Ermənistan hakimiyyəti baş nazir Nikol Paşinyanın iyulun 11-12-də Brüsseldə keçiriləcək NATO sammitində iştirakı ilə bağlı ciddi dilemma qarşısındadır.
Nikol Paşinyanın NATO sammitində iştirak üçün Brüsselə ilk rəsmi səfərə hazırlaşması Rusiyanı “dəhşətli dərəcədə” narazı salıb. Üstəlik Moskvadan bunu rəsmi Yerevanın diqqətinə çatdırmağı da lazım biliblər.
Rəsmi Moskva nəinki Paşinyanın Brüsselə gözlənilən səfərindən narazıdır, üstəlik NATO rəsmisi Ceyms Appaturayın bu səfərlə bağlı bəyanatından da xoşu gəlməyib. Ceyms Appaturay bu səfəri şərh edərək NATO-nun Ermənistanla tərəfdaşlığı dərinləşdirmək niyyətində olduğunu bildirib.
Xəbərlərə görə rəsmi Moskvanın mövqeyinin İrəvana çatdırılmasından sonra Ermənistan XİN bir neçə gün ərzində bu məsələni “çeynəyib”, Rusiyaya izah etməyə çalışıb ki, Ermənistan baş naziri NATO sammitinin əsas gündəliyinin müzakirəsində iştirak etməyəcək, Əfqanıstandakı sülhməramlı əməliyyatlarla bağlı müzakirələrə qatılacaq. Hansı ki, NATO sammtinin gündəliyinə əsasən alyans üzvləri Rusiyanın təcavüzünün qarşısının alınmasını müzakirə edəcəklər.
Lakin Ermənistan tərəfinin bu cür izahat vermək cəhdləri Rusiyanı tamamilə özündən çıxarıb. Hər halda Paşinyan Brüsselə getməyə hazırlaşır və orada NATO Baş katibi Yens Stoltenberglə görüşü planlaşdırılır.
Əslində Ermənistanın NATO ilə əməkdaşlığı hələ Paşinyanın hakimiyyətə gəlişindən əvvəl Moskvanın xoşuna gəlmirdi. Çünki son illər Ermənistan NATO ilə tərəfdaşlığı bir neçə istiqamətlər üzrə genişləndirib , alyansın təlimlərində və proqramlarında yaxından iştirak edib. İndi isə Paşinyanın hökuməti bu xətti daha da irəli aparmaq niyyətindədir. Hansı ki, onun qərbyönümlü kadrlardan formalaşmış hökuməti onsuz da Moskvada ciddi narahatlıq doğurmuşdu.
Belə görünür ki, Kremli təkcə Paşinyanın Brüsselə səfəri qəzəbləndirməyəcək. “Jamanax” qəzetinin yazdığına görə sentyabrın 8-də ABŞ-dan Ermənistana böyük nümayəndə heyəti səfər edəcək. Nümayəndə heyətinin tərkibində konqresmenlər və senatorlar, habelə iri Amerika korporasiyalarının nümayəndələri yer alacaq.
Bu nümayəndə heyətinin məqsədi Ermənistanın yeni hakimiyyətinə siyasi və iqisadi dəstək verməkdir. Gözlənilir ki, Ermənistana ABŞ-dan iri həcmdə investisiyaların yatırılması müzakirə olunacaq.
“Qraparak” qəzeti isə Rusiyanın Paşinyan hakimiyyətinə münasibətinə dair daha bir maraqlı xəbəri çatdırıb. Orada deyilir ki, MDB-yə, KTMT-yə üzv olan ölkələr arasında məxfi informasiyaların mübadiləsi zamanı kifayət qədər ilginc vəziyyət yaranıb. Rusiya tərəfi məxfi informasiyaları Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryana verməməyi tapşırıb.
“Mötəbər və informasiyalı mənbələrin məlumatına görə Rusiyanın təhlükəsizlik dairələri Ermənistanın milli təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana etibar etmir. Çünki o, Ermənistanda keçirilmiş “Putin fuck” aksiyalarının təşkilatçılarından və Ermənistanın KTMT-dən çıxmasına çağıranlardan biridir. Buna görə də Milli Təhlükəsizlik Xidmətinə, Müdafiə Nazirliyinə, silahlı qüvvələrin Baş qərargahına məxfi informasiyaların təqdim edilməsi zamanı tələb qoyulur ki, həmin informasiyalar milli təhlükəsizlik Şurasından yan keçsin və Qriqoryana təqdim olunmasın”-qəzet yazır.
Ermənistanın yeni hakimiyyəti ilə Kreml arasında bu etimadsızlığın daha da dərinləşəcəyi gözlənilir. Paşinyan hakimiyyətə gələndən sonra Rusiyanın ünvanına nə qədər xoş sözlər deməyə çalışsa da birmənalıdır ki, Kremldə ona və hökumətinə etibar etmirlər, üstəlik qərbə meyllənməyin Ermənistana hansı qiymətə başa gələ biləcəyinə dair müxtəlif kanallarla mesajlar da verirlər.
Sorğu
Yeni dizaynımız necədir?