“Səhranın Lüteri” ölkəsində nələri və niyə dəyişmək istəyir?
Sərt qadağa və məhdudiyyətlərdən ibarət, şəriət ölkəsi kimi tanınan Səudiyyə Ərəbistanında çox ciddi hadisələr baş verir. Elə hadisələr ki, hətta 2 il əvvəl bunu kimsə təsəvvür edə bilməzdi. Ancaq əvvəlcə onu qeyd etmək lazımdır ki, Krallıqda baş verənlər dini deyil, siyasi islahatlardır. Əsas məqsəd ölkənin nüfuzunu və imicini müsbətə doğru dəyişməkdir. Amma bunun üçün çox işlər görülməlidir. Hələlik isə bu istiqamətdə bir sıra hadisələr baş verib.
Əvvəlcə Mədinədə kilsə tikiləcəyi xəbərləri mediaya yol tapdı. Daha sonra kilsə tikilməsi məlumatı təkzib olunsa da, Səudiyyə Ərəbistanına səfər edib kralla görüşən Vatikanın dinlərarası dialoq təmsilçisi kardinal Jan Luis Tauran Səudiyyə rəsmilərinin ölkənin yeni imicinin yaradılmasına çalışdıqlarını və bununla bağlı Vatikanla Krallıq arasında bir anlaşma imzalandığını təsdiqləyib(1).
Ancaq yeniliklər bununla yekunlaşmır. 2015-ci ildə 91 yaşlı kral Abdullahın ölümündən sonra taxta oturan kiçik qardaşı, 80 yaşlı Salman bin Əbdüləzizin kiçik oğlu və taxt-tacda varisi Məhəmməd bin Salmanın (Qərb mediasında MBS (abrevaitura-red.) kimi qeyd olunur – K.R.) səyləri nəticəsində son bir neçə ildə Səudiyyə Ərəbistanında çoxlu sayda qadağalar ləğv olunub və inanılmaz yeniliklər baş verib. Yeniliklərin siyahısı isə xeyli uzundur.
Proseslərin mərkəzində kral Salmanın kiçik oğlu, 1985-ci il təvəllüdlü şahzadə Məhəmməd bin Salman dayanır. Salman bin Əbdüləziz 2015-ci ildə kral seçildikdən sonra oğlunu əvvəlcə ikinci vəliəhd təyin etdi. Bir qədər sonra isə Məhəmməd ibn Naif müəmmalı şəkildə hakimiyyətdən çəkildi və şayiələrə əsasən, ev dustağı edildi. Sonra isə buna qədər Səudiyyə Ərəbistanında olmayan hadisə baş verdi - kralın 32 yaşlı oğlu birinci vəliəhd, taxt-taca ən yaxın iddiaçı təyin olundu. Bu o deməkdir ki, kral Salmanın dünyasını dəyişməsi və ya könüllü olaraq tacdan imtina edəcəyi təqdirdə taxta digər və daha yaşlı şahzadələr deyil, onun oğlu Məhəmməd çıxacaq. Şahzadə isə artıq sürətlə ölkəni dəyişməyə başlayıb.
Səhrada inqilabi dəyişikliklər
2018-ci il aprelin əvvəlində Səudiyyə Ərəbistanında kart oyunları festivalı(2) keçirildi. Krallığın İdman İdarəsinin rəhbəri Türki Ali əş-Şeyxin təşəbbüsü ilə keçirilən və 4112 nəfərin iştirak etdiyi yarışda milli idmançılarla yanaşı, Kəbənin ilk qaradərili imamı tituluna sahib Adil əl-Kəlbani də qatılıb. İmamın qatılması rəmzi məna daşıyıb. Ehtimal ki, kart oyunlarının dini baxımdan haram olmadığını nümayiş etdirmək məqsədi güdüb.
Eyni zamanda aprelin sonunda Səudiyyə Ərəbistanı tarixində ilk dəfə olaraq Amerikan Güləşi Federasiyası (WWE) tərəfindən təşkil edilən müsabiqəyə ev sahibliyi(3) edib. Ciddədəki Kral Abdulla İdman Kompleksində "Greatest Royal Rumble" adıyla keçirilən və Amerika güləşçilərindən Tripl H. ilə Con Sina qarşılaşmasında Sina qalib gəlib. Tamaşaçıların marağına səbəb olan yarış dövlətə məxsus idman kanalıyla yanaşı, ölkədəki bir çox özəl idman kanalında da yayımlanıb. Bundan əvvəl isə Səudiyyə Ərəbistanı qadınlara yönəlik çoxlu sayda qadağaları ləğv elədi. Bu ilin martında vəliəhd-şahzadə elan etdi ki, artıq qadınlar “uyğun” geyimdə olduqları halda çadraya bürünmələri məcburi olmayacaq(4). Buna qədər isə qadınların ictimai yerlərdə, evdən kənarda çadraya bürünmələri məcburi idi.
