Qızılağac Milli Parkının ərazisinə icazəsiz daxil olan və ova cəhd edən şəxs xidməti vəzifələrini yerinə yetirən parkın əməkdaşlarına atəş açaraq hadisə yerindən qaçıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, hadisə oktyabrın 1-də, gecə saatlarında baş verib. Milli parkın mühafizə yegerləri icazəsiz əraziyə daxil olmuş şəxsin saxlanılması məqsədi ilə reyd keçirərkən milli park əməkdaşlarının qanuni tələblərinə tabe olmayan brakonyer mühafizə yegerləri Arif Cəfərov və Böyükişi Qaraşova bilərəkdən ov tüfəngindən atəş açıb və onları yaralayıb. Yegerlər xəstəxanaya aparılıb və onlara tibbi yardım göstərilib.
Polis orqanları yegerləri yaralayaraq hadisə yerindən qaçan brakonyeri saxlayıb.
Qızılağac Milli Parkı Xəzər dənizinin cənub-qərb sahilində Kür–Araz və Lənkəran ovalıqlarında yerləşir. Sahəsi 88.4 min hektardır. Milli Parkda 22 dəstədən və 248 növdən ibarət su, bataqlıq və çöl quşları mühafizə olunur. Bura hər il Qərbi Sibirdən, Qazaxıstandan, Cənubi Uraldan, Şimali Avropadan qaz, ördək, durna, qaşqaldaq, bağ quşu, qutan və başqa quşlar qışlamağa gəlir.
Qoruqda qaban, canavar, qamış pişiyi, porsuq, su samuru, tülkü və s. məməlilər məskunlaşıb. Qoruğun su hövzəsində 54 növ balıq var.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?