Türkiyənin başçılıq etdiyi qüvvələr Suriyanın şimal-şərqdinki Afrin şəhərini mühasirəyə aldıqlarını bildirir. Afrin Türkiyənin "Zeytun budağı" adlanan hərbi əməliyyatının əsas hədəfidir.
Yanvar ayında başlamış hərbi əməliyyatların əsas məqsədi kürdlərin YPG hərbi birləşmələrinin bölgədən çıxarılmasından ibarətdir. Ankara YPG-ni Türkiyə ərazisində on illərdir silahlı üsyana qalxmış terrorçularla əlaqəsi olmaqda ittiham edir.
Ankara şəhərin ələ keçirilməsinin qaçılmaz olduğu ilə bağlı xəbərdarlıq edib. “Türkiyə Suriyadakı Afrin şəhərini yaxın zamanda militantlardan təmizləyəcək və artıq ərazinin yarıdan çoxuna nəzarət edir”, Türkiyə baş nazirinin müavini Bekir Bozdağ bazar ertəsi müxbirlərə bildirib.
Əhalinin sıx məskunlaşdığı Afrində genişmiqyaslı əməliyyatlar beynəlxalq ictimaiyyət tərəfindən narahatlıqla izlənir. Mülki vətəndaşların çoxu Afrin bölgəsindən Suriyanın digər yerlərinə üz tutur. Bekir Bozdağ Türkiyənin əməliyyatları zamanı heç bir mülki vətəndaşın öldürülmədiyi və yaxud da yaralanmadığını iddia edir.
Türkiyənin başçılığı ilə qüvvələr havadan yardımla tez zamanda üstünlüyə nail ola bilib və yanvar ayından bəri çox tələfat verməyib. Lakin təhlilçilər YPG-nin bütün qüvvələrini Afrini müdafiə etmək üçün səfərbər edəcəyinin gözlənildiyini bildirir.
Ankaranın Afrində əməliyyatı yekun mərhələsinə daxil olduğu bir vaxt, bütün diqqətlər əməliyyatın ikinci mərhələsinə yönəlib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xəbərdarlıq edib ki, Türkiyə qüvvələri Afrini ələ keçirəndən sonra YPG-nin Manbicdə qüvvələrini hədəf alacaq. Manbic kürd döyüşçülərinin ABŞ qüvvələri ilə yerləşdiyi yerdir.
Türkiyənin Suriyanın Afrin regionunda YPG kürd yaraqlılarına qarşı hərbi əməliyyatları Vaşinqton və Ankara arasında ikitərəfli münasibətlərdə gərginliyin daha da artmasına səbəb olub. ABŞ “Zeytun budağı” əməliyyatına qarşı çıxış edərək, bunun İŞİD-ə qarşı mübarizə səylərinə mane olduğunu bildirir.
Türkiyə və ABŞ rəsmiləri Manbicdə toqquşmaya yol verilməməsi məqsədilə diplomatik səylər çərçivəsində Vaşinqtonda görüş keçirib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çərşənbə axşamı günü deyib ki, tərəflər onun gələn həftə Vaşinqtonda iştirak edəcəyi görüşdə razılıq əldə edəcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?