İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtondadır. Netanyahunun Ağ Evdə danışıqlar zamanı İranın Yaxı Şərqdə hərbi üstünlüyünün qarşısının alınması yollarını müzakirə edəcəyi gözlənilir.
Görüş Trampın Birləşmiş Ştatları 2015-ci ildə Tehranla İranın nüvə silahları inkişaf etdirmək proqramının qarşısının alınmasına yönəlmiş beynəlxalq müqavilədən çıxarıb-çıxarmamasını nəzərdən keçirdiyi bir vaxt keçirilir. Netanyahu razılaşmaya uzun zamandır etiraz edir. Lakin Tramp sənədə imza atmış Britaniya, Fransa, Almaniya, Avropa İttifaqı, Çin və Rusiyanın razılaşmanın şərtlərinin yenidən müzakirə edilməsi məsələsində dəstəyini qazana bilməyib.
Netanyahu Vaşinqtona yola düşməzdən əvvəl Trampla bir sıra ciddi məsələlər, lakin “ilk növbədə, İran, onun aqressiyası, nüvə ambisiyaları və Yaxın Şərqdə aqressiv hərəkətlərini” müzakirə edəcəyini bildirib.
İran hərbi qüvvələrinin prezident Bəşar Əsədə dəstək məqsədilə Suriyada mövcudluğunu artırması Netanyahunun narahatlığına səbəb olan əsas məsələdir. O, Tehranı Suriyada daimi hərbi mövcudluğunu təmin etməyə çalışmaqda ittiham edir.
Netanyahunun Vaşinqtona səfəri onun İsraildə korrupsiya ittihamları ilə bağlı qarşılaşdığı çətinliklər fonunda edilir. İsrail təhqiqatçıları Netanyahu və onun xanımı Sara Netanyahunu aparılan təhqiqatla əlaqədar sorğu-sual edib. Ağ Evdə görüşdən bir neçə saat əvvəl isə baş nazirin keçmiş yardımçılarından biri təhqiqatlardan biri çərçivəsində şahid qismində ifadə verməyə hazır olduğunu bildirib.
Netanyahu özü hər hansı bir pozuntuya yol verdiyini inkar edib. O, iddiaları “saxta xəbər” adlandıraraq, prezident Trampın Rusiyanın onun qələbəsinə kömək məqsədilə 2016-cı ildə ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı bir neçə aydır sürən təhqiqatlarla əlaqədar tez-tez işlətdiyi ifadədən istifadə edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?