Türkiyədə hökumət tənqidçilərinin "yoxa çıxdığı" iddia edilir
"Express" qəzetinin yazdığına görə, Human Rights Watch insan haqları təşkilatı bildirib ki, onun inamına görə, Türkiyənin hökumət xəfiyyələri rejimə təhlükə hesab edilən adamları "oğurlayırlar". Təşkilatın direktoru Hugh Williamson bildirib ki, bir müxalifət siyasətçisi də daxil, 8 nəfərin hökuməti tənqid etdikdən sonra zorakı şəkildə yoxa çıxdığına dair "inandırıcı dəlillər" mövcuddur. Human Rights Watch ötən ilin mayından bəri 10 belə halı sənədləşdirdiyini bildirir. Daha iki adam oğurluğunun iyun ayında yer aldığı düşünülür. Bir nəfərdən başqa bütün qalan oğurlanmış şəxslər hələ də itkindir. Təşkilatın məlumatına görə, yoxa çıxmış şəxslərdən dördü prezident Recep Tayyip Erdoğan-a qarşı dövlət çevrilişi cəhdinin ardınca elan edilmiş fövqəladə vəziyyət dövründə işlərini itirmişdilər. Onların dördünün də sürgündə yaşayan müsəlman vaiz Fethullah Gülen-lə əlaqələri olduğu iddia edilirdi. Gülen çevriliş cəhdinin arxasında durmaqda ittiham olunur. Vaizin hərəkatı Türkiyədə terrorçu qrup elan edilib və onunla əlaqəsi olduğu iddia edilən hər bir kəs qəflətən yoxa çıxa bilər. Politico saytının verdiyi məlumata görə, müəmmalı şəkildə yoxa çıxanların yaxınları Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər. İtənlərdən biri - Ankaradan olan keçmiş müəllim sonradan tapılıb. Onu polis olduqlarını deyən mülki geyimli şəxslər çəkərək taksidən çıxarımış, qara rəngli Volkswagen avtofurqonuna basaraq aparmışdılar. 6 həftədən sonra qayıdan müəllim işgəncələrə məruz qoyulduğunu iddia edir. Bu şəxs cənab Gülen-ə bağlı olduğu iddia edilən özəl məktəbdə dərs deyirdi. O sonradan terror ittihamları ilə azadlıqdan məhrum edilib. Başqa oğurlanmış şəxslərin Turqut Capan və Mustafa Özben olduqları xəbər verilir. Onlar Ankaradakı Turqut Ozal Universitetində dərs deyirdilər. Bu universitet də çevriliş cəhdindən sonra bağlanıb. Onlar da oğurlandıqlarını və qara Volkswagen avtofurqonunda aparıldıqlarını söyləyiblər. "Express" yazır ki, bu adam oğurluqları 1990-cı ildə dövlətin kürd qiyamçılara qarşı amansız mübarizə apardığı vaxtlarda baş verən yoxaçıxmaları xatırladır. O vaxt təhlükəsizlik qüvvələri bu yolla yüzlərlə mülki şəxsi neytrallaşdırmışdılar. Onlardan bir çoxuna işgəncə verilmiş və bəzilərinin meyitləri tapılmışdı. "Express" yazır ki, prezident Erdoğan belə qəddar təcrübələrə əl atmayıb, lakin bu hadisələrin təkrar oluna biləcəyindən narahatlıq var. Məqalədə deyilir ki, Türkiyə hazırda getdikcə artan siyasi gərginlik şəraitində yaşayır. 30-dək jurnalist və qəzet rəhbəri baş tutmamış çevriliş cəhdi ilə əlaqələrdə ittiham olunaraq ömürlük həbs cəzasına məhkum edilə bilər. Almaniya kansleri Angela Merkel Türkiyədə baş verən hadisələri kəskin tənqid edən Avropa liderlərindən biridir. O Ankara ilə Aİ-yə üzvlük danışıqlarının dayandırılmasına çağırıb. Türkiyə hökuməti bildirib ki, adamların itməsi ilə bağlı təhqiqata başlayıb. Human Rights Watch isə hadisələri diqqətlə izləyəcəyini bildirir. Təşkilatın sözçüsü deyib ki, Türkiyə hökumətinin apardığı araşdırmanı şübhə altına almaq istəməzdi, lakin bu ölkədə insan haqlarının ümumi vəziyyəti son dərəcə pisləşib. Onun sözlərinə görə, hazırda Türkiyədə işgəncə və pis rəftarla bağlı iddiaların səmərəli təhqiqatının aparıldığını göstərən heç bir əlamət yoxdur.
