Çeçenistandakı Rusiya Milli Qvardiyasının hərbi bazasına hücumda iştirak edən şəxslərin qohumları həbs edilməyə başlanıb.
"Novaya qazeta" xəbər verir ki, həbslər təkcə insidentin baş verdiyi Naur vilayətində yox, Çernokozova və Qroznıda da olub. Lakin hökumətyönlü qəzetlər öz etibarlı mənbələrinə istinadən yayılan məlumatları təkzib ediblər.
"Novaya qazeta" həmçinin hücumla bağlı bir sıra məqamlara da aydınlıq gətirib. Qəzet hücumun həqiqətən təhlükəli olması və bunun nəticəsində 6 hərbçinin ölməsinin böyük şübhə yaratdığını bildirib. Belə ki, hadisə yerində öldürülən çeçenlərin fotolarını əldə edən qəzet onların yalnız başlarına vurulan bir güllə ilə qətlə yetirildiyini bildirib. Fotoları məhkəmə tibbi ekspertlərinə, kriminalistlərə göstərən qəzet öz iddiasını təsdiqlədə bilib. Qəzet hücum edən çeçenlərin "Çin atəşi" ilə (qurbanın diz üstə oturduqdan sonra cəlladın başa atəş açması - red.) qətlə yetirildiyini vurğulayıb. Üstəlik qətlə yetirilən çeçenlərin bədənlərində bir dənə də olsun güllə yarası aşkar edilməyib.
"Digər maraqlı məqam isə hücum edən çeçenlərin odlu silahlara sahib olmamasıdır. Belə ki, bu şəxslər yalnız bıçaqlarla silahlanıb. Bunu hətta Milli Qvardiyanın rəsmi sənədləri də sübut edir. O zaman ortaya sual çıxır: bəs hərbçiləri kim yaralayıb?"
Qeyd edək ki, martın 24-də Çeçenistanda Rusiyanın Milli Qvardiyasının bazasına hücum olub. Hücum zamanı Rusiya Milli Qvardiyasının 6 əsgəri həlak olub, 3 nəfər yaralanıb. Döyüş zamanı 6 "terrorçu" zərərsizləşdirilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?