Ölkə bürokratiyası və Senat onun kadr siyasətinə qarşıdır
Donald Trampın seçkiqabağı vədlərinin başında ABŞ-ın xarici siyasətindən daha çox daxili problemlərinin həlli gəlirdi. Lakin adi müşahidəçi gözlə baxdıqda belə Ağ Evin rəhbərinin nəinki ölkədaxili, hətta öz komandasının içindəki ziddiyyətləri və münaqişələri çözə bilmədiyi də açıq-aşkar görünür.
And içərək vəzifə səlahiyyətlərinin icrasına başlayandan bu yana Tramp dövlət bürokratiyasının kilid yerlərinə öz adamlarını gətirə bilməyib.
Tam əksinə, təyin etdiyi bəzi vacib kadrlar əsasən eyni səbəbdən (Rusiya hakimiyyəti ilə qeyri-qanuni əlaqə ucbatından) öz postları ilə vaxtından əvvəl vidalaşmalı olublar.
Təkcə keçən aydan bu yana Ağ Evi 3 yüksək vəzifəli şəxs, aparat rəhbəri Rayan Pribus, ictimaiyyətlə əlaqələr departamentinin rəisi Entoni Skaramuççi və Milli Təhlükəsizlik Şurasının kəşfiyyat üzrə direktoru Ezra Koen-Vatnik tərk ediblər.
ABŞ mətbuatı növbəti “qurbanın” prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, general Herbert Makmaster olduğunu yazır. General Makmaster Trampı müdafiə edən mətbuat tərəfindən prezidentin bütün xarici siyasi təşəbbüslərini sabotaj etməkdə ittiham edilir.
Bundan başqa media dövlətin prezident yanında əsas müşavirə orqanı sayılan Milli Təhlükəsizlik Şurasının belə, Obama administrasiyasının kadrlarından təşkil olunduğunu yazır.
Ölkənin xarici siyasətini həyata keçirən Dövlət Departamentində isə bir çox mühüm vəzifələr vakant qalıb.
Diplomatik fəaliyyətə rəhbərlik ABŞ-ın 44-cü prezidenti Barak Obama vaxtında təyin olunan şəxslər tərəfindən edilir.
Yeni adminsitrasiya gəldikdən sonra Dövlət departamentini bir çox qiymətli kadrlar tərk edib. ABŞ-da diplomatik fəaliyyət olduqca prestijli iş sayılsa da Trampın siyasi stili bir çox təcrübəli diplomatları qurumdan qaçırır. Bundan başqa onların bir çoxu prezidentin öz vəzifəsinin ilkin dövründə belə, sona qədər qalacağından əmin deyillər.
Hazırda Dövlət Departamentinin özündə hələ də 130 əsas vəzifə boş qalıb. Bunların arasında dövlət katibinin müavinləri, köməkçiləri, idarə rəhbərləri var. Onların hamısı Senat tərəfindən təsdiq olunmalıdır.
Mətbuatın yazdığına görə, dövlət katibi Reks Tillersonun hələ də silahlanmaya nəzarət üzrə və beynəlxaq təhlükəsizlik üzrə müavinləri, habelə hərbi-siyasi məsələlər üzrə köməkçisi yoxdur. Bundan başqa dövlət katibi dünya regionları üzrə müşavirlərin və mütəxəssislərin xidmətindən məhrumdur.
Senatdakı respublikaçı çoxluğa rəğmən Trampın bu vaxta qədər, yəni 8 ay ərzində qanunverici orqanın razılığını təsdiq etdirə bildiyi sadəcə 51 əməkdaş var. Müqayisə üçün qeyd etmək olar ki, Barak Obama zamanında eyni dövr üçün Senat onun 228 kadrının təyinatını təsdiq etmişdi.
Dövlət Departamentinin, o cümlədən Senatın yeni prezidentin kadr siyasətinə qarşı çıxmasının səbəblərindən biri də Trampın xarici siyasəti həyata keçirən orqanın büdcəsini azaltması ilə bağlıdır. Belə ki, Ağ Ev Dövlət Departamentinə ayrılan vəsaiti 11 milyard dollar kəsdiyi halda Pentaqonun büdcəsini 54 milyard dollar artırıb./musavat.com
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?