Bu yeniliyi CBS kanalına verdiyi müsahibəsində elan edən vəliəhd Məhəmməd bin Salman maraqlı bir fikir səsləndirib. Şahzadə deyib ki, 1979-cu ilə qədər Səudiyyə Ərəbistanında həyat “təbii axarında” gedib. Din isə qadınların qara çadra örtməsini əmr etmirdi. Şahzadənin məhz 1979-cu il, yəni İranda İslam inqilabının baş verdiyi tarixi Ərəbistanda radikallaşmanın başlandığı təqvim kimi göstərib. Söhbət İran İslam inqilabı ilə müsəlman dünyasında geniş yayılan siyasi islam çağırışlarının qüvvətlənməsindən gedir. Şahzadənin sözlərindən belə məlum olur ki, Səudiyyə Ərəbistanında dini sərtləşmə məhz bu periodda baş verib.
Ləğv olunan qadağalardan biri də 35 ildən sonra bu ölkədə kinoteatrın açılması qərarı idi. 2018-ci il aprelin 18-də paytaxt ər-Riyadda ilk kinoteatr açılıb. Uzun illik fasilədən sonra ər-Riyadda “Qara Pantera” filmi nümayiş olunub(5)
Kralın başqa bir fərmanı ilə Səudiyyə Ərəbistanında qadınlar futbol yarışlarını stadionda izləmək hüququ əldə ediblər. Bu ilin yanvarında verilən əmrə əsasən qadınlar futbol yarışlarını stadionda onlar üçün ayrılmış sektorlarda izləyə biləcəklər(6). Fevralda isə artıq krallıq ərazisində ilk diskotekanın(7) açıldığını göstərən video və xəbərlər yayılmağa başladı. Kralın ötən ilin sentyabrında imzaladığı fəamana əsasən qadınlar avtomobil idarə etmək, kütləvi tədbirlərdə iştirak etmək haqqı verildi. Yeri gəlmişkən, vəliəhd-şahzadənin ötən ilin payızında elan etdiyi “Vizyon-2030” proqramı ölkədə bir çox məhdudiyyətləri götürməyi nəzərdə tutur. Onların bəzisi artıq reallaşıb və ya reallaşmaqda davam edir. Yeri gəlmişkən, Səudiyyə Ərəbistanında qadınların seçkilərdə iştirak hüququ 2011-ci ildə o zamankı kral Abdullah bin Əbdüləziz tərəfindən verilib. 2015-ci ilin dekabrında keçirilən seçkilərdə kral Salman bin Əbdüləziz zamanında qadınlar bələdiyyə seçkilərində iştirak edib(8).
Ancaq Səudiyyə Ərəbistanında qadağalar hələ çoxdur və görünən odur ki, vəliəhd-şahzadə onları ləğv etməkdə davam edəcək. Təbii ki, “əcəl” imkan verərsə. Klassik monarxiyalarda saray sui-qəsdləri heç də nadir hadisə deyil. Səudiyyə Ərəbistanı kralı, dünya neft böhranına səbəb olmuş və Fələstin məsələsində qətiyyətli çıxışlar edən kral Faysal bin Əbdüləziz 1975-ci il martın 25-də sarayda öz adını daşıyan ögey qardaşı oğlu Faysal bin Musad tərəfindən öldürülüb. Belə görünür ki, Səudiyyə sarayında indi də sui-qəsd qorxusu var, MBS əmisinin taleyini yaşamaqdan ehtiyatlanır.
Ötən ilin noyabrında “New York Times” qəzetinin müxbiri Tomas L.Fridmana verdiyi müsahibədə(9) ölkəsində apardığı antikorrupsiya mübarizəsi, həbslər və yumşalma islahatları haqqında danışarkən şahzadə Məhəmməd də ölüm təhlükəsindən danışıb. İslahatlarının sürətli olmasını ölüm qorxusu ilə izah edib. Sitat: “Beynimdə olan fikirləri reallaşdırmadan ölməkdən qorxuram. Həyat çox qısadır və çox şeylər ola bilər. Öz gözlərimlə görmək istəyirəm. Ona görə də tələsirəm”.
Belə görünür ki, bu risk mövcuddur. Məsələn, bu il aprelin 21-də gecə saatlarında Səudiyyə Ərəbistanında çevriliş xəbərləri yayıldı. Əvvəlcə sosial media, ardınca isə nüfuzlu agentliklər ər-Riyadda kral saraylarından birinin ətrafında atışma olduğu xəbərlərini yaydı. Xəbərlərdə quru qoşunları komandanı Alukas Nepilsin çevriliş etdiyi və onun rəhbərlik altında olan hərbçilərin saraya daxil olmaq istədiyi zaman atışma olduğu bildirilirdi. Ancaq daha sonra hökumət rəsmiləri məlumatı təkzib edib, sadəcə saraylardan birinin üzərində icazəsiz dron uçduğu və təhlükəsizlik qüvvələri tərəfindən vurulub salındığı açıqlandı. Ancaq müstəqil mənbələr bir neçə gün krallıqda sui-qəsd cəhdi barədə yazmaqda davam edirdilər. Bu isə həm dünyanın, həm də Ərəbistan cəmiyyətinin içəridən hansısa gözlənilməz hadisəyə hazır olduğunu göstərir.
