Mərkəzi Portuqaliyada baş vermiş faciəvi meşə yanğınında 4 uşaq daxil olmaqla ən azı 62 nəfər həyatını itirib, rəsmilər deyib.
Ölənlərin çoxu Coimbra şəhərindən 50 kilometr cənub-şərqdə yerləşən Pedrógão Grande ərazisindən avtomobillə çıxmağa cəhd edərkən həlak olublar, hökumət bildirib. 50-dən artıq xəsarət alanlar arasında 8 yanğınsöndürən də var. "Təəssüf ki, meşə yanğınlarına gəldikdə bu bizim son illərdə üzləşdiyimiz ən böyük faciədir", deyib Baş nazir Antonio Costa. Ölənlərin sayı arta bilər, o, əlavə edib.
Daxili işlər naziri Jorge Gomes həlak olanların 30-nun maşınlarının içində və 17 nəfərin avtomobillərinin yanında aşkar edildiyini deyib. Portuqaliya mediası təxminən 600 yanğınsöndürənin səylərinə baxmayaraq yanğının hələ ki, idarəolunmayan şəkildə yayıldığını bildirib. Correio do Manhã qəzeti xəsarət alanların arasında yanğına yaxınlıqda təkbaşına gəzən 8 yaşlı qızın da olduğunu yazıb. Milli televizia kanalı RTP 6 yanğınsöndürənin ağır xəsarət aldığını və 2 yanğınsöndürənin itkin düşdüyünü bəyan edib. Correio do Manhã qəzeti həmçinin bildirib ki, yanğının olduğu bir çox rayona xilasedicilərin çatmadığına görə ölənlərin sayının artmasına böyük ehtimal var.
17-18 iyun gecəsi ölkədə təxminən 60 meşə yanğını başlayıb. Hazırda ölkə daxilində 1700 yanğınsöndürən 156 yanğınla mübarizə aparır. İspaniya ölkəyə 2 suatan təyyarə göndərib və Avropa İttifaqı (Aİ) beynəlxalq yanğınsöndürmə və yardım səylərini idarə edir. Yanğınının səbəbi hələ ki, bilinmir. Lakin cənab Costa mümkün olan səbəblərdən birinin şimşək çaxması olduğunu deyib.
Portuqaliyada isti havalar şəraiti çətinləşdirib. Bəzi yerlərdə temperatur 40 dərəcədən yüksəyə qalxıb. "Bu ərazidə meşələr olduğu üçün yanğınlar da olur. Lakin biz bu qədər ağır faciə heç vaxt görməmişik", AP xəbər agentliyi Pedrógão Grande-nin meri Valdeam Alves-ə istinadən deyib. "Ölümlərin sayı məni tamamilə sarsıdıb."
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?