NATO-nun büdcəsi Rusiyanın büdcəsindən 16 dəfə çoxdur
Bu günlərdə (aprelin 4-ü) yaranışının 70 illik yubileyini qeyd edən Şimali Atlantika Müqaviləsi Təşkilatı (North Atlantic Treaty Organization)-NATO çağdaş dünyanın ən böyük hərbi birliyi kimi tanınır.
Təşkilatın baş qərargahı Brüsseldə (Belçikanın paytaxtı) yerləşir. Şübhəsiz ki, bu Birlikdə dominant ölkə Amerikadır. NATO "soyuq müharibə" dönəminin başlanğıcında SSRİ-yə qarşı yaradıldı. İndi də Rusiyanı öz düşməni sayır...
Fakt budur ki, dünyada hərbə yönələn xərclərin 70 faizi NATO-nun payına düşür. Təkcə ABŞ-ın hərbi büdcəsi (643 milyard dollar) Rusiyanın hərbi büdcəsindən (63 milyard dollar) 10 dəfə çoxdur. 2018-ci ilin hesabatına görə, NATO üzvü olan 28 ölkənin (hazırda 29-dur) birgə hərbi büdcəsi 1 trilyon 013 milyard dollar olub. Bu isə Rusiyanın hərbi büdcəsindən 16 dəfə çoxdur.
Bu qədər fərqin olmasına baxmayaraq, ABŞ NATO-dakı müttəfiqlərinə təzyiq göstərir, tələb edir ki, hər bir üzv ölkənin hərbi büdcəsi Ümumi Daxili Məhsulun ən azı 2 faizi qədər olmalıdır. 2014-cü ildə NATO ölkələri arasında belə bir razılıq əldə olunmuşdu. Ancaq NATO üzvləri götürdükləri öhdəliyi yerinə yetirmək istəmir. Kanada və Avropa ölkələri orta hesabla Ümumi Daxili Məhsulun 1.47 faizə qədərini hərbi xərclərə vəsait kimi ayırır. ABŞ-ın hərbi xərcləri isə Ümumi Daxili Məhsulun 3.5 faizi həcmindədir.
Başqa sözlə desək, Kanada və Avropa ölkələri NATO üzvü kimi ümumi kassaya 312 milyard ödəyir. Amerika isə bu göstəricinin 424 milyard dollar olmasını tələb edir, yəni 112 milyard dollar və ya 36 faiz ortada olan real göstəricidən daha çox olmalıdır, deyir. Kanada və Avropa ölkələri ABŞ-a etiraz edir ki, Rusiyanın mövcud hərbi büdcəsi NATO-nun hərbi büdcəsinin cəmi 6 faizinə bərabərdir. Onsuz da fərq fəlakət həddindədir. Bu fərqi bir qədər də dərinləşdirməyə elə bir ehtiyac yoxdur...
NATO nəyə lazımdır?
Bu suala cavab olaraq NATO-nun ilk baş katibi Lord İsmay 1949-cu ildə belə demişdi: “NATO rusları çöldə, amerikalıları içəridə, almanları aşağıda saxlamaq üçün yarandı”. Məlumdur ki, NATO II dünya müharibəsindən az sonra - 1949-cu ildə ABŞ, Kanada və 10 Qərbi Avropa ölkəsi tərəfindən SSRİ-yə qarşı birliyə çevrildi. Onda qocalıb əldən düşmüş Stalin hələ sağ idi. 6 il sonra - 1955-ci ildə (Stalinin ölümündən sonra) isə SSRİ buna cavab olaraq Varşava Müqaviləsi Təşkilatının yarandığını elan etdi. SSRİ ilə yanaşı bu hərbi ittifaqda 7 Orta və Şərqi Avropa sosialist ölkəsi (Macarıstan, Çexoslovakiya, Polşa, Bolqarıstan, Ruminiya, Albaniya, Şərqi Almaniya) yer aldı. Obrazlı desək, kapitalist aləmi ilə sosialist düşərgəsi üz-üzə dayandı və bu qarşıdurma on illər ərzində davam etdi. 1991-ci ildə isə Sovet İttifaqı süquta uğradı. SSRİ-nin məhvi Varşava Müqaviləsi Təşkilatını da sıradan çıxardı. Bəziləri elə düşünürdü ki, NATO da tezliklə gərəksiz bir quruma çevriləcək və bu hərbi birlik də öz varlığına son qoymalıdır. Ancaq nəinki belə olmadı, hətta NATO-nun genişlənməsinə start verildi. Xüsusən, ABŞ prezidenti Bill Klinton NATO-nun Rusiyaya doğru genişlənməsi üçün ciddi addımlar atdı. 1999-cu ildə Polşa, Çexiya, Macarıstan, 2004-cu ildə Bolqaristan, Estoniya, Litva, Latviya, Ruminiya, Slovakiya, Sloveniya, 2009-cu ildə Albaniya və Xorvatiya və 2017-ci ildə NATO-nun 29-cu üzvü Montoneqro alyansa daxil oldu. Ancaq əslində NATO təkcə bu ölkələrdən ibarət deyil. NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı üzərindən 21 ölkə bu alyansla əməkdaşlıq edir. 1994-cü ildən Azərbaycan da bu proqrama qoşulub. Kosovo, İraq və Əfqanıstanda Azərbaycan hərbçiləri NATO hərbi kontingenti ilə birgə fəaliyyət göstərib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu fikrində də böyük həqiqət var: “NATO-nun Avropadan çox-çox uzaqlarda olan ölkələrlə də xüsusi əlaqəsi var. Avstraliya, Yaponiya, Cənubi Koreya. Bu ölkələr NATO üzvü olmasa da NATO-nun proqramlarında yer alır”.