Yeri gəlmişkən, hadisə oyuncaq dron uçuşu kimi izah edilsə də, saraya zirehli texnika və silahın gətirilməsi, atışma baş verməsi ciddi şübhələrə səbəb olub. Ehtimal olunur ki, qiyam cəhdi baş verib, ancaq uğursuz olub. Maraqlıdır ki, şahzadə bu hadisədən sonrakı 3 həftə ərzində mediada görünməyib. Yalnız mayın 18-də Məhəmməd bin Salmanın ofis müdiri Bədr əl-Asakir twitter-də Misir və BƏƏ prezidenti, eləcə də Küveyt əmiri ilə şahzadə Məhəmmədin birgə çəkilmiş fotolarını yayınlayaraq şahzadənin Misirdə görüşlərdə olduğuna işarə edib.
İqtisadi və siyasi islahatlar
Səudiyyə Ərəbistanında şahzadənin islahatları yalnız sərt şəriət qaydalarının yumşaldılması ilə müşayiət olunmadı. Eyni zamanda iqtisadi və siyasi sahədə dəyişikliklər də qeydə alındı. Hər şey vəliəhd şahzadə Məhəmməd ibn Salmanın ölkənin “mülayim islama keçəcəyi” barədə bəyanatından sonra başladı. Oktyabrın sonlarında şahzadə 500 milyard dəyərində qiymətləndirilən NEOM layihəsini elan etdi və bildirdi ki, yaxın zamanlarda ölkəsi bu layihə ilə birlikdə radikal islamdan imtina edəcək.
NEOM meqa-layihəsi Ərəbistanın(10) şimalında, Qırmızı dənizin sahilində - İordaniya, Misir sərhədləri yaxınlığında yerləşəcək şəhərdir. İlkin olaraq 500 milyard dollar investisiya yatırılması nəzərdə tutulan nəhəng layihə əsasında tikiləcək şəhərin ümumi sahəsi 26 min kvadrat kilometr olacaq. NEOM-da peşəkar kadrlar yaşayacaq və işləyəcəklər. Fiziki işi isə sayları şəhər sakinlərindən çox olacaq robotlar görəcəklər. NEOM iqtisadiyyatı üçün prioritet sahələr rəqəmsal texnologiyalar, yeni energetika, bioenergetika və media olacaq. Eyni zamanda yeni şəhərdə dini və sərt şəriət qaydaları işləməyəcək. Qırmızı dəniz sahili boyunca 470 kilometrlik ərazini əhatə edəcək şəhərin çimərliklərində qadın və kişilərin istirahət etməsi mümkün olacaq. Yerli qaydalar ən yaxşı halda Dubay qanunlarına bənzəyəcək.
Səudiyyə Ərəbistanının turizmlə bağlı verdiyi qərar ölkə iqtisadiyyatının neftə olan asılılığını azaltmağı hədəfləyir. 2030-cu ilə qədər ildə 30 milyon turist cəlb etmək və 2020-ci ilə qədər isə turizmdən əldə edilən illik gəliri 47 milyard dollara çatdırmağı düşünür. Artıq bununla bağlı krallıq turizm və viza qaydalarını dəyişir. Belə ki, buna qədər turizm gəliri sadəcə müsəlman ölkələrdən həcc ibadətini yerinə yetirmək üçün gələn zəvvarlardan ibarət olan Səudiyyə Ərəbistanı turizmdə dəyişiklik etməyə, istəyən hər kəs üçün Ərəbistana viza almaq imkanı yaratmaq planını açıqlayıb.
