Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp Pxenyanı “Vaşinqtonun atəş və qəzəbi “ilə üzləşəcəyi ilə təhdid edib. Şimali Koreya isə öz növbəsində ABŞ-ın Quam adasındakı hərbi bazasını vuracağı ilə hədələyib.
“ABŞ-Şimali Koreya debatları nüvə təhdidi siyasətinin tipik nümunəsidir. Bu hadisə 1962-ci ildəki Kuba böhranını xatırladır. Həmin vaxtlarda da prezident Con Kennedi və SSRİ Kommunist partiyasının baş katibi Nikita Xruşşov kompromisə gələnə qədər öz aralarında poker oynadılar.
O dövrdə ABŞ və Sovet İttifaqı dünyanın əsas nüvə dövlətləri sayılırdı və hər ikisi rəqibləri üzərində üstünlüklərini təsbit etdirməyə çalışırdılar”, - Fransanın Slate.fr portalını analitiki Daniel Verne yazır.
ABŞ Senatının üzvü Con Makkeyn prezident Donald Trampın Şimali Koreyaya hədələrini bəyənmədyini söyləyib.
Con Makkeyn ABŞ prezidentinin hərəkətə keçməyə hazır hiss etmədiyi təqdirdə Kim rejimini hədələməsinin doğru olmadığını dilə gətirib: “Mən prezidentin şərhləri ilə razı deyiləm. Çünki əgər nəyisə həyata keçirməyə niyyətin varsa, bunu edə biləcəyindən əmin olmalısan. Mənim gördüyüm böyük liderlər bir şeyə əmin olmadan hərəkətə keçməzdilər. Lakin Tramp haqqında eyni sözləri söyləmək çətindir”. Respublikaçı senator Trampın KXDR-ə yönəlik hədələrini ciddiyə almadığını da bildirib:
“Mən heç bilmirəm o nə danışıb. Ümumiyyətlə, bu adamın söylədiklərini şərh etməyi çoxdan tərgitmişəm. Bu ki klassik Trampdır, həmişə nəyisə şişirdir”.
Makkeyn KTAR News agentliyinə verdiyi müsahibədə Pxenyanda oturan adamın dəli olduğunu, lakin hüdudu keçməyə cəsarət etməyəcəyini sözlərinə əlavə edib.
Şimali Koreyanın vuracağı hədəflərin başında gələn Quam adasında da Şimali Koreyanın təhdidləri hələ ki ciddi qəbul olunmur.
Adanın qubernatoru Eddi Kalvo da Şimali Koreya təhlükəsinin böyütməyin doğru olmadığını ifadə edib.
“Quam təkcə hərbi obyekt deyil, həm də Amerika torpağıdır. Burada 200 min amerikalı yaşayır. Biz hər bir ssenariyə hazırıq”, - qubernator bəyan edib.
Lakin ABŞ mətbuatında Makkeyn kimi arxayın düşünənlərin sayı çox deyil.
Çünki Şimali Koreya rəhbərliyi avqust ayının ortalarına qədər Quam adasını vura biləcək Hvason-12 tipli 4 raketin hazır olduğunu artıq bəyan edib.
The Washington Post qəzetinin ABŞ hərbi kəşfiyyatına istinadən verdiyi məlumata görə isə, Şimali Koreyanın hərbi mühəndisləri miniatür nüvə başlığını artıq işləyib hazırlayıblar. Həmn başlıqları raketlərə quraşdırılması isə qısa müddət məsələsidir.
Kim Çen Inın Koreya yarımadasından 3400 km uzaqlıqda yerləşməsinə rəğmən Quam adasını hədəf olaraq seçməsi də təsadüf deyil.
Quam adası ABŞ-ın Dieqo Qarsiya adası ilə bərabər Sakit okeandakı ən böyük hərbi gücü sayılır.
Adada ABŞ hərbi hava qüvvələrinə məxsus “Andersen”, “Apra” bazaları yerləşir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?