Hazırda Ukrayna və Gürcüstanın NATO-ya daxil olunması məsələsi gündəmdə deyil. Çünki NATO nizamnaməsinə görə, üzv olmaq istəyən ölkə hər hansı başqa bir ölkə ilə müharibə vəziyyətində olmamalıdır. Adı çəkilən ölkələrin Rusiya ilə münaqişədə olması, elə bu səbəbdən də beynəlxalq səviyyədə tanınan ərazilərinin bir hissəsini itirməsi kimsəyə sirr deyil. O da bəllidir ki, NATO-nun əhatə dairəsi Avropanın Şərqinə-Rusiyaya doğru genişlənir. Bu isə Rusiyada ciddi əndişə doğurur...
Rusiya niyə düşmən sayılmalıdır?
Tarixən belə olub. Rusiya ilə Avropa arasında münasibətlər gərginliyi ilə seçilib. Hazırda fakt odur ki, NATO-nun hərbi büdcəsi Rusiyadan 16 dəfə çox olsa da, Rusiyanın nüvə silahı var. Bundan başqa, Rusiya bir sıra silahların keyfiyyəti baxımından NATO-dan geri qalmır, hətta bəzi silahları NATO-dakı analoqlarından üstündür.
Əslində NATO ilkin mərhələdə müdafiə xarakterli hərbi birlik kimi ortaya çıxmışdı. İndi isə NATO daha çox əzələ nümayiş etdirməklə Amerikaya öz siyasi məqsədlərini həyata keçirməkdə yardım edir. Təbii ki, Rusiya buna qarşı çıxır. 2007-ci ildə Münhendə təhlükəsizliklə bağlı keçirilən toplantıya bir çox ölkələrin rəhbəri qatılmışdı. Həmin toplantıda çıxış edən Vladimir Putin bəyan etdi ki, rəsmi Moskva NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasını provokasiya hesab edir. Cənab Putinin NATO ilə bağlı aşağıdakı fikri də maraqlıdır: “Rusiya Avropa mədəniyyətinin bir parçasıdır. Ona görə də mənim üçün NATO-nu Rusiyanın düşməni hesab etmək çox çətindir”.
Ukrayna savaşı
Bu məsələ ilə bağlı İsveçrənin “infosperber.ch” saytında gedən təhlil yazısına nəzər salacağıq. Elə bil ki, həmin təhlili bir rus millətçisi yazıb. Yəni, Qərbdə də bəzən acı həqiqətləri etiraf edənlər olur. Sayt yazır ki, 2014-cü ildə Kiyevdə Meydan hərəkatı başladı. ABŞ Ukraynanın Rusiyadan uzaqlaşıb Qərbə meyllənməsi üçün milyardlar xərclədi. İş o yerə çatdı ki, ABŞ-ın ən nüfuzlu senatoru olan Con Makkeyn Meydanda xalqın qarşısına çıxdı və etirazçıları ruhlandırmaq üçün mümkün olan hər şeyi etdi. Nəticə o oldu ki, Ukraynanın “Rusiyayönümlü iqtidarı” prezident Yanukoviç olmaqla ölkədən qovuldu. Halbuki o, demokratik seçki yolu ilə iqtidara gəlmişdi. Təbii ki, onu Qərbyönümlü siyasətçi əvəz etdi...
Belə bir vəziyyətdə Rusiya əhalisinin 70, bəzi hesablamalara görə, 80 faizi Rusiyaya meylli olan Krımı ilhaq etdi. O da vurğulanır ki, bütövlükdə Ukrayna əhalisinin 30 faizi üçün rus dili ana dili sayılır. Putin yaxşı bilirdi ki, NATO Serbiyanın iradəsinin əleyhinə olaraq albanların çoxluqda olduğu Kosovonu Belqarddan ayırıb. O da şübhəsizdir ki, Serbiya Kosovo vilayətini məhz Rusiyaya olan tarixi simpatiyasına görə itirib.
