Tehranda parlament və İran İslam Respublikasının qurucusu Ayətullah Xomeyninin məqbərəsinə edilən hücumlar nəticəsində ölənlərin sayı 16-a çatıb. Rəsmi Fars agentliyinin məlumatına görə ölənlərdən 13 nəfərin şəxsiyyəti bilinir və hazırda digər 3 nəfərin şəxsiyyətinin müəyyənləşməsi üçün tədbirlər aparılır. İran bildirib ki, iyunun 7-də intiharçı hücumları ölkə daxilində özünü İslam Dövləti (İD) adlandıran qruplaşmaya qoşulanlar törədib. Bütün hücum edənlər öldürülüb. Üçüncü hücumu keçirməyi planlaşdıran beş nəfər isə həbs edilib, rəsmilər bildirib.
İran İnqilab Qvardiyası hadisələrə görə Səudiyyə Ərəbistanı və ABŞ-ı ittiham edib. Bu hücumlar Yaxın Şərqdə Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinin İranla sıx əlaqələri olan Qətəri terrorçuluğa dəstək verməkdə ittiham edərək, onunla əlaqələri kəsməsi ilə yaranmış yüksək gərginlik fonunda baş verib.
Sünnilərin idarə etdiyi Səudiyyə Ərəbistanı və Şiələrin üstünlük təşkil etdiyi İran regional rəqiblərdir. İranın Ali Milli Təhlükəsizlik Şurasının rəis müavini Rza Seyfollahi dövlət televiziyasına bildirib ki, hücumçular "İranın daxilində bir sıra regionlardan İŞİD-ə (İD-ə)qoşulub". Hadisələrə görə məsuliyyəti İD üzərinə götürüb.
İran İnqilab Qvardiyası qan tökülməsinə görə qisas vəd edib, həmçinin hadisələrin prezident Donald Trump-ın regiona son səfərinin ardınca baş verməsi səbəbilə ABŞ və Səudiyyə Ərəbistanı Krallığına işarə edib: "Bu terror aktı, Birləşmiş Ştatların prezidentinin regionun irticaçı hökumətlərinin (Səudiyyə Ərəbistanı) birinin lideri ilə görüşündən bir həftə sonra baş verir...bu göstərir ki, onlar bu vəhşi akta cəlb olunub", bəyanatda bildirilib. ABŞ və Səudiyyə Ərəbistanı hücumları pisləyib.
Sorğu
Yeni dizaynımız necədir?