“Biz FSB-yə işləmirik, sadəcə, fsb kimi işləyirik”
Son zamanlar dünyaya sanki təzə yadplanetli tayfası gəlib. Özünü “pranker” adlandıran bu “yadplanetlilər” geyim, mətbəx, dil, əxlaq baxımından bizdən bir o qədər də seçilmirlər. Güclü, geniş diapazonlu səs imkanlarına malikdirlər. Misal üçün, Putinin səsi ilə müğənni Elton Cona zəng vurub aləmi qata bilərlər bir-birinə. Prankerlərin çoxsaylı qurbanları siyahısına hətta Türkiyə prezidenti Ərdoğan da daxildi. 2016-cı ilin fevralında tanınmış Rusiya prankerləri Vovan və Leksus, qərara gəlirlər Rəcəb Tayyub Ərdoğana zəng vurub onu bir dişlərinə vursunlar. Rəsmi Ankara, düzdü, indi iddia edir ki, belə zənglər olmayıb. Ancaq prankerlər əksini söyləyirlər.
*** 2012-ci ildə Rusiyanı siyasi etiraz dalğaları bürüdüyü zaman rəsmi Kreml başlayır əks zərbələr barədə düşünməyə. Ən yeni kreativ media silahlarını, o cümlədən “prank” mühəndislərini öz təbliğat arabasına qoşmağa qərar verir. Sonrakı Ukrayna cəhənnəmi, Krım böhranı, xarici iqtisadi sanksiyalar qarşısında tam tənha qalan rəsmi Kreml əvvəlcə özünü itirir. Sonra qərar verir bu səlib yürüşlərinə qarşı ən müasir üsullarla- haker həmlələri, prank zəngləri ilə cavab versin. Prankerlər dəlləkliyi ilk dəfə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurovun başında öyrənirlər.
Dmitriy Medvedyevin köməkçisi Arkadiy Dvorkoviçin adından sonuncuya zəng edirlər:
- Siz istefaya getməlisiz. Bu şahmat oyununda, növbəti prezident seçkiləri ərəfəsində fiqurlarımızdan birini qurban verməyə hazırıq.
Vladimir Çurov laldinməz qalır əvvəlcə. Sonra cürətlənib pıçıldayır.
- Prezident Medvedyevlə gərək bir məsləhətləşim. Sonra baş nazir Putinlə. Qərar verilsin, istefaya hazıram. Detalları xırdalamaq istəməzdim.
***
Düzü, şəxsən mən prankerləri göy deyil, yer mənşəli hesab edirəm. Uşaq deyiləm bu cür söhbətlərdə. Bu telefon xuliqanlarının hansı məxfi qurumlar tərəfindən idarə olunduğuna yaxşı bələdəm. Ərdoğana, yadda saxlayın, Ukrayna prezidenti Petr Poraşenko adından zəng etmək sadə məsələ deyil. Belə zəngləri, xüsusi xidmət qurumu zabitləri həyata keçirir adətən. Ən son anda telefon dəstəyini ötürürlər Vovan (Vladimir Kuznesov), Leksus ( Aleksey Stoyanov) kimi prankerlərə. YouTube-da yerləşdirildiyi elə birinci gündə 200 min dinləyici toplamış bu qalmaqallı telefon zəngi təxminən aşağıdakı məzmundaydı:
- Cənab Ərdoğan, Rusiyaya qarşı hərəkətlərimizi bir nöqtədən planlamaq təşəbbüsümüzə dəstək verərdinizmi?
- Əlbəttə, cənab Poroşenko. Buna dərin ehtiyac yaranıb. Zərrə qədər şübhəm qalmayıb bu mövzuda. Bütün gələcək addımlarımızı bir mərkəzdən idarə etməliyik. - Biz istərdik ki, rəsmi Ankara öz dənizkənarı kurortlarında Ukrayna turistlərinə, habelə bizim məmurlara əlavə güzəştli endirimlər etsinlər.
- Bizim turizm bakanına xahişinizi çatdıraram. Biz tərəfdən buna əngəl olmayacaq. Çox vacib, gərəkli, vaxtında səslənmiş təklifdi.
- Siz Putindən vurulmuş təyyarəyə görə üzr istəyəcəksizmi, cənab prezident?
- Əsla yox. Bunu ağlınıza belə gətirməyin.
*** Rusiya prankerlərinin Türkiyə prezidenti ilə bu yalançı söhbəti sosial şəbəkələrdə əsl fırtına törədir. İzləyicilərin sayı milyonları aşanda, hə, işə Türkiyə rəsmiləri qarışıb belə söhbətdən xəbərsiz olduqlarını bildirirlər. Digər jurnalistlər isə bu ittihamlarla da kifayətlənməyirlər. Vovanı, Leksusu Rusiya məxfi qurumları ilə əlaqələrdə ittiham edirlər. Prankerlərin ittihamlara cavabı qısa olur: “Biz FSB-yə işləmirik. Sadəcə, FSB kimi işləyirik”.
