Parlamentin üzvü: “Administrasiyada böyük dəyişikliklər gözlənilir və məncə, Ruhaninin özü istefa verəcək”
Trampın İranla bağlı qərarı prezident Həsən Ruhaninin istefası ilə nəticələnə bilər. Bu barədə “əl-Cəzirə” telekanalının saytında dərc olunan məqalədə deyilir. Strateq.az saytında yayılan məqalədə qeyd olunur ki, ABŞ-ın sazişdən çıxması İrana mənəvi yüksəliş vermiş olsa da, bu, Ruhani administrasiyasına şamil deyil.
Parlamentin üzvü Cavad Karimi Hodzui bildirib ki, bu cür davam edəcəyi təqdirdə Ruhani hökuməti böhranla üzləşəcək. Sitat: “Özüm Ruhaninin əsas tənqidçilərindənəm, amma impiçment haqqında düşünməmişəm, ya da bunun lazım olduğunu fikirləşmirəm... Amma əgər Ruhani belə davam etmək istəyirsə, problemlərlə qarşılaşacaq və hökumət böhranla üzləşəcək. Administrasiyada böyük dəyişikliklər gözlənilir və məncə, Ruhaninin özü istefa verəcək”.
Məlum olduğu kimi, Trampın bu ayın əvvəli İranla anlaşmadan çıxması Ruhani komandasını çətin vəziyyətdə qoyub. Həsən Ruhani 2013-cü ildə prezident seçiləndə xalq qarşısında məhz nüvə razılaşmasını imzalayıb, İranı ağır sanksiyalardan xilas edəcəyinə söz vermişdi. Ruhani və komandasının gərgin çalışmalarından sonra o zamankı ABŞ hökuməti nüvə anlaşmasını imzalamağa razılaşdı və nəticədə 2015-ci ildə 6 ölkə ilə İran arasında nüvə razılaşması imzalandı. Bu həm də Ruhani üçün böyük qalibiyyət oldu, sanksiyalar yumşaldı, bloklanan hesabların bir qismi açıldı və İran rahat nəfəs aldı.
Həsən Ruhaninin 2017-ci ildə ikinci müddətə prezident seçilməsi məhz nüvə anlaşmasının nəticəsi idi. Baxmayaraq ki, mühafizəkar dairələr, o cümlədən ordu bu anlaşmaya, ümumiyyətlə, ABŞ-la bir masa arxasında oturmağa isti yanaşmırdı. Bunu isə sadə səbəblə izah edirdilər. Ali dini lider də dəfələrlə Qərbə, xüsusən də ABŞ-a etimad etməməyi tövsiyə edib, üstəlik, İranın məhz daxili istehsalı gücləndirməklə sanksiyalar qarşısında tab gətirə biləcəyini bildirib. Ruhani isə islahat xəttinin təklif etdiyi kimi Qərblə barışmağı çıxış yolu olaraq görürdü. İndi isə Trampın nüvə anlaşmasını ləğv etməsi və ardınca İran ordusu, xüsusən də İnqilab Keşikçiləri Korpusu - “Sepah”a qarşı sanksiyalar tətbiq etməsi bir mənada dini lideri və mühafizəkar qanadı haqlı çıxarır.
Bu periodda diqqəti cəlb edən tendensiya Ruhani və generallar arasında, xüsusən də “Sepah” rəhbərliyi arasında soyuqluğun, hətta demək olar ki, gərginliyin sürətlə yüksəlməsidir. Kifayət qədər müstəqil olan və sadəcə, dini liderə tabe olan “Sepah” komandanlığı Ruhaninin ABŞ-la anlaşmasının İranın dünyadakı imperializm əleyhinə mübariz imicini zədələyəcəyi, Yaxın Şərqdə əl-qolunu bağlayacağını düşünür və bu addımı təslimiyyətçilik hesab edirlər. Trampın nüvə sazişini ləğv edərkən səsləndirdiyi əsas tələblər məhz İranın raket proqramının dayandırılması və Yaxın Şərqdəki fəallığının qarşısının alınmasıdır.
