KXCP sədri Mirmahmud Mirəlioğlu Moderator.az-a açıqlamasında Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu genişləndirməsi və bunun türk dünyası üçün mümkün nəticələrini şərh edib: “Rusiya hər zaman insanlıq və bəşəriyyət üçün ciddi təhlükə mənbəyi olub və bu gün də olmaqdadır. Rusiyanın Ermənistandakı hərbi bazasını gücləndirməsi, orada yeni raket və aviasiya növləri yerləşdirməsi bizim üçün yeni hadisə deyil. Kreml hər zaman Ermənistanda öz hərbi mövcudluğunu qoruyub saxlamaq və genişləndirmək istiqamətində addımlar atıb və bu gün atmaqdadır. Ermənistanda yerləşən rus bazaları nə Türkiyə, nə də Azərbaycana qarşı yönəlməyib. Bu qüvvələr bütün türk dünyası və insanlığa qarşı yönəlib. Rusiya 28 may və 18 oktyabr tarixində öz hərbi gəmilərini “Azneft” meydanına qədər gətirib çıxartdı. Rus gəmisindəki toplar Bakıya tuşlanmışdı. Sanki yenidən 27 aprel işğalı, 20 yanvar faciəsi gəlir. Bizim bəzi sadəlövh şəxslər isə bunu az qala bayram kimi, iftixar hissi ilə qeyd etdi. Bəziləri bildirdi ki, gəmi kapitanı Azərbaycan kökənlidir və s. Rusiyanın müstəqillik günündə Bakını hərbi gəmilərlə “yad etməsi” Rusiyanın – çar, bolşevik, sovet, müstəqil Rusiyasının təfəkkür tərzindən, xislət və dərrakəsindən xəbər verir. Bütün bunlar onu göstərir ki, Rusiya dünən də, bu gün də eyni Rusiyadır və əsla dəyişməyib”.
Sorğu
Yeni dizaynımız necədir?