İyun ayının 11-də “Rusia Today” telekalanının yeni studiyasına baş çəkən Rusiya prezidenti Vladimir Putin ölkənin xarici siyasəti, şəxsi həyatı, 2008-ci ilin avqustundakı Gürcüstan müharibəsindən əvvəl Mixail Saakaşvili ilə söhbətin təfərrüatları haqqında bir sıra sualları cavablandırıb. ABŞ sarsıdan telefon və internet qeydlərinin izlənildiyi Prism skandalına toxunan V.Putin məhkəmənin müvafiq sanksiyası olmadan bu cür addım atmağın yolverilməz olduğunu bildirib.
2008-ci ilin Gürcüstan müharibəsinə gəlincə, Rusiya prezidenti bunun məhz M.Saakaşvilinin səhvi olduğunu deyib:“Hesab edirəm ki, hazırda prezident olan Saakaşvili böyük səhv etdi və düşünürəm ki, bunu inkar etməyəcək. Mən ona bildirdim ki, məsələni heç bir halda qan tökmək həddinə çatdırmaq olmaz. Amma təəssüf ki, hər şey müharibə ilə bitdi”.
Rusiya dövlət başçısı ABŞ Dövlət Departamenti tərəfindən Rusiya müxalifətinin dəstəkləndiyini və bunun yanlış olduğunu dilə gətirib:“Çünki, ölkənin diplomatik xidmətlərinin vəzifəsi dövlətlər arasında xarici münasibətləri qaydaya salmaqdır. Başqa ölkənin daxili siyasi işlərinə müdaxilə etmək deyil”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?