Türkiyə ilə bağlı Paşinyan hakimiyyəti nəbz yoxlaması edir.
Bu sözləri Axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, Qərb tərəfindən İrana tətbiq olunan sanksiyalar onsuz da iflas vəziyyətdə olan Ermənistan iqtisadiyyatını çox ciddi təsir göstərəcək:
“Bu şübhəsizdir. Ermənistan ətrafında çəmbər daralır. İndiki mesajların bir neçə tərəfi var. Birincisi, şübhəsiz ki, provokativ addımlardır. Yəni Türkiyədən bu mesaja necə reaksiyalar gələcəyini hesabalamağa çalışırlar. İkincisi isə bu mesajın növbəti dəfə ünvanlanmasının səbəbi Türkiyə-Azərbaycan münasibətlərində hər hansı bir formada çat yaratmaq istəyi ilə bağlıdır. Təbii ki, bu da mümkün deyil. Üçüncüsü, bütün bunlar şübhəsiz ki, Ermənistanın nəfəsliyinin daralması ilə bağlıdır”.
Analitikin sözlərinə görə, elə bir situasiya yarana bilər ki, Ermənistan üçün yeganə çıxış yolu Türkiyə ilə münasibətlərinin normaya qoyulmasından ibarət olsun:
“Bu halda isə situasiya ona doğru gəlib çıxaracaq ki, Türkiyə ən sərt formada Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsini gündəmə gətirəcək. Yəni hazırda proseslər o istiqamətdə cərəyan edir ki, Ermənistanın işğala son qoymaqdan başqa çıxış yolu qalmayıb. Bu artıq qabarıq şəkildə özünü büruzə verməkdədir”.
Analitik qeyd edib ki, Paşinyanın hakimiyyətə gəlməsinə yandırılan yaşıl işıq təsadüfi deyildi:
“Bu seçkilərdə də prinsip etibarı ilə biz ona şahid olduq. Yəni total pozuntulara baxmayaraq, nə Qərb təşkilatları, nə də MDB müşahidəçi missiyası Ermənistanda keçirilən seçkilərin əleyhinə hər hansı bir fikir səsləndirdi. Təkcə bir tərəf deyil, iki tərəf də Paşinyanın faktiki olaraq, hakimiyyətdə qalmasında maraqlı kimi görünür. Bu, şübhəsiz ki, regionda baş verən proseslərlə, o cümlədən də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ola bilər”.
Analitik vurğulayıb ki, Paşinyan hakimiyyətə gələn ərəfədə Sərkisyan və komandasına sadəcə etiraz aksiyalarına müdaxilə etməmək barədə Ermənistanın ənənəvi müttəfiqi tərəfindən xəbərdarlıq edildiyini güman edir:
“Bu xəbərdarlıqdan sonra onlar hər hansı bir formada bu aksiyalara müdaxilə etmədi. Əks təqdirdə Sərkisyanın əli onsuz da kifayət qədər qana bulaşmışdı. Seçkilərdə də erməni xalqına qarşı qətliam həyata keçirmişdi. O baxımdan da əgər Sərkisyana icazə verilsəydi, o, aksiyaların qarşısını ala bilərdi. Yəni bu məsələ, düşünürəm ki, heç də Sərkisyanın strateji düşüncəsi, uzaqgörənliyi ilə bağlı deyil. Bu adamın onsuz da strateji düşüncə qabiliyyəti yox idi. Çünki özünü böyük bir qəhrəman hesab edirdi. Daxili eqosu prosesləri dəqiq qiymətləndirməyə imkan vermirdi. Əslində onun hakimiyyətdən uzaqlaşdırılmasının səbələrdindən biri də bu faktdır ki, ənənəvi müttəfiqləri ilə artıq hesablaşmırdı”.
Qeyd edək ki, 9 dekabr seçkilərinin dərhal ardından Paşinyan Türkiyə ilə heç bir şərt olmadan birbaşa əlaqələr qurmağa hazır olduqları ilə bağlı açıqlama verib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?