Araz Əlizadə: “Bu məsələdə bir daha göründü ki, Amerika üçün iqtisadi maraqlar daha üstündür”; Həmid Herisçi: “Bu iş Səudiyyədə iki klanının davasıdır”
“Qərb bizi xilas edəcək”. Bu, Ostap Benderin məşhur sarkazmıdır. Bu tarixi ironiya nüfuzlu ABŞ nəşri olan “Vaşinqton Post” qəzetinin ərəb əsilli yazarı Camal Qaşıqçının qətlində bir daha öz aktuallığını qazandı.
ABŞ ölkəsinin ən populyar qəzetinin jurnalistinin İstanbuldakı Səudiyyə Ərəbistanı konsulluğundan meyitinin çıxmasına görə krallıq dövlətinə ciddi şəkildə təpki vermədi.
Dünyanı, Avropanı İrana və Rusiyaya qarşı sanksiyalara çağırdığı, harada bir jurnalistə təzyiq olarsa, həbs edilərsə ABŞ Dövlət Departamenti bəyanat verdiyi halda, Vaşinqton Səudiyyə Ərəbistanının diplomatik korpusunda məşhur jurnalistinin doğranıb qətlə yetirilməsinə qeyri-adekvat reaksiya verdi.
Faktiki olaraq, Amerikaya sığınan, bəlkə də bu arxayınlıqdan doğan tənqidçiliyinin sonunda Qaşıqçının faktiki olaraq qanı batırıldı...
Millət vəkili, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə “Yeni Müsavat”a açıqlamasında dedi ki, dünyada ikili siyasət, ikili standartlar var: “ABŞ-da nəsə baş verəndə dünya ona göz yumur. Amma başqasında olanda səslərini qaldırırlar. Amerika ”harda aş, orda baş"dır. Özünə gələndə maraqları çərçivəsində davranır.
Ona görə də bu məsələyə ən açıq cavabı Donald Tramp özü verdi. Dedi ki, bir jurnalistə görə Səudiyyə ilə 450 milyardlıq layihədən imtina edə bilmərəm. Yəni iqtisadi maraq insan haqları, media azadlığı və başqa məsələlərdən prioritetdir".
A.Əlizadənin fikrincə, insan haqları supergüc dövlətlərin əlində kiçik dövlətlərə qarşı bir dəyənəkdir: “İllərdir ki, kiçik ölkələr müstəqil siyasət yürüdəndə və ABŞ-ın xoşuna gəlməyəndə, həmin ”insan haqları" şüarını dəyənək kimi istifadə edirlər, təzyiq göstərirlər.
Məsələn, Bakıda qanunsuz mitinq dağıdılanda haray-həşir salırlar ki, ay aman qoymayın, Azərbaycanda insan haqları pozulur, vətəndaşlar sərbəst toplaşa bilmirlər. Amma Avropada, Amerikanın özündə aksiyalar qəddarlıqla dağıdılır, etirazçılar qana bulanır, sürüyə-sürüyə onları aparırlar, heç bir söz deyən olmur.
Çünki onlara olar, bizə yox. Bax Qaşıqçının məsələsində də bir daha göründü ki, Amerika üçün iqtisadi maraqlar daha üstündür".
Yazıçı-konspiroloq Həmid Herisçi isə hesab edir ki, Qaşıqçı cinayəti Səudiyyə Ərəbistanında çoxdan kök atmış iki klanın çəkişməsinin nəticəsidir.
Onun sözlərinə görə, Səudiyyədə hakimiyyətdaxili çaxnaşma var idi: “Bu barədə Rusiyada Səudiyyə Ərəbistanı üzrə mütəxəssis Şamil Sultanov çox gözəl məqalələr yazıb. Onun yazılarında var ki, Osmanlı imperiyası dövründə məşhur Qaşıqçı ailəsi olub və onlar Ətturki nəslidirlər. Səudiyyə Ərəbistanında kəşfiyyat, ordu təchizatı Ətturki klanının ixtiyarında olub. Bu qrupa qarşı hazırkı Səudiyyə kralı ibn Salmanın təmsil etdiyi Südeyra klanı olub.
Bu klan Əttürki klanını sıradan çıxarmaq istəyirdi, onu zəiflətməyə çalışırdı. Çünki Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında pərdəarxası əlaqələri həmin Qaşıqçının nəsli olan Əttürki klanı qurub. Bütün bunları Şamil Sultanov çox gözəl yazıb".
H.Herisçi Ş.Sultanova istinadən deyir ki, Südeyrə klanı Ətturki qvardiyasından kəşfiyyat işini və ordu təchizatının almaq istəyirdi: “Türk mənşəli Qaşıqçı ailəsində silah alverçiləri olub. Onların ən məşhuru Adnan Qaşıqçıdır, Camalın əmisidir. İndi bilinmir ki, Adnan Qaşıqçı Camal Qaşıqçıya silahları və pulları necə ötürdükləri haqda danışıb, ya yox. Bu ayrı mövzudur.
Hətta şahzadə Diana ilə münasibətləri olan, müəmmalı şəkildə qəzada ölən Məhəmməd əl-Fayed də bu ailənin üzvüdür. Adnan Qaşıqçı özü də müəmmalı şəkildə ölüb. Bundan sonra nəslin ağsaqqallığı Camal Qaşıqçıya keçmişdi. Məsələ burda başladı. Biləsiniz ki, Camal Qaşıqçı da daxil olmaqla 5 Ətturki şahzadəsi müəmmalı şəkildə ölüblər. Hətta birini Ukraynaya aparmaq adı ilə aldadıb Səudiyyəyə göndəriblər.
Yəni ki, Amerikadan çox, bu hadisə Səudiyyədə iki klanın davasıdır. Ona görə ki, bu nəsil vasitəsi ilə Türkiyə və Səudiyyə isteblişmentləri arasında pərdəarxası əlaqələr qurulub".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?