Gürcüstanda ötən gün keçirilmiş prezident seçkilərinin ikinci turunda səs çoxluğu ilə qalib gələn Salome Zurabişvilinin Tbilisinin Avlabar rayonunda yerləşən hazırkı prezident iqamətgahından imtina edəcəyi gözlənilir. S.Zurabişvilinin seçkiöncəsi proqramında onun Tbilisinin Atoneli küçəsindəki prezident sarayında yerləşəcəyi qeyd olunub.
S.Zurabişvilinin inauqurasiyasının isə dekabrın 16-da keçiriləcəyi gözlənilir.
Gürcüstan Konstitusiyasına əsasən, yeni prezidentin andiçmə mərasimi və dövlət başçısı vəzifəsinin icrasına başlaması prezident seçildiyi gündən sonra üçüncü bazar gününə təyin olunur.
Qeyd edək ki, Gürcüstanın hazırkı prezidenti Giorgi Marqvelaşvili 2013-cü ildə dövlət başçısı vəzifəsini icra etməyə başlayan zaman sabiq prezident Mixeil Saakaşvilinin Avlabarda inşa etdirdiyi qərargahdan imtina edəcəyini bildirmişdi. Lakin 2014-cü ilin martında o, Avlabar qərargahında yerləşib. Məhz bu, G.Marqvelaşvili və hakim Gürcü Arzusu Partiyası arasında fikir ayrılıqlarının ilk səbəbi olub.
Ümumi sahəsi 6 min kv. metr olan Avlabar iqamətgahının saxlanılmasına 2015-2016-cı illərdə ümumilikdə 4,5 mln. laridən çox (1,6 mln. dollardan çox) vəsait xərclənib./Report
Sorğu
Yeni dizaynımız necədir?