Prank-jurnalistikanın sonsuz imkanları, parlaq gələcəyi çox cəlbedici görünür media maqnatlarına. NTV teklekanalı qərara gəlir bu mövzunu canlı yayımda efirə çıxartsın. Vovan ilə Leksusun aparıcılığı altında “Zəng” adlı telelayihə tezliklə NTV dalğalarında parıldayıb elə birinci gün bütün reytinq cədvəllərini qatır bir-birinə. Yaxşı, gəlin görək kimdi bu Leksus ilə Vovan həzrətləri.
Telefon yarandığı günün sabahısı telefon xuliqanları yaranıb dünyada. Ancaq indi “telefon xuliqanları” ifadəsi artıq keçmişdə qaldı. İndi bu xuliqanlar öz cinayətkar keçmişlərindən sürətlə aralanıb yeni “pranker” adıyla dünya səhnəsinə çıxırlar. Tanış olun. Belələrindən ikisi - Vovan ilə Leksus, siam əkizləri kimi daim birlikdədirlər. VOVAN - əsl adı Vladimir Kuznesov. 1986-cı ildə Krasnodar ətrafında dünyaya göz açıb. Hüquq fakültəsi məzunudur. 2011-ci ildə Moskva tabloidlərindən biri, bu xalq istedadını əyalət bataqlığından dartıb çıxararaq onu paytaxta dəvət edib. LEKSUS. Əsl adı Aleksey Stolyarov. 1987-ci ildə Yekaterinburqda doğulub. Həm iqtisadiyyatçıdı, həm də hüquqşünas. Deyilənlərə görə, bu siam ekizləri, ikibaşlı Rusiya qartalını xatırladır. Başın biri-Vovan, Rusiya hərbi kəşfiyyatı QRU-ya işləyir, Leksus isə FSB-yə. Lakin bu idarəetmə mexanizmi tam anonimdi. Vovan ilə Leksus öz əsl sifarişçiləri ilə birbaşa əlaqədə deyillər. Üzünü bir dəfə belə görməyiblər bu daydaylarının.
Dolayı yollarla daim Kreml rəhbərliyi ilə sıx təmasdadırlar. Prankerləri bu yola ilk dəfə Vladislav Surkov dəvət edib - Vladimir Putinin sabiq köməkçisi. Mediaya verdiyi açıqlamalarında Leksus bunu belə izah edir: “Mətbəx masam üzərindən iki portret üzümə baxır həmişə. Biri, Surkovun portretidi, digər Vladimir Putinin. Yeməkdən öncə həmişə bu simalara baxıb ilhamlanıram”.
***
Sabiq Ukrayna prezidenti Yanukoviçin səsini iki dəfə yamsılayıb bu siam əkizləri. Bu ikibaşlı rus qartalı. O vaxt Ukraynanın baş yol inspektoru, qudurğanlığa bir bax, qızıl vizit kartları paylayırmış öz dost-aşnalarına. Prankerlər ikiəlli yapışırlar bu qələtdən. Yanukoviçin saxta dilindən mövzunu gündəmə gətirirlər.
Sonra növbə gəlir çatır Yanukoviçin gül balasına. Vovan ilə Leksus, necə deyərlər, “mırta” Belarus prezidenti Lukaşenkoya zəng vururlar. Xahiş edirlər prezident Yanukoviçin oğluna qısa zamanda siyasi sığınacaq haqqı versin. Lukaşenko uzun pauza verir bu xahişdən sonra. Nəhayət köksünü ötürərək təkliflə razılaşır.
Bu siam qardaşları bir dəfə hətta Roma papasının özünə zəng vurmağa hazırlaşırmışlar. Ancaq son anda...
Ardını daha yazmırıq. Ardını özünüz düşünün, vallah.
Lakin Allah şahiddi ki, bir dəfə Vovan şəxsən özü Rusiya patriarxı Kirilə zəng vurmaq istəyib. Sualı məzəliymiş - “Niyə sizin məbəddə avtoyuyucu fəaliyyət göstərir?” Lakin ilk saniyələr hələ bitməmiş xətdə bir başqa səs peyda olub girir araya. İki dəqiqə sonra Vovanın qaldığı məxfi mənzilin qapısı az qalır öz çərçivəsindən çıxsın.