Antikorrupsiya həbsləri
Şahzadə NEOM layihəsini elan etdikdən bir neçə gün sonra – konkret noyabrın 4-də Səudiyyə Ərəbistanında qəfil həbslər başlayıb. Həbslər Korrupsiya ilə Mübarizə Komitəsinin yaradılması haqda kral fərmanı elan edildikdən bir neçə saat sonra həyata keçirilib. Komitəyə isə vəliəhd şahzadə Məhəmməd ibn Salman rəhbərlik edib. Səudiyyə mediası yeni yaranan Komitənin korrupsiya istintaqı aparmaq və həbslər həyata keçirmək səlahiyyətinin olduğunu yazırdı. Həbslər əsasən korrupsiya ittihamı ilə aparılıb, çünki birinci dalğada həbs olunan 40-a yaxın şəxsin əksəriyyəti 2009-cu ildə Ciddədə baş verən sel və 2012-ci ildə “Mers virusu”nun yayılması zamanı baş verən korrupsiya hadisələrində ittiham olunublar. Həbs olunan şəxslərin əksəriyyəti siyasi olaraq nüfuzlu, dövlətdə açar postları tutan və böyük sərvətə sahib olan ailə üzvləri olub. Məsələn, Milli Qvardiya naziri, şahzadə Mitəb ibn Abdullah və hərbi dəniz donanmasının komandanı, admiral Abdullah ibn Sultan ibn Muhəmməd əl-Sultan da həbs olunanlar arasında olub. Həbs olunanlar arasında sabiq maliyyə naziri və Səudiyyə Ərəbistanı rəsmi dövlət şirkəti “Aramco”nun idarə heyətinin üzvü İbrahim əl-Assaf, iqtisadiyyat naziri Adil Fəqih, ər-Riyadın sabiq valisi şahzadə Türki ibn Abdullah, Krallıq Məhkəməsinin sabiq sədri Xalid əl-Tuvaiciti, Bin Laden tikinti korporasiyasının rəhbəri Baqir bin Laden də olub.
Hadisələrdən bir həftə sonra Krallığın baş prokuroru Şeyx Səud əl-Macub bildirib ki, 208 nəfər saxlanılıb(11), onlardan 7-si azad edilib. Eyni zamanda o deyib ki, həbslər davam edəcək. Çünki korrupsiyaya bulaşmış şəxs və qurumların sayı çoxdur. Söhbət azı 100 milyard dollar vəsaiti mənimsəməkdən gedirdi. Noyabrın sonunda artıq şahzadə elan etdi ki, saxlanılan şəxslərin 95 faizi günahlarını etiraf edib. Onlar krallıq büdcəsindən oğurlanmış 100 milyardan çox vəsaiti geri ödməyə razılaşıblar(12). Böyük məbləğdə ödəməyə razı olan şahzadələrdən biri də krallığın ən varlı adamlarından hesab olunan şahzadə Vəlid bin Talal idi. Şahzadənin 17 milyardlıq sərvətinin bir qismindən vaz keçdikdən sonra azadlığını geri ala bildiyi iddia olunurdu. Yeri gəlmişkən, həbslər zamanı krallıq tarixində ilk dəfə olaraq şahzadə tituluna sahib qadın - Vəlid ibn Talalın qızı Rim bint əl-Vəlid də həbs olunmuşdu. Ancaq o da daha sonra atası kimi azadlığa buraxıldı. Vəlid bin Talal haqqında bir başqa iddia isə onun nənəsinin erməni olması və 12 yaşında ikən Səudiyyə Ərəbistanı qurucusu Əbdüləzizə verildiyi, Talalın da ondan dünyaya gəldiyi iddia olunur(13). Bu iddianı ilk dəfə “Asia Times” nəşrində dərc olunan məqalədə Con Rossant irəli sürüb.
Daxildə yumşalma, xarici siyasətdə daha da tündləşən aqressiv xətt
Səudiyyə Ərəbistanında kral Salman 2015-ci il yanvarın 23-də taxta əyləşdikdən 2 ay 3 gün sonra Yəmənə hərbi müdaxilə etdi. 10 ölkədən ibarət koalisiya quran ər-Riyad Yəməndə devrilmiş prezident Mansur Hadini yenidən vəzifəsinə geri qaytarmaq, ölkənin şimalından çıxan və 2014-cü ildə hakimiyyəti ələ keçirən İrana yaxın husiləri cəzalandırmaq üçün Yəmənə havadan, dənizdən və qurudan hərbi müdaxilə başlatdı. Bu savaş indi də davam edir. Eyni zamanda müdafiə naziri postunu tutan vəliəhd-şahzadə Məhəmməd bin Salman Yəmən əməliyyatına rəhbərlik edir.
Yəmənə son 3 ildə davam edən aramsız hava zərbələri nəticəsində 14 min nəfərə yaxın dinc insan ölüb. Bunlardan 2900-ə yaxını uşaq, 2 mini isə qadındır. Hava zərbələri nəticəsində 722 nəfəri uşaq, 2300-dən çoxu qadın olmaqla, 22 min nəfərə yaxın insan isə yaralanıb. Yəmənin bombalanması nəticəsində 15 aeroport, 14 liman, 2144 körpü və keçid, 174 elektrik stansiyası, 524 supaylayıcı stansiya, 387 poçt və 684 dövlət binası dağıdılıb. Ümumilikdə 410 min mənzil yararsız hala düşüb. Bundan başqa, 829 məscid, 301 xəstəxana və tibb ocağı, 827 məktəb, 118 elmi mərkəz və digər obyektlər dağıdılıb və ya istifadəyə yararsız hala düşüb.
