Belarusda həbs edilərək Azərbaycana gətirilən Aleksandr Lapşin növbəti dəfə hakim qarşısına çıxarılıb.
Gündəm Xəbər Musavat.com-a istinadən xəbər verir ki, həbsdə olan blogger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub. Hakim Əlövsət Qasımovun sədrliyi ilə keçirilən prosesdə Lapşinin anası iştirak etməyib. O, vəkil vasitəsi ilə məhkəməyə məlumat verib ki, ifadə verməkdən imtina edib.
Lapşinin anası bu işdə şahid qismində tanınıb. Prosesdə şahidlər ifadə verib.
Qeyd edək ki, Lapşin ötən məhkəmədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini etiraf edib. Aleksandr Lapşin 1976-cı il təvəllüdlüdür, himayəsində 2 azyaşlı övladı var. O, Rusiya, Ukrayna və İsrailin vətəndaşıdır. Daimi yaşayış yeri isə İsraildədir.
Lapşinin həbsi ilə bağlı yayılan rəsmi məlumata görə, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub.
Lapşin qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus http//puerrtto.livejournal.com səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.
Qeyd edək ki, Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar Alenksandr Lapşinin adını “arzuolunmaz şəxslər” siyahısına daxil edib. A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına məlumatlar təqdim olunub.
Lapşin Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib.
Belarus Baş Prokurorluğu bu il yanvarın 17-də Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar verib.
****
Məhkəmə prosesində Şuşa şəhərindən olan məcburi köçkün Əsmər Xəlilova ifadə verib.
O, Lapşini bu hadisələrdən sonra tanıdığını deyib.
"Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində məcburi köçkün düşmüşəm. Ermənilər tərəfindən Şuşa şəhərində olan ata-baba mülküm dağıdılıb. Bunun nəticəsi olaraq şəhərimi də itirmişəm. Həmçinin doğum günümü də itirmişəm. 25 ildir doğum günümü qeyd etmirəm.
Azərbaycan xalqı humanist xalqdır. Lapşin bundan istifafə edib. Məcburi köçkünlərin bu şəxsə etirazı var. Bir neçə gün əvvəl Azərbaycan xalqı Fizuli rayonunda bir faciə yaşadı. İki yaşlı zəhranın günahı nə idi? Ermənilər onu qətlə yetirib. Lapşin quldur erməniləri müdafiə edib. Ona ən layiqli cəzanın verilməsini isrəyirəm"- deyə şahid bildirib.
Şuşadan olan digər məcburi köçkün Məmməd Hacıyev də ifadə verərək deyib ki, Lapşinin məqaləsini oxuduqdan sonra ona qarşı nifərəti yaranıb: "Onu şeytan kimi gördüm erməniyə satılıb".
Məcburi köçkün Yunus Hüseynov isə bildirib ki, Lapşinin Azərbaycanda görəndə sarsıntı keçirib.
Daha sonra prosdə sənədlərin tədqiqi mərhələsi başlayıb.
İşdə olan sənədlər tədqiq edildikdən sonra Lapşinin vəkili vəsatətlə çıxış edib. O, ekspert Almaz Bayramovanın məhkəmədə əlavə şahid qismində dindirilməsini istəyib.
Məhkəmə vəsatəti təmin edib. Proses iyulun 13-də davam edəcək.
Sorğu
Yeni dizaynımız necədir?