İranın əksəriyətinin ərəblərdən ibarət Əhvəz regionunda keçirilən hərbi parada ölümcül hücumdan bir neçə gün sonra hücumu kimin həyata keçirdiyinə dair suallar qalır.
Çərşənbə axşamı İran mediası şənbə günü baş verən hücumla əlaqədə ittiham olunaraq həbs olunan 20 nəfərin videosunu yayınlayıb.
Fars xəbər agentliyi beş günahkarın adını açıqlayaraq, onlardan üçünün qardaş olduğunu iddia edib. Onların bəziləri öldürülüb.
Ölkənin kəşfiyyat naziri Mahmun Ələvi hücuma sərt cavab veriləcəyinə söz verib və təhlükəsizlik qüvvələrinin hücumla bağlı məlumatı üzə çıxarmağa çalışdığını deyib.
Ələvi bidlrib ki, ordu və təhlükəsizlik qüvvələri, eləcə də İnqilab Keşikçiləri və polis hücumun arxasında olan bütün insanları müəyyən edənədək istintaqı davam etdirəcək, daha sonra isə onlara təzyiq göstərəcək. Bununla o, bütün dünyaya İranın, onun sözləri ilə, “insanlıq əleyhinə cinayətlərə” cavab verəcəyinə dair mesaj göndərib.
İranın ali ruhanisi Ayətulla Əli Xamenei və İnqilab Keşikçilərinin bir neçə komandiri Birləşmiş Ştatlarla yanaşı Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini günahlandırıb.
ABŞ müdafiə naziri Cim Mattis ittihamları “gülünc” adlandırıb, Dövlət kaitibi Mayk Pompeo isə ABŞ-ın hücumda əli olduğunu inkar edib.
İranın sabiq prezidenti Abulhəsən Bani Sədr Amerikanın Səsinə söyləyib ki, terror getdikcə daha çox beynəlxalq fenomenə çevrilir və Əhvəz hücumunun arxasında kimin olduğu aydın olmasa da, o, bunun xarici dəstək olmadan həyata keçirildiyinə şübhə ilə yanaşır.
Bani Sədr deyib ki, ölkələr və ya xarici qüvvələr zorakılıq aktını dəstəkləmədiyi təqdirdə, heç bir müstəqil təşkilat uzun zaman ərzində zorakılıqlar edə bilməz.
O düşünür ki, bəzi beynəlxalq qruplar İranla Qərb arasında hər hansı yaxınlaşmanın qarşısını almaq üçün “qeyri-sabitlik” yaratmağa çalışırlar.
Paris Universitetində siyasi elm üzrə dərs deyən Xəttar Abu Diab Əhvaz hücumunu “müəmma” adlandırır və hücumun arxasında hər daxili hə xarici qüvvələrin ola biləcəyini iddia edir.
O, İranın daxilində yeni separatçı qrupun yarandığının və hücum arxasında həmin qrupun dayandığının mümkün olduğunu söyləyib. O həmçinin deyib ki, BƏƏ və Səudiyyə Ərəbistanına qarşı ittihamların irəli sürülməsi yeni hal deyil.
“İran rejimi ABŞ-ın iqtisadi sanksiyaları səbəbilə hazırda ciddi problemlərlə üzləşir. Bu səbəbdən də Ayətulla Ali Xameneinin ABŞ, Səudiyyə Ərəbstanı və BƏƏ-ni günahlandırmaqla diqqəti yayındırmağa çalışması ehtimalı var”.
Diab deyib ki, İran “hazırda elə bir vəziyyətdədir ki, özünü qurban kimi göstərməlidir”.
Sorğu
Yeni dizaynımız necədir?