İsrail Avropa ölkələri vasitəsilə İrana Livan və Suriyadakı fəaliyyətinə dair ciddi xəbərdarlıqlar edib.
Bu haqda İsrail “Kanal 10” telekanalı israilli və avropalı diplomatik mənbələrə istinadən bildirib.
Xəbərə görə, xəbərdarlıq mesajları Almaniya, İngiltərə və Fransa vasitəsilə İran prezidenti Həsən Ruhani ilə onun müşavirinə çatdırılıb. Xəbərdarlıqlarda Livanda raket və silah fabriki, Suriyada isə hərbi bazanın qurulması ilə əlaqədar ciddi xəbərdarlıq olunub.
Dünən isə İslam İnqilabının 39-ci ildönümü ilə bağlı keçirilən tədbirdə çıxış edən İran prezidenti Həsən Ruhani ad çəkmədən İsrail və ABŞ-a mesaj göndərib.
“Bölgədə gərginlik yaratmaq, İraq və Suriyanı parçalamaq istədilər. Livanda uzunmüddətli xaos yaratmaq istədilər. Amma bizim köməyimizlə bu siyasət çökdü”, - İranın prezidenti vurğulayıb.
Dünən həmçinin İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) komandirinin müavini Hüseyn Səlami ABŞ-ın bölgədəki bütün bazalarını məhv etmək iqtidarında olduqlarını deyib. ABŞ-ın Suriyadakı hərbi mövcuğluğuna toxunan SEPAH-ın rəsmisi bunun qeyri-qanuni olduğunu və ABŞ-ın mütləq məğlubiyyətə düçar olacağını qeyd edib: “ABŞ bölgəni məğlub olmadan tərk edərsə, özü üçün də yaxşı olacaq”.
O həmçinin İranı atəşlə oynamaqda təhdid edən İsrailə cavab verib.
“Bölgəni sionistlər üçün cəhənnəmə çevirə bilərik”, - Səlami bildirib.
İranın Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şamhani isə Suriya-İsrail sərhədində baş verən hadisədən sonra “cəzasız qalan hücumlar dövrü”nün başa çatdığını bildirib. Onun sözlərinə görə, Suriya xalqı hər hansı bir təcavüzə cavab verəcəyini sübut etdi.
Xatırladaq ki, fevralın 10-da Suriya İsrailə məxsus F-16 döyüş təyyarəsini vurub. Ardınca İsrail Silahlı Qüvvələri Suriyada İrana məxsus pilotsuz uçuş aparatını məhv edib.
İsrail tərəfinin yaydığı məlumata görə, Suriyada 12 hədəfi məhv ediblər. Bu hədəflər arasında Suriya rejiminin 3 Hava Müdafiə Sistemi ilə yanaşı, İrana məxsus 4 hərbi baza da var.
Ekspertlər bu cür hadisələri bölgədə İran, İsrail və ABŞ-ın iştirakı ilə genişmiqyaslı müharibənin xəbərçisi hesab edirlər./publika.az
Sorğu
Yeni dizaynımız necədir?