Türkiyə ilə Rusiya arasında S-400 zenit-raket raketlərinin təchizatına dair əldə edilmiş razılaşma Ermənistan siyasi-hərbi dairələrində böyük narahatlıqla izlənilməkdədir.
Bu sövdələşmədən çıxış edərək Ermənistandakı anti-Rusiya dairələri Moskvanın ermənilərə növbəti xəyanəti barədə danışmağa başlayıblar. Bu dairələrdə deyirlər ki, Rusiya Azərbaycanla kifayətlənməyib ermənilərin digər düşməninə-Türkiyəyə də müasir silahlar satmağa başlayıb. Bu da uzunmüddətli planda Ermənistana təhlükə yaradacaq.
Ermənistandakı beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri İnstitutunun rəhbəri Stefan Səfəryan erməni KİV-lərindən birinə müsahibəsində deyib ki, Türkiyə Rusiyadan almağa hazırlaşdığı S-400 “Triumf” zenit-raket komplekslərindən birini Naxçıvanda yerləşdirə bilər. Onun sözlərinə görə, Türkiyə Naxçıvan əlahiddə ümumqoşun ordusuna təlim keçir və dəstək verir.
“Əgər başqa yerlərdə Türkiyə Azərbaycana kömək edə bilməsə də olduqca əlçatan olan Naxçıvanda Hava Hücumundan Müdafiə sistemləri yerləşdirə bilər. Naxçıvan isə Türkiyə və Azərbaycan tərəfdən möhkəmləndirildikdən sonra Yerevanı və bütün Ararat vadisini təhdid edəcək”-Səfəryan danışıb.
Erməni ekspert Türkiyə tərəfinin S-400 sistemlərindən birinin Ermənistanla sərhəddə yerləşdiriləcəyi haqda bəyanatını xatırladıb. Deyib ki, həmin sistemlər təkcə Türkiyənin müdafiəsi üçün deyil, Azərbaycanın maraqları üçün də istifadə olunacaq.
“Xüsusən də nəzərə alanda ki, Azərbaycanla Türkiyə arasında qarşılıqlı hərbi yardım haqqında müqavilə imzalanıb. Bu müqavilənin məzmunu məlum deyil, lakin Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq ağlasığmaz dərəcədə dərindir. Deməli bu planda S-400 sistemlərinin verilməsi Ermənistanı narahat etməlidir”, - Səfəryan bildirib.
Styopa razılaşıb ki, o, hərbi məsələlər, silah sistemlər üzrə ekspert deyil. Ancaq bilir ki, S-400 dünyada ən güclü hava hücumundan müdafiə vasitələrindən biridir. Və bu sistemlər Ermənistanın malik olduğu “İsgəndər” raketlərinə də problem yarada bilər.
“Mən bilmirəm Rusiyada nə dərəcədə əmindirlər ki, həmin S-400 sistemləri onun bilavasitə maraq sferasında, o cümlədən Cənubi Qafqazda, Ermənistana qarşı istifadə olunmayacaq. Ancaq qeyd etmək lazımdır ki, Rusiyanın hərbi müdafiəsi Ermənistan üçün o qədər də etibarlı olmayıb və tarix də bunu göstərib. Və təkcə bəyanatlarda deyil, praktiki hərəkətlərdə. Əlbətdə, bu cavabı olmayan sualdır”-Səfəryan əlavə edib./virtualaz.org
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?