Maraqlıdır ki, Səudiyyə Ərəbistanı hakimiyyəti daxilindəki yumşalma meylləri xarici siyasətdə daha iddialı və aqressiv xəttə çevrildi. 2017-ci il mayn 19-21-də ABŞ prezidentinin də iştirakı ilə bir çox müsəlman ölkələrinin (o cümlədən Türkiyə və Azərbaycanın – K.R.) dövlət və hökumət başçılarının ər-Riyadda toplantısı keçirildi(14). Bu toplantıda müsəlman ölkələrinin terrora qarşı birgə mübarizəsi ilə bağlı çağırışı oldu. Ancaq ən əsası ABŞ və Səudiyyə Ərəbistanı arasında bəzi iddialara görə 110 milyard dollarlıq silah(15) anlaşması imzalandı.
Ancaq ər-Riyad sammitindən iki həftə keçməmiş Səudiyyə Ərəbistanı və Qətər arasında terrorizm ittihamı ilə münaqişə yarandı. İyunun 5-də Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Bəhreyn bəyanat yayaraq Qətəri terrorizmə dəstək verməkdə ittiham edib və bu ölkə ilə əlaqələrini dayandırdıqlarını bəyan edib. Daha sonra Qətərə qarşı 13 maddədən ibarət tələblər irəli sürülüb. Hazırda Qətərlə böhran həllini tapmayıb və adları çəkilən ölkələr hələ də blokadanı davam etdirir. İkinci regional siyasi böhran Livanda yaşanıb. 2017-ci il noyabrın əvvəlində Livan baş naziri Saad Həriri ər-Riyada səfər edib və burada televiziya vasitəsilə çıxış edə istefa verdiyini bildirdi. O çıxışında bölgədə İranın dağıdıcı rolundan bəhs edib.
Həmçinin Livan Hizbullah hərəkatının Suriyadakı fəaliyyətini kəskin şəkildə tənqid edib. Eyni zamanda çıxışında həyatına təhlükə olduğunu bəyan edərək istefa verdiyini elan edib(16).
Livan böhranı yalnız Fransa prezidenti Emmanuel Makronun işə qarışaraq ər-Riyada səfər etməsi və Həririni Parisə dəvət etməsi ilə sona çatıb. Baş nazir Həriri ər-Riyaddan Parisə gedib və burada Makronla görüşdükdən sonra Beyruta qayıdaraq istefasından imtina edib və vəzifəsinə davam edib. Ancaq həmin vaxt media Həririnin ər-Riyada gözlənilməz səfəri və istefa verməsini Səudiyyə Ərəbistan rəhbərliyinin Livanda İranla toqquşması kimi yozub. Çünki Livanda böhran yaranacağı təqdirdə ölkədə yeni silahlı toqquşmanın və Məhəmməd bin Salmanın dediyi kimi. İranın əsas gücü olan Hizbullahın silahsızlaşdırılması məsələsi gündəmə gələcəkdi. Ancaq Fransa və BMT Livanda növbəti siyasi böhran və vətəndaş müharibəsinin baş verməsinin qarşısını aldı. Ancaq ümumilikdə Səudiyyə Ərəbistanının regiondakı aqressiv kursu hələ də davam edir. Təbii ki, əsas rəqibi İrana qarşı. İran ali dini liderini Hitlerə bənzədən MBS yaxın 15 ildə İranla müharibə(17) edə biləcəklərini bildirib.
Daxildən təpkilər
Təbii ki, hər kəsi krallıqda baş verənlərə xalqın necə reaksiya verəcəyi düşündürürdü. Ancaq görünən odur ki, əhalinin böyük bir qismi vəliəhdin “açılımlarına” müsbət yanaşır. Matç izləmə, kinoteatr açılması, qadınlara sürücülük hüququn tanınması, diskoteka açılması kimi addımların “aşağıda” ciddi rəğbət görəcəyi düşünülürdü. Məsələ ondadır ki, təkcə Ərəbistanda deyil, ümumilikdə müsəlman aləmində radikal, şəriətçi islam görüşü xeyl zəifləyib. Xüsusən də “ərəb baharı” sonrası başlayan proseslər, İŞİD və bənzər radikal dinçi qrupların meydana çıxması, hətta İŞİD-in şəxsində dövlət qurmaq təşəbbüsləri bütövlükdə müsəlman aləmində yığılmış şəriət tərəfdarı fikrinə ciddi zərbə vurdu. Hətta 10 il əvvələ qədər siyası islamın sürətlə inkişaf etdiyi ölkələrdə belə son illərdə şəriət tərəfdarlarının sayı azalmaqdadır.
