən zaman kəsiyində Türkiyə tərəfi bütün dəlil və sübutları ABŞ-a verməlidir. Bunun üçün Türkiyənin iki naziri ABŞ-a səfər etməlidir. Orada Fətullah Gülən haqqında olan iddiaları sübuta yetirərlərsə, o halda müəyyən qərarlar qəbul oluna bilər.
Rusiy-Türkiyə münasibətlərinin yaxınlaşmasına görə demək olmaz ki, ABŞ -Türkiyə münasibətləri pisləşə bilər, əlaqələrə müəyyən təsiri ola bilər. Amma unutmaq olmaz ki, ABŞ-la Türkiyə strateji müttəfiqdir.
Eyni zamanda hər iki dövlət NATO-nun üzvüdür. Türkiyə birmənalı şəkildə özü bu qərarı verə bilməz. Proseslər bu ilin noyabr ayına kimi bu şəkildə davam edəcək. Noyabr ayında ABŞ-da kimin prezident seçilməsindən asılı olaraq ABŞ-ın xarici siyasətini kim müəyyən edəcəksə, həmin istiqamətdə də müvafiq addımlar atacaq.
Xarici siyasətdə dostluq, qardaşlıq məsələsi ikinci planda olur. Əsas məsələ ümumi maraqlardır. Bu gün Türkiyə-ABŞ arasında olan ümumi maraqlar Türkiyə-Rusiya arasında olan ümumi maraqları üstələyir.
İstər Suriya, istər Yaxın Şərq, istər hərbi, istərsə də iqtisadi məsələlər olsun ABŞ-la Türkiyənin maraqları eynidir. Türkiyə və ABŞ tərəfi noyabra qədər müxtəlif bəyanatlarla çıxış edə bilər. Qərarlar isə ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticəsindən sonra bilinəcək.
Azərbaycanda FƏTÖ-çu var?
“Fətullahçı Terror Təşkilatının (FETÖ) bağlantıları Azərbaycan Silahlı Qüvvələrində də ola bilər. Bu cür məsələlərlə bağlı Azərbaycan dövləti ciddi araşdırma aparmalıdır”.
Bu fikirləri Türkiyə Hava Təşkilatı Universitetinin rektoru, Türkiyə Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-mayoru, sabiq millət vəkili Kürşat Atılgan bildirib. General deyib ki, bir çox ölkələrin ordularında Fətullah Gülənin tərəfdarları ola bilər. Onun sözlərinə görə, Azərbaycan da bu cür təhlükələrdən sığortalanmayıb.
“Əminəm ki, Türkiyə hökuməti Azərbaycanda çalışan hərbiçilərin Fətullah Gülənlə bağlılığını araşdırıb. Əgər indiyədək Azərbaycanda çalışan Türkiyə Silahlı Qüvvələrinin hərbiçilərindən kimsə ölkəyə geri çağırılmayıbsa, deməli, burada narahatlıq yoxdur.
Amma bunu Azərbaycan Silahlı Qüvvələri üçün demək olmaz. Gərək ki, Azərbaycan tərəfi də Silahlı Qüvvələrində “FETÖ” terror təşkilatına bağlı adamların olub-olmamasını ciddi araşdırsın. Akın Öztürk Hərbi Hava Qüvvələrinin iki ordu generalından biri idi. Onun qiyamçı olacağını heç kəs düşünməzdi.
Ancaq Akın Öztürkün kürəkəni Hakan Karakuşun Fətullah Gülənə yaxın olması barəsində fikirlər hələ bir neçə il əvvəl də var idi. Deyirdilər ki, Hakan Karakuş Fətullah Gülən tərəfdarıdır və sairə. Amma heç kəs bunların bu qədər təhlükəli olduğuna inanmırdı”.
Qafqazın rektoru tutula bilər
Bu arada Qafqaz Universitetinin sabiq rektoru Əhməd Sanıcı bəzi fətullahçılar qorumaqda olsalar da, hüquq-mühafizə orqanları bu şəxsin etirafçı olmasını istəyirlər. Bu səbəbdən də, Ə.Sanıcın bir neçə dəfə dindirildiyi və ölkədən çıxışına qadağa qoyulduğu vurğulanır.
Bəzi mənbələr onun ölkədən çıxdığını desələr də, bir sıra önəmli mənbələr Sanıcın həbs olunacağını da istisna etmirlər. Eyni zamanda Gülənin fəxri sədri olduğu Gazeteciler və Yazarlar Vakfının Azərbaycan təmsilçiliyi fəaliyyətini Qafqaz Universitetinin dekanı Cəlil Ərdəmin rəhbərliyi altında davam etdirir.
Lakin Gülən ilə bağlı bir yenilik də TUSİAB-da yaşanıb. Belə ki, may ayında rəhbər dəyişikliyinə gedən və o zamana qədər Gülənin ən önəmli qalalarından hesab olunan TUSİAB-dan fətullahçıların təmizlənməsinə start verilib.
Gülənin TUSİAB imamı Yasin Goral “istefa” edərək, göndərildikdən sonra bir sıra tanınmış fətullahçılar da istefa veriblər. Onu da deyək ki, çevrilişə cəhd zamanı müvəffəqiyyətli nəticə əldə olunsaydı TSK-dan xaric edilən keçmiş hava qüvvələri Komandiri Akın Öztürk yeni prezident olacaqdı.