Milli İran-Amerika Fondunun prezidenti, "Düşməni itirmək - Obama, İran və diplomatiyanın təntənəsi" (Losing an Enemy - Obama, Iran and the Triumph of Diplomacy) adlı kitabın müəllifi Trita Parsi "The Guardian" qəzetində yazır ki, prezident Donald Trump özünün BMT çıxışını sanki George W Bush-un kitabından götürüb. O İranla özünün qarşıdurmasına haqq qazandırmaq üçün onu Şimali Koreya ilə tərəzinin eyni gözünə qoyub. Müəllifin fikrincə bu, Trump-ın İranla nüvə sazişini ləğv etmək yolunda növbəti addımıdır. Trump deyib ki, bu saziş Amerikanın İranla bağlı narahatlıqlarına tam cavab vermir. Parsi-nin qənaətinə görə, problem budur ki, ABŞ-İran gərginliyinə tamamilə cavab verə biləcək saziş yoxdur. Məqalədə deyilir ki, Trump indiyədək İranla diplomatik mükaliməyə girmək üçün heç bir həvəs göstərməyib. Parsi yazır ki, Trump-ın indiyədək özünü beynəlxalq aləmdə necə apardığı nəzərə alınarsa, onun administrasiyasının İranla diplomatik qarşılaşmaya potensialı olmadığı görünər. Əksinə, Trump-ın İran siyasəti kristallaşmaqda davam edir. Bu ABŞ-İran münasibətlərindəki Soyuq müharibəyə qayıdışı şərtləndirir. Onun son məqsədi İranla nüvə sazişini oktyabrın 15-də qüvvədən salmaq və bu məsələni də Konrqesin ixtiyarına verməkdir. Parsi yazır ki, Konqresin bu sazişi ləğv etməyəcəyinə ümid cüzidir. Parsi qeyd edir ki, İranla sazişin pozulması yalnız İsrail, Səudiyyə və Birləşmiş Ərəb Əmirliklərini sevindirə bilər. Onlar Yaxın Şərqdə ABŞ-ın güclü hegemonluğunun bərpasını istəyirlər. Müəllifin fikrincə, bu ölkələr Amerikanın dəstəyi olmadan İrana qarşı duruş gətirə bilməzdilər. Belə bir siyasətin son nəticəsi Yaxın Şərqdə Soyuq müharibənin bərpası olacaq. Bu müharibənin bir tərəfində İsrail, Səudiyyə, BƏƏ və ABŞ, digər tərəfində isə İran və onun müttəfiqləri, habelə Rusiya dayanacaq. Bütün bunlar bir məqsədə - Yaxın Şərqdə sabitliyin bərqərar edilməsi məqsədinə qulluq etməyəcək. Trump İranla Səudiyyə arasındakı gərginliyi daha da alovlandıracaq. Parsi yazır ki, indi bütün gözlər Avropadadır. Güclü Avropa liderliyi Trump-ın Yaxın Şərqi qarışdırmasının və İranla razılaşmanı məhv etməsinin qarşısını ala bilər. Avropa liderləri İranla sazişə sadiq qaldıqlarını artıq bildiriblər. İranla saziş indiyədək pis işləməyib. Almaniya kansleri Angela Merkel bu sazişin Şimali Koreya ilə razılaşma üçün model ola biləcəyini söyləmişdi. Lakin Parsi xatırladır ki, Avropa Bush-un İraqa dağıdıcı müdaxiləsinin qarşısını ala bilməmişdi. Müəllif bu qənaətə gəlir ki, Avropa Trump-ı Bush-un getdiyi çığırdan döndərə bilər.
"The Telegraph" yazır ki, alimlərin yeni ixtirasından sonra Terminatorsayağı supergüclü robotların yaradılması gerçəkləşə bilər. Onların yaratdığı süni əzələ öz kütləsindən 1000 dəfə ağır yükü qaldıra bilir. Alimlər 3D printerindən istifadə edərək rezinəbənzər sintetik kütlə yaradıblar. Bu kütlə təbii əzələ kimi yığılma qabiliyyətinə malikdir. Kiçik elektrik cərəyanı ilə qızdırılan süni əzələ kütləsi genişlənərək öz ölçüsündən doqquz dəfə böyük sahəni tutur. Bu süni əzələ kütləsinin hər qramına düşən enerji, təbii əzələdəkindən 15 dəfə çoxdur. Nature Communications elmi jurnalı yazır ki, "zərif aktuator" adlandırılan cihaz öz çəkisindən 1000 dəfə ağır yükü qaldıra bilir. New York-dakı Columbia Universitetinin Yaradıcı Maşınlar (Creative Machines) laboratoriyasının professoru Hod Lipson deyib ki, insan robot zəkasını yaratmaqda iri addımlarla irəliləsə də, hələki robot vücudunun yaradılması üçün o qədər də çox iş görməyib. Alim deyir ki, yeni material minlərlə formaya salına bilər. Beləliklə, insanabənzər robotların yaradılması istiqamətində böyük addım atılıb. Məqalədə deyilir ki, süni əzələdən təkcə robotlarda yox, həm də müxtəlif funksiyalı dəzgahlarda istifadə etmək olar. Yaradıcı Maşınlar Laboratoriyasından daha bir tədqiqatçı - bu ixtiranın həmmüəlifi Aslan Miriyev deyib ki, yeni material robot mühəndisliyinin bir çox problemlərini həll edəcək. "O itələyir, dartır, burur, əyir və yük qaldırır. Bu təbii əzələyə ən yaxın materialdır" - deyib Miriyev. "The Telegraph" yazır ki, bu tədqiqat qismən də İsrailin Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilir./bbc.com
Sorğu
Yeni dizaynımız necədir?