Ancaq istənilən halda ən azı son 40 ildə qatı şəriət qanunları ilə idarə olunan Səudiyyə Krallığında hakimiyyətin “yuxarıdan” həyata keçirdiyi yumşalma fəaliyyətlərinə dini elitanın hansı reaksiyanı verəcəyi maraq doğururdu. Qeyd edək ki, Səudiyyə Ərəbistanında dini fəaliyyətləri 3 əsas qurum idarə edir. Əsas mərkəzi qurum baş müfti və onun rəhbərlik etdiyi Üləma Heyətidir. İkinci mühüm təşkilat ölkənin bütün nöqtələrində fəaliyyət göstərənə və əhali üzərində ciddi təsiri olan “Əmr bi əl-məruf və nəhy ən əl-Münkər” (Yaxşılığa dəvət və pislikdən çəkindirmək – K.R.) təşkilatıdır. Üçüncü mühüm dini qurum isə Əxlaq Polisi hesab olunur
Ancaq hələ 2016-cı ilin payızında Səudiyyə Ərəbistanı hökuməti bəyannamə yayaraq əxlaq polisinin hüquqlarını məhdudlaşdırıb(18). Yeni qərara əsasən əxlaq polisi artıq gündəlik həyata müdaxilə etmək, şəriət qaydalarına riayət etməyənləri həbs etmək və cəzalandırmaq səlahiyyətindən məhrum edilib. Yeni qaydalara əsasən əxlaq polisi sadəcə qanunsuzluqla bağlı polis və müvafiq hökumtə qurumlarına məlumat verəcək.
Bu ilin əvvəlində ölkənin nüfuzlu din xadimlərindən olan Şeyx Məhəmməd Muheysini həbs olunub(19). Xarici mediada (yerli mətbuat yazmır bu mövzularda – K.R.) çıxan xəbərlərə görə Səudiyyə Ərəbistan hakimiyyətinin İsraillə yumşalma addımlarını tənqid edən və buna qarşı olan bir çox din adamı həbs olunub. Ancaq o da məlumdur ki, Məhəmməd Muheysinin oğlu Abdullah Muheysini Suriyada Bəşər Əsədə qarşı cihad fəaliyyətlərini dəstəkləyib.
Bir başqa iddiaya görə, keçmiş kral Fəhd bin Əbdüləzizin oğlu şahzadə Əbdüləziz hökumətin İsraillə yaxınlaşma siyasətinə qarşı çıxdığı üçün qətlə yetirilib. Şahzadə sosial şəbəkədə aktiv olub və müsəlmanları Qüds, Məscid əl-Əqsa üçün cihada səsləyib. İddialara görə. Ötən ilin noyabrında şahzadə onu həbs etməyə gələn krallıq polisinə müqavimət göstərib və bu zaman baş verən atışmada öldürülüb.
Ancaq əsas dini qurum, fətva mərkəzi olan Üləma Heyəti hələlik formal da olsa, kralın islahatlarını dəstəkləyir. Ötən ilin noyabrında Səudiyyə Ərəbistanı baş müftisi və Üləma Heyətinin rəhbəri Əbdüləziz Ali Şeyx “İsrailə qarşı savaşın caiz olmadığı”(20) haqda fətva verib. Böyük müfti bu barədə yerli kanalların birində verilişdə iştirak edərkən açıqlama verib. Tamaşaçının sualına cavab olaraq Şeyx deyib ki, Məscid əl-Əqsada baş verənlərə görə İsrailə qarşı savaş (cihad) etmək caiz, yəni icazəli deyil. Eyni zamanda müfti Hizbullah və Həmas təşkilatını da fəaliyyət metodlarına görə “terrorçu” adlandırıb.Doğrudur, daha sonra bu ifadə təkzib olundu, müftinin İsrail barədə elə söz demədiyi qeyd edilib. Ancaq müftinin Həmas kimi təşkilatı terrorçu adlandırması yuxarıdakı mövqeyini təsdiq edir.
Bu ilin əvvəlində isə vəliəhd-şahzadənin əmri ilə krallığın əsas dini təbliğat qurumu olan “Əmr bi əl-Məruf və nəhy ən əl-Münkər” təşkilatının səlahiyyətləri məhdudlaşdırılıb. Bunun ən bariz nümunəsi isə vəliəhdin əmri ilə verilən konsertlərə müdaxilə edən qurum üzvlərindən birinin həbs olunması olub. Krallıq ərazisində verilən konsertlərin birində təşkilatın nüfuzlu üzvlərindən biri səhnəyə çıxaraq qılınc rəqsinə etirazını bildirib. Ancaq polis müdaxilə edərək din adamını həbs edib aparıb. Bu hadisənin visosu sürətlə yayılıb və ciddi müzakirələrə səbəb olub. Ötən bir ildə müxtəlif ittihamlarla krallığın yeni siyasi kursunu tənqid edən şəxslər saxlanılıb.