Davudoğlu həbs ediləcəkmiş
Bundan əlavə, 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı aparılan istintaq çərçivəsində mayor Özkan Özgənc ifadə verib. Mayor çevrilişə cəhddə əsas rol oynamış general Məhməd Nail Yigitin sabiq baş nazir Əhməd Davudoğlu və baş nazirin müavini Numan Qurtulmuşun da aralarında olduğu siyasətçilərin həbsi barədə qərar verdiyini açıqlayıb:
“15 iyul saat 18:00-da general Məhməd Nail Yigit toplantı keçirdi. O, “bu gecə fövqəladə vəziyyət elan olunacaq. Baş Qərargahdan əmr gələcək, Silahlı Qüvvələr 03:00-da hakimiyyəti ələ keçirəcək. Bunu heç kimə deməyin”, - dedi.
Biz öncə İŞİD-in hücum edəcəyini zənn etmişdik. Daha sonra Məhməd Yigit mənə bir kağız parçası verdi. Kağızda adlar və ünvanlar yazılmışdı. “Bu şəxsləri həbs edəcəksən”, - dedi.
Siyahıda Əhməd Davudoğlunun, Numan Qurtulmuşun, Məhmət Müəzzinoğlunun adını gördüm. Özümü itirmişdim, ona heç nə deyə bilmədim.
Ancaq bu əmri yerinə yetirməməyə qərar verdim. Məndən şübhələnməsin deyə, 3 hərbi maşınla qərargahdan çıxıb 25 dəqiqə sonra geri qayıtdım. Bu zaman baş nazir televiziyada çıxış edirdi. Mən də generalın yanına gedərək kağız parçasını ona verdim, əmri yerinə yetirməyəcəyimi dedim”.
Bakıdan 100 min dollarlıq yardım
Beləliklə, istintaq verilən ifadələr də təsdiqləyir - Türkiyədə hərbi qiyam hazırlayan bəzi generalların Güləndən təlimat aldığına şübhə yeri qalmır. Amma qardaş ölkə bu snaqdan da alnıaçıq, başıuca çıxdı.
Xalq seçki yolu ilə qalib gələn hakimiyyətinə dəstək verdi və Misirdə olduğu kimi Sisinin Türkiyədə rəhbərliyi ələ almasına imkan vermədi. Bu olaylarda Azərbaycanın da qəlbi hər saniyə qardaş ölkə ilə döyünürdü.
İstər ölkə rəhbərliyi, dövlət rəsmiləri, istərsə partiyalar, ayrı-ayrı ictimai fəallar Türkiyə xalqının yanında oldu. Bunun bariz nümunəsidir ki, İstanbul mitinqində Ərdoğan Azərbaycan bayrağının dalğalanmasına icazə vermişdi.
Həmçinin, Azərbaycan Türkiyədə dövlət çevrilişi cəhdi zamanı yaralananların müalicəsi üçün 100 min dollar məbləğində yardım edib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Qəhrəmanla görüşdə simvolik çeki ona təqdim edib.
Müasir tarixin fenomeni - Ərdoğan
Azərbaycanın Türkiyəyə dəstəyini bir daha ifadə edən QMİ sədri bildirib ki, Azərbaycan xalqı qardaş Türkiyə xalqının acısını paylaşır.
O, Azərbaycanın hər zaman Türkiyə xalqının yanında olduğunu deyib. İ.Qəhrəman göstərdiyi diqqət və qayğıya görə, Azərbaycan rəhbərliyinə və xalqına dərin təşəkkürünü bildirib.
Bu proseslərdə xalqın yanında olan Ərdoğanı müstəsna qeyd etmək lazımdır. AKP lideri, prezident Rəcəb Tayyib fədakarlıq nümayiş etdirdi. Bu baxımdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hərbi çevrilişə cəhddən sonra dəstək verənlərin sayı rekord həddə çatıb.
ORC-nin araşdırması Ərdoğana ictimaiyyət arasında dəstək verənlərin sayının rekord həddə çatmasını aydınlaşdırıb. 8-9 avqustda 32 rayonda aparılan sorğuya görə, bu gün seçkilər keçirilərsə, Ərdoğana ölkə əhalisinin 66 faizi səs verəcək. Digər namizədə səs verərəm deyənlər 22,7 faiz, bitərəf qalanlar isə 11,7 faiz təşkil edib.
Bu isə o deməkdir, hazırkı siyasət Ərdoğanın növbəti seçkilərdə rahatlıqla qalib gələcəyinə əminlik yaradır. Eyni zamanda əməkdaşımız onu da qeyd edir ki, Türkiyə toplumu hələ ki AKP ilə yola davam etməyə üstünlük verir.
Çünki xalq Ərdoğandan ayrı indiki məqamda real namizəd və qətiyyətli lider görmür. Bu mənada Türkiyə müxalifəti də iqtidarla həmrəydir. Müxalifət dövlətin və demokratiyanın dayaqlarını qorumaq naminə iqtidara dost əli uzadır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?