Hazırda Ermənistanın siyasi həyatında çox ciddi ziddiyyətlər var.
Bu sözləri Ermənistanın hakim dairələrində baş verən dəyişiklikləri və istefaları şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, bu ziddiyyətlərin yaranmasına əsas səbəb Sərkisyanın öz siyasi həyatına xitam vermək, siyasətdən uzaqlaşmaq niyyətində olmamasıdır:
“Buna görə də o, hələ də Ermənistanın siyasi həyatında aparıcı rol oynamaq, hakim dairələri öz əlində saxlamaq üçün bir sıra addımlar atır. Ziddiyyətlər əsasən Qarabağdan gələn, Sərkisyana yaxın olan kadrlarla yerli ermənilər arasındadır. Bu, Sərkisyana daha yaxın olan kadrların həm siyasətdə, həm də iqtisadiyyatda hakim mövqelərdə təmsil olunmaları ilə bağlıdır. Yerli ermənilər Ermənistanda hakimiyyətin “Qarabağ klanı” tərəfindən tamamilə ələ keçirildiyini düşünür. İstər sadə insanlar, istərsə də siyasi elitanın yuxarı dairələrində yerli ermənilər arasında psixoloji uyuşmazlıq açıq formada da olmasa, özünü göstərir”.
Politoloq son dövrlərdə olan dalğalanmaların bir qisminin ölkənin parlamentar idarə sisteminə keçməsi ilə əlaqədar olduğunu qeyd edib:
“Sərkisyan yaxşı başa düşür ki, parlamentar sistemdə prezidentin hakimiyyəti simvolik xarakter daşıyır. Artıq bütün səlahiyyətlər baş nazirin idarəsinə keçir. Hazırda Sərkisyanın apardığı siyasətdə əsas niyyət Ermənistanın Baş naziri Karen Karapetyanı və ona yaxın adamları vəzifədən uzaqlaşdırmaq və onların yerinə özünə yaxın olan “Qarabağ klanı”ndan olanları gətirməkdir. Sərkisyanın əsas hədəfi gələcəkdə prezidentlikdən istefa verib, baş nazir kimi fəaliyyətini davam etdirməkdir. Ancaq buna həm Karapetyan, həm də ona yaxın olan şəxslər səviyyəsində açıq müqavimət var. Çünki Karapetyan Moskvanın adamıdır, onun bütün fəaliyyəti Moskva ilə əlaqəlidir. Buna görə də Moskva gələcək yatırımı Karapetyana etmək niyyətindədir. Karapetyanın Dağlıq Qarabağa gəlməsi, burada istirahət etməsi, nar bağları salmaq fikrinə düşməsi isə onun Sərkisyana qarşı reytinq savaşına çıxdığını göstərir. Karapetyanın bu savaşda qalib gəlməsi də gözləniləndir”.
Q.Hüseynli vurğulayıb ki, Sərkisyan və Karapetyan arasında vəzifə və səlahiyyət bölgüsü uğrunda gedən konfliktlər artıq açıq müstəviyə keçib:
“Bu gün Ermənistan Prezidenti Serj Sərkisyanın sərəncamı ilə Ara Nazaryan Ermənistanın müdafiə nazirinin müavini vəzifəsindən azad edildi. Ancaq bundan bir neçə saat sonra Baş nazir Karen Karapetyanın qərarı ilə Ara Nazaryan Fövqəladə Hallar Nazirinin müavini vəzifəsinə gətirildi. Bu, ciddi qarşıdurmanın mövcudluğundan xəbər verir” .
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?