İndi isə Trampın nüvə anlaşmasından çəkilməsi Ruhanini çətin vəziyyətdə qoyub. Hazırda İran hökuməti Avropa ölkələri ilə sazişin qorunması istiqamətində ciddi iş aparır. Ancaq bu iş uğursuz olsa və saziş dağılsa, o zaman Ruhaninin nüfuzu ciddi şəkildə zədələnəcək. Nəzərə almaq lazımdır ki, noyabrın əvvəlində ABŞ hökuməti İrana qarşı köhnə sanksiyaları bərpa etməklə yanaşı, yeni embarqo qərarları qəbul edəcək.
Ancaq hələlik dini lider belə desək, Ruhanini qoruyur. Ümumilikdə isə ordunun daxili siyasətə müdaxiləsini balanslaşdırmağa çalışır. Çünki Yaxın Şərqdə İŞİD-ə qarşı mübarizə nəticəsində İranda ordunun, xüsusən də bu işlərə cavabdeh olan “Sepah”ın nüfuzu yüksəlib. “Sepah”ın xarici əməliyyatlara cavabdeh olan “Qüds” briqadasının komandanı general Qasim Süleymani siyasi liderlərdən daha çox nüfuza sahibdir. Bu vəziyyət İranın hərbiləşdirilmiş dövlət imicinin yaranmasına apara bilər. Bu səbəbdən də dini lider son illərdə ordunun müəyyən qədər geri çəkilməsini istəyir. Bu ilin əvvəlində ordunun iqtisadi sektordan çəkiləcəyi xəbərlər yayıldı. Müdafiə naziri general Hatəmi bildirdi ki, ali dini liderin göstərişinə əsasən, silahlı qüvvələr (burada söhbət daha çox əsasən muxtar qurum olan SEPAH-dan gedir - K.R.) iqtisadi, istehsal fəaliyyətlərindən çəkiləcək. İSNA Agentliyinin xəbərində qeyd olunurdu ki, bu ilin sonuna qədər orduya bağlı şirkətlər özəlləşdiriləcək və silahlı qüvvələr istehsal firmalarından imtina edəcək. Nazir deyib ki, silahlı qüvvələr ən tez müddətdə sərmayə bazarını tərk edəcək. Hətta çəkiləcək bəzi şirkətlərin adlarını da qeyd edib.
Son illərdə aktivləşən “Sepah” Mahmud Əhmədinejadın şəxsində ölkə prezidenti postunu da nəzarətə götürüb. Ancaq sonradan bu tendensiya ciddi narahatlıqlara səbəb oldu və indi dini lider müəyyən qədər din xadimləri ilə olduğu kimi, ordunun da daxili siyasətə müdaxiləsini balanslaşdırmağa çalışır.
Bu səbəbdən də ali dini lider generallarla Ruhani kabineti arasında münaqişənin dərinləşməsini və dövləti bürüməsini istəmir. Üstəlik, dövlətin və dini sistemin əsas dayağı hesab etdiyi İnqilab Keşikçilərinin zəifləməsinə razı olmaz. Buna görə də ehtimal ki, dini lider Ruhaninin vaxtından əvvəl istefaya getməsinə razılıq verməyəcək. Çünki bu, həm də İranda daxili siyasi vəziyyətə mənfi təsir edə bilər. Lakin son hadisələr göstərir ki, İranda növbəti prezident seçkilərində mühafizəkar qanad qalib gələcək. Həm ölkə daxilindəki vəziyyət, həm regional şərtlər və ABŞ-da Trampın prezident olması İranda da qatı xəttin iqtidar olmasını şərtləndirir. Necə ki, Buş dönəmi Əhmədinejadı yetişdirdi. İndi isə ehtimal ki, Trampın qarşısına İranda sərt xəttin təmsilçisi çıxacaq. Bu, yazılmamış qanundur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?