İrəvanda avtomobillərin hərəkəti demək olar ki, dayandırılıb, metropoliten işçilərinin bir hissəsi aksiyalara qoşulduğu üçün yeraltı nəqliyyat vasitəsinin işi pozulub.
Bu haqda “İnterfaks” agentliyinin müxbiri bildirib.
Paytaxtın bütün rayonlarının sakinləri etiraz aksiyalarına qoşulub. Paytaxta aparan bütün yollar kəsilib. Bir sıra dövlət idarələrinin binalarına, xüsusi halda, Ədliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyinə giriş bağlanıb.
Erməni KİV-i İrəvan və Gümrü arasında dəmir yolunun bağlandığı barədə məlumat yayıb. Həmçinin, Ermənistan-Gürcüstan yolunun bir hissəsi olan İrəvan-Sevan yolu kəsilib. İrəvan “Zvartnos” beynəlxalq aeroportunun əməkdaşları da etiraz aksiyasına qoşulublar. Aeroportda tətil elan edilib. Məktəblər və universitetlər bağlanıb.
Ölkənin ikinci ən böyük şəhəri olan Gümrüdə də etirazlar başlayıb. Yüzlərlə etirazçı şəhər meriyasına daxil olaraq oturaq tətilə başlayıblar. Onlar meriyanın işinin dayandırılmasını və mer Samvel Balasanyanın etiraz aksiyalarına qoşulmağı tələb edirlər.
"Biz tələb edirik ki, Gümrünün meri Samvel Balasanyan müxalifət hərəkətına qoşulsun", - etiraz aksiyasının liderlərindən olan Levon Barseqyan biri bildirib.
Onun sözlərinə görə, şəhərdə hər şey müxalifət tərəfdarlarının nəzarəti altındadır.
Nümayişçilər həmçinin Gümrü və Şirak vilayətinin vergi administrasiyalarının binalarını mühasirəyə alıblar.
Oxşar vəziyyət ölkənin üçüncü böyük şəhəri olan Vanadzorda yaranıb. Vilayət administrasiyası və meriyaya girişlər, həmçinin mərkəzi küçələrə girişlər bağlanıb.
Maralike şəhərində də analoji vəziyyət hökm sürür. Burada nümayişçilər meriya binasında zorla girərək dövlət əleyhinə şüarlar oxuyurlar.
Tavuş vilayət administrasiyasının rəhbər şəxslərindən başqa bütün əməkdaşları ölkədəki etiraz aksiyalarına qoşulub. İcevan şəhər meriyasının əməkdaşları da etirazlara başlayıblar.
Nikol Paşinyan İrəvan və ölkənin regionlarının sakinlərini istənilən toqquşmalardan çəkinməyə çağırıb.
"Heç bir toqquşma, heç bir təcavüzə yol vermək olmaz. Bütün bizim hərəkətlərimiz dinc xarakter daşımalıdır", - müxalifət lideri feysbuk səhifəsində birbaşa yayımda deyib.
***
Paytaxtın mərkəzi küçələri üzrə təntənəli yürüşlərdə tələbələr və yuxarı siniflərin şagirdləri də iştirak edir.
Öz növbəsində, Ermənistan Müdafiə Nazirliyi ölkənin təhlükəsizliyinin təmin olunması üçün hərbi texnikanın fasiləsiz hərəkətini təmin etməyə çağırıb. Bu haqda Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyanın feysbukda yayılan bəyanatında deyilir.
Siyasi ekspertlər xəbərdarlıq edirlər ki, müddətsiz etiraz aksiyalarının başlanması və paytaxtda hərəkətin iflic vəziyyətinə salınması ölkəni qanlı qarşıdurmalara apara bilər.
Siyasi şərhçi Sarqis Artsruni hələ parlamentdə baş nazir seçkilərinin nəticələrinin məlum olmasından əvvəl yazmışdı ki, Paşinyanın seçilmə ehtimalı çox azdır.
“Bunu Paşinyanın özü də anlayır. Buna görə də o, özünün B planını hazırlayıb. B planında uzunmüddətli etiraz aksiyaları var”, - deyə Artsruni bildirib.
Onun sözlərinə görə, Paşinyanın Serj Sarkisyan və Robert Koçaryanın ona səs verməmələri üçün deputatlara təzyiq göstərməsi ilə bağlı açıqlaması əslində B planına hesablanıb: “Paşinyan bugünkü seçkidə seçilməyəcəyini anlayır və daha uzunmüddətli kütləvi aksiyalar modelini hazırlamağa çalışır. Sarkisyan və Koçaryanın təzyiq etdiyinə dair açıqlaması da ictimai rəyə hesablanmış addımdır. Çünki o, seçilməsə “mən demişdim, deputatlara təzyiq edirlər” deyə bildirəcək və xalqı küçə mübarizəsinə cəlb edəcək. Bu daha təhlükəli nəticələr yarada bilər. Əgər kütləvi aksiyalar davam edəcəksə, bu, qanlı döyüşlərə çevrilə bilər”.
***
Bu gün səhər saatlarından başlayaraq Ermənistanın paytaxtı İrəvanda etirazlar yenidən alovlanıb.
Aksiyanın rəhbəri, müxalifət lideri Nikol Paşinyan aksiyaçıları respublika üzrə kütləvi tətilə, dəmir yolu və hava limanları da daxil olmaqla, Ermənistanın ümumi nəqliyyat sistemini blok etməyə çağırıb.
Nikol Paşinyanın çağırışı ilə küçələrə axışan etirazçılar paytaxtdan "Zvartnos" hava limanına gedən avtomobil yolunu bağlayıb. Həmçinin paytaxt istiqamətinə gedən digər alternativ yollar da etirazçılar tərəfindən bağlanıb.
Hava limanına gedən yolun açılması üçün əraziyə polis qüvvələri cəlb edilib.
Qeyd edək ki, dünən parlamentdə baş nazir postuna seçkilər keçirilib. “Xalqın namizədi” adlandırılan Nikol Paşinyan baş nazir seçilməsi üçün lazım olan 53 səsi toplaya bilməyib. Qanuna əsasən, bir həftə sonra parlament yenidən baş naziri seçməyə çalışacaq, əks təqdirdə parlament avtomatik buraxılacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?