Son iki həftə ərzində Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində nəzarət altına alınmış mədəni fəallar və adları bilinməyən bəzi vətəndaşların taleyi ilə bağlı məlumat yoxdur. Onların İrandakı son etiraz dalğası ilə əlaqədar həbs edildiyi bildirilir.
Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, son vaxtlar tutulanlardan, tanınmış xəttat Abbas Köçəri habelə mədəni fəallar Milad Hacılı və Məhəmməd Abazərinin haqqında hələlik məhkəmə qərarı çıxarılmayıb.
Onlar təhlükəsizlik qüvvələri tərəfindən sorğu-sual edildikdən sonra Xoy həbsxanasına göndəriliblər.
Yazar və tərcüməçi Şəhriyar Gələvanin taleyi ilə bağlı məlumat yoxdur. Onun harada saxlanıldığı və hansı ittihamla günahlandırıldığı bilinmir.
Xoyda nəzarət altına alınan bir çox vətəndaşın kimliyi məlum deyil. Sosial şəbəkələrdə yayımlanan məlumata görə, Xoy şəhərində nümayişləri başladanların bir çoxu, son vaxtlar edam edilən vətəndaşların yaxınları olublar. Onların bir neçəsinin nəzarət altına alındığı və naməlum məkanlarda saxlanıldığı bildirilir.
Rəsmilərin mətbuata verdiyi məlumata görə, əhalisinin əksəriyyətinin türk olduğu Urmiyə, Ərdəbil, Zəncan, Xoy, Əbhər, Xürrəmdərə, Marağa, Qəzvin, Takistan və Həmədan kimi şəhərlərdə kütləvi nümayişlərlə əlaqədar onlarla vətəndaş nəzarət altına alınıb. Qeyri-rəsmi mənbələrdə isə Təbrizdə etirazlara mane olmaq üçün 90 vətəndaşın tutulduğu bildirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?