Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkellə Ukrayna münaqişəsi, ABŞ-ın İranla sazişdən çıxmasına Avropanın reaksiyası və Rusiyadan Almaniyaya təbii qaz nəql edəcək boru kəmərinin tikintisi məsələlərini geniş müzakirə edib.
Putin bildirib ki, Rusiya təbii qazının qonşu Ukraynaya verilməsi ŞimalAxını-2 kəmər layihəsinin başa çatmasından sonra da davam edə bilər. Bu kəmər dənizin dibi ilə və Ukraynadan yan keçməklə Rusiya qazını Almaniyaya nəql etməlidir.
Mayın 18-də Soçidə keçirilən görüşdə Putin deyib ki, Ukraynaya qazın verilməsi bunun iqtisadi baxımdan sərfəli olduğu halda davam edəcək.
Merkel deyib ki, “Almaniya hətta ŞimalAxını-2 layihəsinin icrasından sonra da Ukraynanın tranzit ölkə kimi roluna inanır”.
O əlavə edib ki, Almaniya bunun reallaşdırılmasına dəstək verə bilər.
Bundan əvvəl mayın 18-də Putin və baş nazir Dmitry Medvedev Merkeli Soçidəki iqamətgahda qarşılayıblar.
Rusiya-Almaniya qaz kəmərinə ‘sanksiya qoyula bilər’
Rusiyadan Almaniyaya Baltik Dənizindən keçməklə planlaşdırılan qaz kəməri təhlükəsizlik əndişələri yaradır və ABŞ-ın sanksiyalarına səbəb ola bilər. Belə bir xəbərdarlıqla Birləşmiş Ştatların aparıcı diplomatı çıxış edib.
ABŞ dövlət katibi köməkçisinin müavini, departamentdə enerji siyasəti üzrə ekspert Sandra Oudkirk mayın 17-də Berlinə səfəri zamanı bu haqda danışıb. O, Birləşmiş Ştatların Şimal Axını-2 qaz kəmərinə qarşı olduğunu, bu layihənin Rusiyanın Avropada “məkrli nüfuzu”nu gücləndirə biləcəyinə görə sanksiyalarla üzləşə biləcəyini vurğulayıb.
“Bu layihənin dayandırılmasından ötrü diplomatik yollarla bacardığımız qədər təsir göstəririk”, – deyən diplomat onu da əlavə edib ki, Konqres hökumətə lazım gələndə Rusiyanın oxşar layihələrinə sanksiya qoymaq səlahiyyəti verib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?