Suriyanın gələcəyini müzakirə etmək üçün Soçi zirvəsində qalib tərəf rəsmi Dəməşq olub.
1600 nümayəndənin dəvət edildiyi görüşdə 1400 nəfər iştirak edib. Türkiyənin israrı ilə PKK-nın Suriya qolu PYD-YPG terror qruplaşması Soçi zirvəsində iştirak etməyib.
Türkiyənin Suriyada dəstəklədiyi qrupların bir hissəsi bayraq böhranını bəhanə edərək Soçi hava limanından geri qayıdıb. Soçidə iclas keçiriləcək mərkəzə gedən yollara rəsmi Suriya bayrağının aslımasını bəhanə edən qruplar bunu "Əsəd rejiminə dəstək" kimi qiymətləndiriblər. Türk rəsmilər israr etsələr də, onlar iclasda iştirak etməyiblər.
Problemi həll etmək üçün Rusiya və Türkiyə XİN rəhbərləri iki dəfə telefonla danışsalar da, problem həll edilməyib. Türkiyədən Soçiyə uçan müxaliflər də geri qayıdıblar.
Soçi görüşü iki günlük planlaşdırılsa da, bir günə başa çatıb. Açılışda çıxış edən Lavrovun sözünü müntəzəm olaraq kəsiblər. Bəzi suriyalı nümayəndələr "Qatil Rusiya" deyə şüarlar səsləndiriblər.
Açılışdan sonra bəzi suriyalı qruplar arasında əlbayaxa davalar da qeydə alınıb. Soçi iclasından sonra 12 maddəlik bəyanat yayımlanıb. Amma bəyanatda da ölkənin adı mövzusunda razılığın olmadığı məlum olub. Suriyanın rəsmi adı rejim və müxalifləri məmnun etmək üçün "Suriya Ərəb Respublikası" və "Suriya Dövləti" olaraq qeyd edilib. İclasın nəticəsinə əsasən, konstitusiya komissiyası qurulacaq. Komissiyada Əsəd rejimi, müxaliflər, müstəqil müşahidəçilər, QHT nümayəndələri, Suriya mütəxəssisləri, tayfa başçıları və qadınlar olacaq.
Qeyd edək ki, Soçi zirvəsinə ABŞ, İngiltərə və Fransa kimi dövlətlər dəvət edilsələr də, iclasda iştirak etməyiblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?