ABŞ-ın bir qrup senatoru Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Camal Qaşıqçı cinayətindən məsul tutulmasını nəzərdə tutan layihəni Senata təqdim edib.
ABŞ-ın öndə gələn senatoru Respublikaçı Lindsey Qrehem, Marko Rubio və Todd Young ilə Demokrat senatorlar Dianne Feinstein, Ed Markey və Kristofer Coons tərəfindən təqdim olunan layihədə, vəliəhd şahzadə Məhəmməd ibn Salmanın (MBS) Qaşıqçı cinayətinin cinayət ortağı olduğundan "yüksək dərəcədə əmin" olunduğu qeyd olunub. Layihədə, Səudiyyə şahzadəsi Məhəmməd ibn Salmanın cinayəti törədən təhlükəsizlik əməkdaşlarına nəzarət etdiyi qeyd edilərək, "Bu vəziyyət iyrənc cinayətin icra planının başında vəliəhd şahzadənin olduğunu göstərir" deyə bildirilib. Senator Qrehem layihə ilə bağlı yazılı açıqlamasında, ABŞ-da oturma icazəsi olan Qaşıqçı-nın 3 uşağının da Amerika vətəndaşı olduğuna diqqəti çəkərək, “ABŞ-ın vəhşi Qaşıqçı cinayəti haqqında dəqiq bir açıqlama verməsinin milli təhlükəsizlik maraqları üçün həyati əhəmiyyət daşıdığına inanıram” deyib. Layihəyə imza atan senatorlardan Rubio isə eyni açıqlamada, Məhəmməd bin Salmanın Qaşıqçı cinayətini bildiyinə yönəlik heç bir şübhəyə yer olmadığını, əksinə, buna göz yumduğunu və idarə edərək cinayətə qoşulduğunu bildirib.
Yəməndəki böhran, Qətər və müxaliflərə təzyiq vurgusu
Təqdim olunan layihədə həmçinin, Donald Tramp rəhbərliyinə və beynəlxalq ictimaiyyətə Qaşıqçı cinayəti ilə yanaşı, Yəməndəki humanitar böhran, Qətərin mühasirəyə alınması və digər müxaliflərə olunan təzyiqlərdən dolayı da vəliəhd şahzadə Məhəmməd ibn Salmanın məsul tutulması çağırışı edilib. Layihədə Səudiyyə Ərəbistanı hökumətinə Yəməndəki müharibəni sona çatdırmaq üçün Husilərlə danışıqlara başlaması çağırışı edilərkən, siyasi münaqişənin həlli üçün də Qətər ilə görüşməsi tövsiyə edilib. Bundan başqa, Səudiyyə rəhbərliyinin bloqqer Raif Bədəvinin sərbəst buraxmasının lazım olduğu ifadə edilib. Layihə Senatda qəbul edildiyi təqdirdə, ABŞ Senatı Qaşıqçı cinayətindən Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı məsul tutduğunu rəsmən qeydiyyatdan keçirmiş olacaq. Amerikan mediasında bu layihə, keçən ay Tramp rəhbərliyinin Qaşıqçı cinayətində MBS-ni qorumağa yönəlik açıqlamalarından ciddi bir qopma kimi qiymətləndirilib. Qeyd edək ki, Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Gina Haspel, 4 dekabrda Qaşıqçı cinayətinə dair bəzi senatorlara qapalı iclasda məlumat vermişdi. Brifinqin sonra mətbuata açıqlamalar verən senatorlar, Qaşıqçı cinayətinin əmrini Məhəmməd bin Salmanın verdiyinə dair şübhələrinin qalmadığını dilə gətirmişdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?