Bu il martın sonunda ABŞ-a səfər edən vəliəhd-şahzadə Məhəmməd bin Salman “soyuq müharibə” illərində ABŞ-ın istəyi əsasında SSRİ-yə qarşı vəhabiliyi yaydıqlarını bildirib. O, “Washington Post” qəzetinə verdiyi müsahibəsində şahzadə deyib ki, sovetlərin müsəlman ölkələri ilə əlaqələrinin inkişafının qarşısını almaq üçün müttəfiqləri olan ABŞ hökuməti vəhabiliyi yaymalarını istəyib(21). Krallıq da bununla bağlı imkanlarını səfərbər edib. Ancaq şahzadə etiraf edib ki, bu məsələdə iş “cızığından çıxıb”. Şahzadə deyib ki, indi hər şeyi geriqaytarmaq üçün çalışırlar.
İsrailə dair siyasət dəyişir
Ancaq təbii ki, ən çox nəzərə çarpan hadisə Səudiyyə Ərəbistanının İsrail siyasətinin dəyişməsi oldu. Əslində, burada təkcə islahat faktoru rol oynamadı. Böyük ehtimalla regional şərtlər də öz sözünü dedi. ABŞ hakimiyyəti və xüsusən də prezident Trampın kürəkəni yəhudi əsilli Kuşnerlə yaxınlaşan vəliəhd Məhəmməd həm də İrana qarşı cəbhəyə liderlik etmək üçün İsraillə yaxınlaşmağa məcbur idi. Hər halda Yəməndə, Livanda, Suriyada Səudiyyə Ərəbistanına qarşı savaşan İran idi. İrana qarşı güclü olmaq üçünsə Səudiyyənin daha güclü müttəfiqə ehtiyacı vardı. Bu müttəfiq isə İsrail idi.
Yuxarıda Səudiyyə üləmasının İsraillə cihad barədə fətvasını qeyd elədik. Amma siyasi sahədə də ciddi addımlar atılıb. Məsələn, bu ilin əvvəlində ilk dəfə olaraq Səudiyyə Ərəbistanı öz ərazisini İsrailə uçan bir təyyarə üçün açıb(22). Bu, krallıq tarixində bir ilkdir, çünki Səudiyyə Ərəbistanı İsraili dövlət kimi tanımır, bu ölkə ilə bütün əlaqələr qadağandır. Ancaq belə görünür ki, İsraillə yaxınlaşma təkcə bununla yekunlaşmayacaq. Əslində iki ölkə arasında müzakirələr daha əvvəldən olub(23). Əsasən İrana qarşı mübarizə mövzusu ər-Riyad və Təl-Əvivi bir-birinə yaxınlaşdırır(24).
Aprelin əvvəlində Amerikada dərc olunan “The Atlantic” jurnalına verdiyi müsahibədə vəliəhd-şahzadə Məhəmməd bin Salman İsrailin öz torpaqlarına sahib olmaq, dövlət qurmaq haqqının olduğunu bildirib(25). Vəliəhd bu sözü dilinə gətirən ilk Səudiyyə rəsmisi hesab olunur.
Martın sonu və aprelin əvvəllərində ABŞ-da səfərdə olan şahzadə bu mövzuda necə deyərlər, son nöqtəni qoydu. İsrailin yerli “Kanal-10” telekanalının məlumatına görə(26), Amerikada yəhudi təşkilatlarının təmsilçiləri ilə görüşündə Məhəmməd bin Salman hər kəsi necə deyərlər, şox edən açıqlama verib. Şahzadə deyib ki, “fələstinlilər 40 ildir onlara edilən bütün təklifləri rədd ediblər, artıq fələstinlilər ya təklifləri qəbul etməli, ya da ağızlarını yumub sakit oturmalıdırlar”. Kanalın iddiasına görə toplantıda iştirak edən təhudi diaspor təmsilçiləri şahzadənin açıqlamalarından heyrətə gəliblərmiş.
Bundan sonra nə olacaq? (Nəticə əvəzi)
Türkiyənin məşhur Yaxın Şərq yazarlarından Fəhim Taştəkin Məhəmmdə bin Salmanı yarı zarafat “çölün Martin Lüteri” adlandırdı. Məhəmməd bin Salman çox ciddi görünən dəyişikliklərə imza atıb. Bu dəyişikliklər həm siyasi, həm dini sahələri əhatə edir. Əslində isə bütövlükdə təkcə Ərəbistan cəmiyyəti deyil, bütün müsəlman aləmi və dünya üçün bu və ya digər formada maraqlı olan bir proses baş verir.
