Türkiyənin Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-mayoru, sabiq millət vəkili, Aviasiya Universitetinin rektoru Kürşat Atılqan cəbhədəki son vəziyyət və ötən gün Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində mülki şəxslərin öldürülməsi və yaranlanması məsələsinə münasibət bildirib. Açıqlamasında deyib ki, Azərbaycan vətəndaşı olan 2 yaşlı körpə uşağın və yaşlı qadının dünyanın gözü qarşısında erməni hərbçiləri tərəfindən öldürülməsi bütün bəşəriyyətə qarşı cinayətdir:
“İki yaşlı körpənin öldürülməsi insanlığa qarşı cinayətdir, insanlıq eybidir. Bütün dünya cəmiyyətləri ermənilərin bu cinayət əməlinə açıq şəkildə etiraz etməlidir. Çox təəssüf ki, dünya ictimaiyyəti Qarabağ problemini illərdir görməməzlikdən gəlir. Nədənsə, Avropa və Qərb təşkilatları türklərə qarşı ikilistandartlar nümayiş etdirir, ölən türk insanı olduqda, özünü görməməzliyə vurur”.
Türkiyəli general qeyd edib ki, Qarabağ probleminin yeganə həlli yolu Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsidir:
“Bunun üçün də Azərbaycan Silahlı Qüvvələri daha da güclənməli, işğalçı Ermənistanı daim qorxu içərisində saxlamalıdır. Sevindirici hal odur ki, Azərbaycan Silahlı Qüvvələri ötən 20 ildə regionun lider ordusuna çevrilib. Azərbaycanın təkcə müdafiə büdcəsi Ermənistanın ümumi dövlət büdcəsindən artıqdır. Təbii ki, bütün bunlardan Ermənistan narahatlıq keçirir. Ona görə də Ermənistan nə qədər ki, gec deyil, sülh yolunu özü seçməlidir. Əks halda Ermənistan ordusu Azərbaycan ordusu qarşısında bir həftə tab gətirə bilməyəcək”.
Keçmiş millət vəkili vurğulayıb ki, beynəlxalq hüququn tələbləri də Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini göstərir:
“Buna görə də bütün beynəlxalq təşkilatlar Ermənistanı BMT-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi qətnamələrin tələblərinə əməl etməyə çağırmalıdır”.
K.Atılqan bildirib ki, Qarabağ məsələsi təkcə Azərbaycanın deyil, bütün türk millətinin ağrılı problemidir:
“Türkiyə olaraq biz hər zaman Azərbaycanın yanındayıq. İnanıram ki, bu problemi Azərbaycan bütün türk dünyasının dəstəyi ilə həll edəcək”.
K.Atılqan Minsk qrupunun səmərəsiz fəaliyyətindən də şikayətlənib:
“Bu problemin sülh yolu ilə həlli üçün yaradılan ATƏT-in Minsk qrupu çox təəssüf ki, indiyədək heç bir səmərəli iş görməyib. Bunun nəticəsində işğalçı Ermənistan özünü daha da qeyri-konstruktiv aparmağa başlayıb. Hazırda da ermənilər Qarabağın işğalını davam etdirir”.
Türkiyəli general bir daha bəyan edib ki, Cənubi Qafqazda daimi sülhün və təhlükəsizliyin olması üçün Qarabağ problemi mütləq ədalətli həllini tapmalıdır:
“Münaqişənin ədalətli həlli yolu da ermənilərin işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkilməsi və azərbaycanlıların öz doğma yurd-yuvalarına geri qayıtmasıdır. Ümumiyyətlə, Ermənistanın Türkiyə və Azərbaycanla əlaqə qurmasının yeganə yolu işğal etdiyi torpaqlardan çıxmasıdır. Əks halda heç bir münasibətlərin qurulmasından söhbət gedə bilməz”.
Sorğu
Yeni dizaynımız necədir?