ABŞ prezidenti Donald Trampın tvitter hesabında ağlına nə gəlirsə onu yazmaq şakəri bir çox hallarda ölkəsi ilə digər dövlətlər arasında qalmaqallara yol açır.
Bu günlərdə Tramp onu irqçi olmaqda ittiham edənlərin əlinə yeni fürsət verib.
Belə ki, ABŞ prezidentinin “Cənubi Afrika Respublikasında ağ fermerlərin torpaqlarının qəsb edildiyi və öldürüldüyü” barədə statusu iki ölkə arasında gərginliyə yol açıb.
Cənubi Afrika Repsublikası tvitterdəki rəsmi hesabından “Trampın sözləri bizim insanlarımızı bölmək məqsədini güdən və bizə xalqımızın uzun illər boyu istismara məruz qoyulduğu günləri xatırladan açıqlamadır. Hökumətimiz ABŞ prezidentinin ağdərili fermerlərin torpaqlarının ələ keçirildiyi və öldürüldüyü yönündə iddiasını qəti olaraq rədd etməkdədir”, deyə status paylaşıb.
CAR Rabitə naziri Nomvula Mokonyane jurnalistlərə Trampın açıqlamasını “yersiz” hesab etdiyini bildirib. Mokonyame ABŞ prezidentinin tvitterdə işlətdiyi cümlələrin iki ölkə arasındakı münasibətlərin yaxşılaşmasına müvafiq olmadığını qeyd edib.
CAR-ın müxalifətdəki İqtisadi Azadlıq Mübarizləri partiyasının lideri Julius Malema isə ABŞ-ı Cənubi Afrikanın işlərinə qarışmamağa çağırıb. Malena torpaq islahatlarının ölkə üçün ən həssas mövzulardan biri olduğunu bildirərək, “Torpaq xalqımızın ümididir. Bu məsələdə qızışdırmaya yol vermək olmaz. Tramp yalançının biridir. Ölkəmizdə heç bir ağdərili təqiblərə məruz qalmır. Lakin ABŞ-da qaradərililərin qətli hələ də davam edir. Partiyamız torpaq islahatı uğrunda savaşmağa davam edəcək. Trampdan və onun ölkəsi Amerikadan qorxmuruq”, qəzəbini ifadə edib.
Qeyd olunur ki, Cənubi Afrika Respublikasının əhalisinin cəmi 9%-ni təşkil edən ağdərililər ölkə torpaqlarının 75%-ni əlində tutur. Ölkədə aparteid (irqi ayrı-seçkilik) rejiminə son verilməsindən bu yana hökumət həmin torpaqların bir qisminin təmənnasız şəkildə milliləşdirilərək qaradərili vətəndaşlara paylanılması üzərində çalışır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?