Prankerlər, əslinə qalsa, qansız terrorçudurlar
Ancaq bu cinayətkar cütlüyün Aleksey Navalnını barmağa dolamaq cəhdləri dəfələrlə təkrarlansa belə, alınmır ki, alınmır. Niyə? Hansı səbəbə? Bilinmir. Cütlük bunu belə izah edir: “Navalnı, bir zərbəyə sınan qozlardan deyil”. Ancaq bu “bir zərbəyə sınan qoz” süyahısında Ukrayna oliqarxı, qubernator Kolomoyski birinci yerdədir. Rusiya prankerləri bu çürük qozu parçalamaqdan ötrü telefondan deyil... yox... skaypdan istifadə edirlər. Donbas separatisti, xarizmatik Pavel Qubarev kimi qrimlənib gəlib otururlar öz bilgisayarları qarşısında. Kolomoyskini öz sinfi düşməniylə üzbəüz əyləşdirib başlayırlar hoqqabazlığa. Deyirlər guya ixtiyarlarında Oleq Lyaşkoya aid kompromat mövcuddur. Oliqarxı bir bu zibilə salır, bir də içkiyə aludəlik. O, saxta Qubarev ilə skaypda 1, 5 litr viski içə-içə reallıq hisslərini itirir yavaş-yavaş. Qarşısındakı naməlum şəxsin Qubarev olduğuna inanır.
Sonralar Vovan, bu oliqarxın psixoloji portretini bax bu cür cızacaq: “O, qocaman təqaüdçü alkaşdı. O bizə deyil... skaypa, telefonlara çox inanır əslində. Qərara gəldik onu skayp vasitəsi ilə ovlayaq. Pranker əslinə qalsa qansız terrorçudur. Ən hazırcavab, ən ehtiyatlı şəxsləri belə qarmağa taxmağın öz üsulları var. Peşəkarıq. İşımızı görüb Kolomayskinin dilindən xeyli qiymətli məlumat topladıq”.
*** Krım böhranı zamanı rəsmi Kreml, özünün bax bu tam yeni, kreativ “prank” silahından xirtdəyədək istifadə edir. Ukrayna Daxili İşlər Naziri Arsen Avakovun telefonundan, misal üçün, Krım tatar məclisinə zəng vuran pranklar bəzi çox məxfi sirlərin izinə düşürlər. Bəlli olur-Krıma Ukraynadan gedən yüksək gərginlik xətlərini Xerson ərazisində partladan şəxs Ənvər Kutiya adlı bir tatar balasıdı. Söhbət, başqa sirlərin üzərindən də qalın örtüyü götürür. Bəlli olur ki, Latviya hökuməti Krım böhranında fəal iştirakçıdır. Gündə 2-3 min dollar pul xərcləyir Krımdakı etiraz nümayişlərinə...
***
Ukrayna baş naziri Vladimir Qroysmanın telefonundan məşhur ABŞ siyasətçisi, rusafob konqresmen Maksin Uotersə zəng vuran Rusiya prankerləri bu dəfə bütün sərhədləri aşırlar. Əvvəlcə bu sadəlövhü inandırırlar ki, rus tankları Lvov ilə Donetskə daxil olub. Afrikadakı Limpopo respublikasında prezident Barmaleyi yıxıb əvəzində Aybolit adlı diktatoru rəsmi kürsüyə əyləşdiriblər. Putinin xüsusi məsləhətçiləri Vovan ilə Leksus guya bütün bu antidemokratik qüvvələrin arxasında gizlənirlər. Konqresmen həyəcan içində bütün bunları dinləyib əvəzində görün bir nə deyir: “Müvafiq kəşfiyyat qurumlarımıza müraciət edib vəziyyəti öyrənəcəm. Moskva lap ağ edib. O gün Ağ Evdə prezident Obama televizora baxdığı vaxt qəfil ortaya Rusiyanın ingilisdilli RT telekanalı soxulub öz-özünə. Obama huşunu itirib az qala. Məcbur qalıb bir müddət ekrandakı Putini dinləsin”.
***
Məşhur Rusiya jurnalisti Daniil Turovski bu prankerlərlə söhbətini çox mənalı bir mənzərə ilə, söhbət ilə bitirib. Həmin sonluğu indi mən öz yazımda təkrarlamaq istəyirəm: “Kafedəki söhbətimiz gecənin tən ortasında bitdi axır. Birtəhər, içkili vəziyyətdə qapını aralayıb eşiyə çıxmağı bacardıq. Leksus tam sərxoşdu. Vovan isə, çiyinlərini soyuq divara etibar edib ayaq üstəydi.
- Sən hara? - deyə o, məni səslədi.
- Metroya.
- Biz isə Lyubankaya... FSB-yə getməliyik indi.
- Gecədi. Bu vaxt FSB işləyər heç?
- İşləyər. Biz gecələr də işləyirik daim. Hamıya qulaq asırıq. Hamıya zəng vururuq".
Mövzunu bu nöqtədə bitirirəm. İstəyirəm oxşar Don Kixotlar bir gün Azərbaycanda da yaransın. İstəyirəm bir gün biz də adi silahlardan vaz keçib telefonlara əl ataq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?