Fələstinlilər və tərəfdarları Trumpın Qüdsə dair qərarına etiraz nümayişlərini davam etdirirlər. ABŞ prezidentinin ötən ay ABŞ səfirliyini Tel Avivdən Qüdsə köçürəcəyini elan etməsindən qəzəblənən Fələstin liderləri İsrail ilə olacaq danışıqların heç birində ABŞ-ın vasitəçiliyini qəbul etməyəcəklərini bildirib. Buna cavab olaraq Tramp keçən həftə ABŞ tərəfindən fələstinlilərə edilən illik 300 milyon dollarlıq yardımı dayandıracağı ilə təhdid edib. Fələstinlilər isə buna qarşı çıxıb.
İsrailin baş naziri bazar günü Trampdan daha irəliyə gedərək 1949-cu ildə fələstinli qaçqınlara dəstək olmaq üçün qurulan BMT agentliyinin ləğv edilməsinin lazım olduğunu söyləyib.
"Mən prezident Trampın BMT-nin Yardım və Məşğulluq Agentliyinə olan tənqidləri ilə razıyam. Bu agentlik Fələstinin qaçqın problemini daimiləşdirir və İsrail dövlətini ləğv edilməsi planlarına yardım edir. Buna görə də agentliyin fəaliyyəti dayandırılmalıdır." - deyə, Netanyahu bildirib.
Netanyahunun sözlərinə görə, fələstinli qaçqınlar üçün nəzərdə tutulan agentlik indi onların yeni nəsillərinə yardım edir.
"İndi elə bir vəziyyət yaranıb ki, BMT-nin Yardım və Məşğulluq agentliyi həmin qaçqınların nəvələrinə yardım göstərir. Hansı ki, artıq onlar qaçqın deyil. 70 il sonra da onların nəvələrinə yardım göstəriləcək. Bu cür absurd vəziyyətə son qoymaq lazımdır." - deyə, baş nazir qeyd edib.
İsrail baş naziri bildirib ki, fələstinli qaçqınlar üçün ayrılan vəsaitlər BMT-nin Yüksək Komissarlığına yönləndirilməli və həmin pullar “həqiqi” qaçqınlara yardım üçün xərclənməlidir.
Tənqidçilərin sözlərinə görə, fələstinli qaçqınlar üçün ayrılan yardımların kəsilməsi əhalinin pis yaşayış şəraitinə görə etiraz etdiyi Qəzza kimi ərazilərdə də daxil olmaqla ümumilikdə regiondakı gərginliyi daha da artıracaq.
Sorğu
Yeni dizaynımız necədir?