Biz bundan sonra da dinc etiraz aksiyalarımızı müxtəlif vaxtlarda və müxtəlif şəhərlərdə keçirəcəyik.
Bunu Gürcüstanın birləşmiş müxalifətinin liderlərindən olan Georgi Baramidze deyib. Onun sözlərinə görə, dinc etiraz aksiyalarında İvanişvili və onun rejiminə qarşı etirazlar dilə gətiriləcək:
“Bizim mübarizəmiz başlayıb. Dinc etirazlara start verilib və bu mübarizə daha intensiv olacaq. Dinc etiraz aksiyaları hakimiyyət dəyişənə qədər davam edəcək”.
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili isə dünən Feysbuk vasitəsilə xalqa müraciətində bütün bölgələrin nümayəndələrini Tiflisə toplaşmağa səsləyib. O, taksi və marşrut sürücülərinə müraciət edərək, Tiflisə insanları pulsuz gətirməyə çağırıb:
“Bu gün əsas olan dinc konsolidasiyadır. Bacara bilən hər kəs Tiflisə toplaşmalıdır”.
Müxalifət nümayəndələri isə özlərinin gələcək fəaliyyət planları haqqında bu gün bəyanat yayacaqlarını bildiriblər.
Qeyd edək ki, Zurabişvilinin prezidentliyinin rəsmiləşməsi sayəsində Gürcüstanda bir neçə dəyişiklik baş verib. Dünəndən etibarən ölkədə seçki sisteminə dəyişikliklər haqqında qanun qüvvəyə minib.
Yeni dəyişikliklərə əsasən, 2020-ci il seçkisindən sonra Gürcüstanda majoritar sistem tam olaraq proporsional sistemlə əvəzlənəcək. Üstəlik, 2020-ci il seçkisində iştirak edəcək blokların parlamentə düşməsi üçün baryer 3%-ə endirilib.
Daha bir dəyişikliyə əsasən, Gürcüstan Silahlı Qüvvələri bundan sonra Müdafiə Qüvvələri adlanacaq. Üstəlik, Avropa və avroatlantik strukturlara inteqrasiya məsələsi konstitusion öhdəlik statusuna malik olacaq./axar.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?