“2008-ci ilin 1 martından sonra Ermənistan diktatorluq qaranlığına qərq olub”.
Gundemxeber.az bildirir ki, 2016-cı ilin iyulunda Yerevanda Post-Patrul Xidmətinin binasına silahlı hücum etməklə Serj Sarkisyan hakimiyyətinə qarşı qiyam qaldıran qruplaşmanın – indi partiya kimi fəaliyyət göstərən “Sasna Tsrer”in yaydığı bəyanatda belə deyilir.
Bəyanatda qeyd olunub ki, Ermənistanın hazırkı hakimiyyəti seçki nəticələrini saxtalaşdıran əvvəlki rejimin ölkədə konstitusiya quruluşunu tamamilə devirdiyini, dövləti ələ keçirərək onu erməni xalqına qarşı terror maşınına çevirdiyini təsbit edib. Həmçinin, “Sasna Tsrer” Serj Sarkisyan hökumətinin müharibə yolu ilə Qarabağ torpaqlarını Azərbaycana “satdığını” iddia edib.
“4 günlük aprel müharibələrindən sonra aydın oldu ki, Ermənistanda dövlət terroruna həm də, dövlətə xəyanət əlavə edildi. Çünki rejim əvvəlcədən razılıq üzrə müharibə yolu ilə əraziləri düşmənə verməyə çalışır. Robert Koçaryan və bir neçə digər yüksək vəzifəli məmurların məsuliyyətə cəlb olunması kifayət etmir. Aydın deyil ki, niyə bu günədək Serj Sarkisyan azadlıqda gəzir?”, – deyə bəyanatda vurğulanıb.
Azvision.az xatırladır ki, “Sasna Tsrer” silahlı qruplaşması Serj Sarkisyanı hakimiyyətdən getməyə məcbur etmək üçün 2016-cı il iyulun 17-də qaldırdığı silahlı üsyanda aralarında polis rəisinin müavini, general-mayor Vartan Yegizaryan da olmaqla, 6 nəfəri girov götürmüşdü. Həmin hadisələrdə əhali də qiyamçıların tərəfində idi və blokadada olan qruplaşma üzvlərini ərzaqla təmin etməyə çalışırdı. Lakin bir neçə gündən sonra qiyamçılar hökumət qüvvələrinə təslim oldular və həbs edildilər. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra isə “Sasna Tsrer” terrorçuları əfv edilərək sərbəst buraxıldılar.
Sorğu
Yeni dizaynımız necədir?