Bazar günü Əfqanıstanda parlament seçkilərinin ikinci günü olub.
Əfqanıstan prezidenti Əşrəf Qani bazar günü televiziya çıxışı vasitəsilə seçicilərə təşəkkür edib.
“Əfqanlar düşmənlərinə təkcə hər hansı hədə və ya xəbərdarlığa boyun əyməyəcəklərini deyil, həm də düşmənlərin hədələrini məğlub etmək gücünə və iradəsinə sahib olduqlarını göstərdi. Əfqanlar bütün dünyaya göstərdi ki, onlar ölkələrində sadəcə demokratiyanı qəbul edir, çünki demokratiya onlara başqaları tərəfindən bəxş edilməyib” – deyə, Əşrəf Qani bildirib.
Lakin səsvermə boyu zorakılıqlar da baş verib.
Taliban seçki məntəqələri və seçki ilə əlaqəli bütün tədbirlərə hücum edəcəkləri barədə dəfələrlə xəbərdarlıq edib.
Seçki rəsmiləri deyir ki, işləməyən səsvermə avadanlıqlarından tutmuş, açılmayan seçki məntəqələrinə kimi bir çox əngəllərə baxmayaraq, qeydiyyatdan keçmiş doqquz milyon seçicidən dörd milyonu şənbə və bazar səsvermədə iştirak edib.
Səsvermənin yekun nəticələri bir neçə həftə sonra bəlli olacaq.
Seçkidə yarım milyon yerli müşahidəçi ilə yanaşı müxtəlif ölkələr və Avropa İttifaqından 132 müşahidəçi iştirak edib. Yerli müşahidəçilərin çoxu nümayəndələr və ya siyasi partiyaların agentləri, vətəndaş cəmiyyəti fəalları və digər qruplar olub.
Növbəti parlamentin 249 yeri uğrunda 2500-dən çox namizəd mübarizə aparıb. Qadınlar üçün ayrılmış 68 yer uğrunda isə təxminən 600 qadın yarışıb.
Sorğu
Yeni dizaynımız necədir?