Gürcüstan prezidenti Mixail Saakaşvili bəyan edib ki, “Vahid Milli Hərəkat” Partiyasının baş katibi Vano Merabişvilinin həbsi ölkənin beynəlxalq təcridinə gətirib çıxara bilər. Bunu Gürcüstan prezidenti Mixail Saakaşvili bu gün prezident sarayında keçirdiyi mətbuat konfransında bəyan edib.
Mixail Saakaşvili qeyd edib ki, Merabişvilinin həbsxanada qalması uzansa, Gürcüstan ciddi problemlərlə üzləşəcək. Mixail Saakaşvili 2004-cü ildə prezident seçilərkən, 3-4 ay ərzində, ABŞ və Rusiya daxil olmaqla, çox sayda ölkəyə səfər etdiyini xatırladıb. “Baş nazir İvanişvili isə yalnız bir neçə qonşularla görüşüb və ən vacibi, Bakı-Tbilisi-Qars dəmir yol layihəsini dayandıraraq, Azərbaycanla da münasibətləri gərginləşdirib. Bundan başqa, Türkiyə ilə bir neçə müştərək layihəni donduraraq, ciddi problemlər yaradıb”, deyə Gürcüstan prezidenti əlavə edib Qeyd edək ki, Gürcüstanın keçmiş baş naziri və keçmiş daxili işlər naziri, hazırda ölkənin əsas müxalifət qüvvəsi - “Vahid Milli Hərəkat” Partiyasının baş katibi olan Vano Merabişvili həbs edilib. V. Merabişvili bu gün Kutaisi şəhərindəki Qərbi Gürcüstan Dairə Prokurorluğunda dindirildikdən sonra saxlanılıb. Sabiq baş nazir məşğulluq üzrə dövlət proqramının həyata keçirilməsi zamanı qanunsuzluqlara yol verilməsi, 2011-ci il mayın 26-da müxalifətin Tiflisdə keçirdiyi kütləvi etiraz aksiyasının dağıdılması və 2006-cı il yanvarın 28-də bank işçisi Sandro Qirqvilianinin qətlə yetirilməsində ittiham edilir.
V. Merabişvil ilə birlikdə Kaxeti bölgəsinin qubernatoru Zurab Çiaberaşvili də saxlanılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?