Demişdik ki, Con Bolton da burada Əfqanıstandan, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunmasının necə vacib olmasından danışsa, elə bir ironik yazı yazacağıq ki, oxuyanda lap acı bibər təəssüratı oyadacaq.
Bəli, cənab Bolton gəldi, çox şeylərdən danışdı, amma məlum oldu ki, biz hələ səfərdən xeyli əvvəl yazdığımız ehtimalda heç də yanılmamışıq- amerikalı diplomat mətbuat konfransında bildirdi ki, İran mövzusunda da çox intensiv danışıqlar aparılıbdır.
Biz elə belə də təxmin etmişdik – o səbəbdən ki, 4 noyabra, İrana qarşı sanksiyaların tam gücü ilə işə düşməsinə sayılı günlər qalıbdır.
Amma burada bəzi başqa məqamlara, ABŞ siyasətindəki rituallıq elementlərinə, bəli, səhv eşitmədiniz, rituallıq elementlərinə toxunmaq istərdik. Əvvəlcə bir suala cavab verin: 4 noyabr sizə nəsə deyirmi?
Bəli, çətin ki, indi çox adam bunu xatırlamış olsun. Ona görə də özüm cavab verməli olacam: 1979-cu ilin 4 noyabrında yenicə islam inqilabı etmiş İranda amerikalılar girov götürülmüşdü!..
İndi, bu məsələnin üstündən 39 il keçəndən sonra, ABŞ İrana qarşı ən sərt sanksiyaların tətbiqini məhz bu tarixə təyin edir. Təsadüfdür, yoxsa burada da bir qanunauyğunluq və ciddi hesab var?
Bilin ki, qətiyyən təsadüf deyil. İllər öncə 20-ci əsrdəki müharibələr və hərbi münaqişələrlə bağlı maraqlı bir kitab oxumuşduq. Orada çox dəqiq statistik materiallar əsasında göstərilirdi ki, ABŞ siyasətini daima qisas amili üzərində qurub və bu dövlət yaranandan bəri ölkəsinə, cəmiyyətinə və hətta ayrı-ayrı vətəndaşlarına qarşı bir təhdidi belə cavabsız qoymayıb. Bunlardan ən iri miqyaslısı və ən çox yadda qalanı əlbəttə ki, Yaponiyaya qarşı nüvə silahından istifadə edilməsidir. Bu da yaponların Pörl-Harbora hücumuna cavab idi. Tarixçilər qeyd edirlər ki, Yaponiyaya qarşı nüvə silahından istifadə edilməsinə heç bir ehtiyac və ya zərurət yox idi, çünki Yaponiyanın taleyi adi hərbi vasitələrlə tamam həll olunmuşdu və onun məğlubiyyəti labüd idi...
Amma amerikalılar bununla kifayətlənmədilər və nüvə silahı işə salındı. Onlar özləri də inkar etmirlər ki, bu, Pörl-Harbora cavab idi. Əlbəttə ki, burada başqa məqamlar da var idi.
Birincisi, Amerika Yaponiyanı özü üçün birdəfəlik neytrallaşdırmaq istəyirdi. İkincisi, Yaponiyaya nüvə silahı atıldıqdan sonra səhv etmiriksə, prezident H.Trumen demişdi ki, bu gündən yeni tarixi dövr başlayır və o, yanılmamışdı, çünki 20- ci əsrin ikinci yarısı dünyada həqiqətən də ABŞ əsri oldu. Amma bütün bunlardan öncə, əlbəttə, Pörl-Harbora görə qisas gəlirdi... Bəli, vəziyyət belədir. Ona görə də dünyanın 20-ci əsrdə ən savaşqan ölkəsi hər dəfə bizə sülh dərsləri keçəndə ixtiyarsız olaraq bunları xatırlayırıq. Hələ biz yaxın illərin başqa hadisəsini demirik. İraqla bağlı kiçik Buşu bir jurnalist sorğu-suala çəkəndə o, bu ölkəyə də qarşı hərbi kampaniyanı əsaslandıra biləcək tutarlı bir arqument gətirə bilməmişdi və axırda demişdi ki, S.Hüseyn mənim atamı təhqir etmişdi...
Amma bizə, bir az əvvəldə dediyimiz kimi, daima sülh dərsləri keçirlər, sanki bizim ölkəmiz ikinci dərəcəli ölkədir, onun suverenliyini də tapdamaq, ərazisini də zəbt etmək olar. Sanki bizim vətəndaşlarımız da ikinci dərəcəli insanlardır, onlara da işgəncə vermək, öldürmək, yurdundan – yuvasından didərgin salmaq olar - bəli, amerikalıların da məntiqindən başqa nəticə hasil etmək olmur.
Bolton Bakıda dedi ki, o, Qarabağla bağlı vəziyyəti yerindəcə öyrənməyə gəlib. Olsun. Amma İrana qarşı hansısa mifiq nüvə təhlükəsi ilə bağlı belə ağır sanksiyalar tətbiq edilirsə, niyə bunu Ermənistana qarşı etmək mümkün olmur? İranın nüvə silahı əldə edəndən sonra harasa hücum edib- etməyəcəyi hələ mübahisəlidir. Amma Ermənistan nüvə silahı olmadan belə qonşu dövlətin ərazisinin 20 faizini işğal edib! Məgər Xocalı Pörl-Harbordan kiçik faciədirmi? Burada azmı insan-uşaq, qadın və qoca tələf olub?..
Biz Ermənistana qarşı daha sərt təzyiqin labüdlüyündən yazanda heç də elə təsəvvür yaranmasın ki, müharibədən ötrü sinov gedirik. Əsla! Məgər biz heç istəyərikmi ki, yenidən gənclərimiz və cavanlarimız tələf olsun? Heç vaxt! Di gəl, kəsərli, nəticəli alternativ bir yol da yoxdur, daha doğrusu, var, amma həmin Boltonlar, Lavrovlar onları “görmürlər” və özlərini elə aparırlar ki, guya burada düz on illərdir ki, birinin toyuğu digərinin hininə girib və “kiş!” deməklə çıxıb gedəcək...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?