İndi ən əsas sual ondan ibarətdir ki, dünyanın ən qatı və sərt qanunları ilə idarə olunan bir ölkədə birdən-birə hakimiyyətin ən üstündə olan şəxslər nədən bu cür sərt dəyişikliyə getməyə qərar verdilər? Bu dəyişiklikləri şərtlərndirən amillər nələrdir? Məhəmməd ibn Salmanın başlatdığı proses iqtisadi baxımdan ölkənin neftdən asılılığını azlatmağa xidmət edir Ölkə zəngin neft-qaz ehtiyatlarına malik olsa da, son illərdə dünyada neftin qiymətinin kəskin ucuzlaşması gündəlik 10 milyon bareldən (ortalama) çox neft ixrac edən Səudiyyə Ərəbistanına da ciddi zərbə vurdu. Son illərdə böyük həcmdə büdcə kəsirləri yarandı və krallığın valyuta ehtiyatlarında ciddi rəqəmlə ölçülən azalma baş verdi. Tamamilə istehlak cəmiyyətinə çevrilən Səudiyyə Ərəbistanı krallığının neft və qazdan əldə etdiyi gəlirlərin böyük qismi xaricdən mal və məhsul alınmasına xərclənir. Ərəb zənginləri hər il milyardlarla dolları xarici ölkələrin turizm mərkəzlərində xərcləyir. Şahzadə Salmanın yeni layihəsi ilk növbədə turizm və qismən yeni texnologiyaların işlənməsi sahəsində yerli istehsala qoyulan yatırımdır.
Siyasi baxımdan əsas məsələ bu addımların ölkənin imicini dəyişməsidir. Qatı şəriət dövləti imici artıq səudiyyəlilər üçün də problemə çevrilməyə başlayıb. Qərbdə hökumətlərlə yaxşı əlaqələri qoruyub saxlasalar da, ildən-ilə dünya ictimai rəyində Səudiyyə Ərəbistanına qarşı ittihamlar artır. 2016-cı ilin aprelində ABŞ Konqresinin uzun illər gizli saxlanılan 11 sentyabr hesabatının 28 səhifəlik hissəsinin açıqlanacağı ilə bağlı iddialar dünya mediasında uzun müddət müzakirə olundu. İddialara görə, həmin 28 səhifədə 11 sentyabr terrorunda Səudiyyə Ərəbistanının rolu olması yer alır. Bu qanunun yenidən qəbul olunması isə ABŞ vətəndaşlarına (11 sentyabrda maddi və mənəvi zərər görmüş insanlar K.R.) Krallığı məhkəməyə vermək hüququ verirdi. Bu hadisə Vaşinqton və ər-Riyad arasında gərginliyə səbəb oldu. Ərəbistan ABŞ-dakı 750 milyard dollarlıq investisiyasını geri çəkəcəyi ilə hədələdi. Bütün bunlar Səudiyyə Ərəbistanının dövlət kimi imicini ciddi şəkildə zədələdi. Son illərdə hətta ən yaxın müttəfiqi olan Qərb ölkələrində belə Səudiyyə Ərəbistanına qarşı ittihamlar və soyuq münasibət formalaşmışdı. Bu isə ilk növbədə ölkədə hakim olan radikal İslam xətti, müftilərin ifrat sərt fətvaları ilə birbaşa bağlı idi. Çünki ölkə şəriət dövləti idi, dövlət adından verilən qərarlar həm də İslam dini hökmləri kimi oxunur.
Bu səbəbdən də indi həm Yaxın Şərqdəki lider rolunu möhkəmlətmək, həm də dünyada imicini dəyişmək üçün Səudiyyə Ərəbistanının qatı şəriətçi ölkə imicini yumşaltması lazımdır. Üstəlik artıq dünyada və müsəlman aləmində şəriətçi baxış dəstəyini itirir və radikal islam elə də cəlbedici deyil. Üstəlik yumşalma addımları cəmiyyətin içərisindən rəğbətlə qarışlanır. Bunu diskotekaya, idman yarışlarına axın edən kütlələr də təsdiqləyir. Amma təbii ki, illərdir qatı şəriət qanunları ilə idarə olunan ölkədə bu dəyişikliklərdən narazı olanlar da var. Hələlik isə onların səsləri elə də yüksəkdən gəlmir. Səsi gələnlər də cəzalandırlır. Digər tərəfdən hökumət sələfi təbliğ fondlarına özü olmasa da, hakimiyyətə bağlı ailələr tərəfindən yardımlar davam edir. Şahzadə MBS özü də etiraf edib ki, indi müstəqil xeyriyyə fondları dini təbliğat təşkilatlarına yetərincə yardımları davam etdirir. Elə hökumətin özü də bəzi ekspertlərə görə xarici ölkələrdə dini fəaliyyətləri böyük ölçüdə davam etdirir(27). Bu səbəbdən də dini mərkəzlər, böyük müftilər hələlik siyasi hakimiyyətlə anlaşa bilirlər. Ancaq aydın məsələdir ki, uzun illərdir indiki şəraiti qoruyub saxlayan Səudiyyə din adamları vəziyyətdən o qədər də razı deyil. Lakin indilik hakimiyyət çox güclü olduğu üçün hər hansı qarşıdurmanın yaranması gözlənilmir. O cümlədən ölkədən kənarda da radikal təkfirçi xətdən başqa ənənəvi sələfi qrupların krallıq hakimiyyətinə qarşı hər hansı etiraz nəzərə çarpmır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?