Oyunçuların mövqelərinin üst-üstə düşməməsi və regional güclərin geostrateji maraqları kimi amillərin birləşməsi Dağlıq Qarabağ münaqişəsini həlledilməz edir Dağlıq Qarabağ münaqişəsinin həll olmasına nə mane olur? Sürixdə yerləşən İsveçrə Federal Texnologiya İnstitutunun Təhlükəsizlik və Beynəlxalq Əlaqələr Şəbəkəsinin hazırladığı analitik hesabatın bəzi hissələrini təqdim edirik. Dağlıq Qarabağ münaqişəsinin mürəkkəbliyi regiondakı əsas oyunçuların güc siyasətinin xarakteri üzündən dərinləşir. Xarici oyuncular 3 qrupa bölünə bilər: 1. Yaxşı imkanı olan, ancaq dəyişikliyi arzulamayanlar (Rusiya, ABŞ) 2. Dəyişikliklər etməyə hazır olan, ancaq yaxşı mövqeyə malik olmadığı üçün bunu edə bilməyənlər (Türkiyə, İran) 3. Qarabağ münaqişəsinin həlli prosesinə tövhə vermək iqtidarında olmayanlar, meyilli olmayanlar (Avropa Birliyi, Gürcüstan). Rusiya öz nüfuzundan münaqişənin əvvəlində istifadə edib və ATƏT-in Minsk qrupu çərçivəsində həmsədrlik prosesini inhisara alıb. Rusiyanın həmsədr kimi mövqeyi birbaşa münaqişəyə bağlılığı ( Ermənistanın təhlükəsiziliyini təmin edən, həm də aparıcı vasitəçi kimi) üzündən birmənalı sayıla bilməz. Ermənistanla sıx əməkdaşlıq Rusiyaya Türkiyə və İranla müqayisədə Cənubi Qafqazda stateji və iqtisadi dayaqlar verir. Öz güclü hərbi mövcudluğundan əlavə, Rusiya eləcə də Ermənistanın əsas infrastrukturunda fəal sərmayəçilərdəndir. Xüsusilə energetika, metallurgiya, telekommunikasiya və bank sektorunda. “Status-kvo”da istənilən dəyişiklik Rusiyanın təhlükəsizliyi və regiondakı starateji energi maraqları üçün üçün əlverişsizdir. Qarabağ münaqişəsinin həlli Rusiyanın regiondakı mövqeyini zəiflədəcək və Ermənistanın Azərbaycanla əməkdaşlıq etməsi üçün alternativ imkan yaradacaq. Bu yolla da Rusiyanın müəyyən sahədə, xüsusilə qaz nəqlində monopoliyasını dağıdacaq. ABŞ münaqişəyə ATƏT-in Minsk qrupunun həmsədri kimi cəlb edilib. Ancaq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün Rusiyadan fərqli olaraq çox məhdud nüfuza və maraqlara sahibdir. Azərbaycanla böyüyən iqtisadi əməkdaşlığa, habelə Ermənistanla yaxşı əlaqələrə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi ABŞ-ın ikinci dərəcəli maraqları siyahısındadır. Sovet İttifaqının dağılmasından sonra Türkiyə Qafqazda öz nüfuz dairəsini genişləndirir. O, Azərbaycan və Gürcüstanla iqtisadi əməkdaşlıq və təhlükəsizlik sahəsində tərəfdaşlıq qurub. Ermənistanla isə Qarabağ münaqişəsinə cavab olaraq 1993-cü ildən sərhədlərini bağlayıb. Türkiyənin "erməni soyqırımı" məsələsi və Qarabağ münaqişəsi üzündən Ermənistanla tikanlı münasibəti Türkiyənin Cənubi Qafqazda dominant qüvvəyə çevrilməsi yolundakı maneədir. Buna görə, Türkiyə Minsk qrupu çərçivəsində həmsədr roluna israr edir. Onun hegemonluq cəhdlərini, Ermənistanla problemli münasibətlərini və Azərbaycanla sıx iqtisadi və hərbi əməkdaşlığını, münaqişə konteksində Azərbaycanın siyasətinə meyilli olmasını nəzərə alaraq Türkiyənin həmsədr kimi yaxşı mövqeyi olmadığını demək olar. İranın Ermənistanla get-gedə möhkəmlənən iqtisadi əlaqələrinə və əvvəllər vasitəçilik etmək cəhdlərinə baxmayaraq, bu ölkənin adıçəkilən münaqişə ilə bağlı nisbətən passiv mövqeyi olub. Tehran dəfələrlə münaqişənin həlli prosesində vasitəçi olmağa hazır olduğunu ifadə etsə də, bu, nəticəsiz qalıb. Onun Azərbaycan və ABŞ-la gərgin münasibəti, eyni zamanda Rusiyanın nüfuzu dairəsinə ehtiyatlı yanaşması İranın Dağlıq Qarabağ münaqişəsində vasitəşilik perspektivlərini məhdudlaşdırır. Avropa Birliyinin əvvəlki kimi münaqişənin nizamlanması istiqamətindəki cəhdləri marginal xarakter daşıyır. Avropa qonşuluq siyasəti fəaliyyət planına baxmayaraq, AB regiondakı sülh prosesdə yenə də passiv və fəaliyyətsizdir. Gürcüstana gəldikdə isə, bu ölkə bilavasitə qonşu kimi münaqişənin həllinə kömək edə bilməz və bunu istəmir. Gürcüstan-Azərbaycan iqtisadi tərəfdaşlığı hər iki ölkənin öz ərazi bütövlüyü ilə bağlı narahatlığı və Rusiyanın Cənubi Qafqazdakı dominantlıq təhlükəsi üzündən möhkəmlənir. Ermənistanın regional layihələrdən kənarda qalması nəticəsində Gürcüstan nəinki enerji layihələrdən faydalanır, eləcə də özünü bir çox beynəlxalq təşəbbüslər üçün regional mərkəz kimi səciyyələndirir. Xarici oyunçular könülsüz, qabiliyyətsiz olsalar da, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı geosiyası kontekstə təsir etməkdə davam edir. Problemin mürəkkəbliyi, bu məsələdə oyunçuların mövqelərinin üst-üstə düşməməsi və regional güclərin geostrateji maraqları kimi amillərin birləşməsi Dağlıq Qarabağ münaqişəsini həlledilməz edir. “Siyasət şöbəsi”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?