Təxminən eyni vəziyyət Ukraynanın şərqində də mövcuddur. Orada rusdillilərin sayı daha çoxdur. Və onlar Rusiya ilə dost olan Ukrayna iqtidarı arzusundadır. Rusiyada təbii ki, qulağının dibində-Ukraynada NATO qoşunlarını görmək istəmir. Nəticə belədir ki, Qərb Rusiyanın Ukrayna torpaqlarını işğal etməkdə ittiham edir. Ancaq özü Serbiyanın məhz etnik çoxluğa görə parçalanmasına rəvac verib. O da aydındır ki, Qərb eyni standartı Rusiya üçün keçərli saymır...
“NATO nə üçün hələ də mövcuddur”?
Babası Rusiyadan Amerikaya köçmüş yəhudi əsilli Noam Çomski çağdaş dünyanın ən böyük alimlərindən sayılır. ABŞ-ın qatı tənqidçisi belə yazır: “NATO Qərbi Avropanı Rusiyadan qorumaq üçün yaranmışdı. Berlin divarları da, Sovet İttifaqı da məhv olub getdi. Ortaya belə bir sual çıxır: - NATO nə üçün hələ də mövcuddur”? NATO ilə bağlı onun aşağıdakı fikri də solçular arasında çox populyardır: “Kimsəyə sirr deyil ki, NATO-nun sahibi Amerikadır və bu təşkilatı məhz Amerika idarə edir”.
NATO-nun hərbi əməliyyatları
1989-cu ildə Berlin Divarı o taylı, bu taylı Almaniyanın vətənin birliyini istəyən övladları tərəfindən uçuruldu. Hadisə bütün dünyanın gözü qarşısında baş verdi. Az sonra SSRİ-də dağıldı. 1992-1995-ci illərdə NATO Bosniya və Herseqovinaya hərbi müdaxilə etdi. 1999-cı ildə isə Yuqoslaviya (Kosovo) NATO əməliyyatlarına səhnə oldu.
ÐаÑÑинки по запÑоÑÑ Kosovo
2001-ci il. 11 sentyabr. “Əl-Qaidə” ABŞ-da eyni vaxtda bir neçə yerdə terror aktı həyata keçirdi. Əfqanıstanda gizlənən bin Ladeni ələ keçirmək üçün ABŞ NATO-nu bu ölkəyə hərbi müdaxiləsinə rəvac verdi.
2011-ci ildə ABŞ və Fransa başda olmaqla NATO Liviyaya hücum etdi. Diktator Müəmmər Qəzzafi öldürüldü. Çox-çox sonra bəlli oldu ki, bu işdə xüsusi fəallıq göstərən Fransa prezidenti Nikolya Sakozi prezident seçilmək üçün 2007-ci ildə Müəmmər Qəzzafidən qeyri-qanuni şəkildə 50 milyon avro alıb...
Liviya xalqına demokratiya vəd edən NATO az sonra ölkəni tərk etdi və Liviya vətəndaş müharibəsinə qərq oldu. Hələ də Liviyada vətəndaş müharibəsi davam edir. Bir vaxt Afrikanın ən zəngin ölkəsi olan Liviyada xalq acından ölür. Ölkə bütövlükdə xarabalığa çevrilib...
Hərbi xərclər və acından ölən insanlar
Son olaraq onu da vurğulayım ki, yaşadığımız dünyanın müxtəlif bölgələrində hələ də insanlar aclıqdan və susuzluqdan ölür. Milyonlarla insan, xüsusən uşaqlar gözümüzün qarşısında məhv olur. Bu problemi həll etmək üçün 20-25 milyard dollar vəsait lazımdır. Gördüyünüz kimi, NATO-da təmsil olunanlar əsasən dünyanın inkişaf etmiş ölkələridir. Qərb dəyərlərinin hökmran olduğu bu demokratik ölkələr həvəslə kütləvi silahlanmaya vəsait ayırır. Bu vəsait 1 trilyon dolları keçir. Di gəl ki, bu “mədəni ölkələrin” aclıqdan və susuzluqdan ölən uşaqlara yardım etməyə əli gəlmir. Bəli, onlar yardım edirlər. Ancaq bu faktdır ki, həmin yardımlar yetərli deyil. Mənə görə, dünya ölkələri bəşəriyyətə fəlakət vəd edən silahlanmaya yox, ilk növbədə acların xilasına vəsait ayırmalıdır. Dünyanın hansı nöqtəsində olursa olsun, aclıq və susuzluqdan ölən hər bir insana görə bəşər övladı olaraq həm ayrılıqda, həm də bütövlükdə məsuliyyət daşıyırıq. Rəsul Rzanın məşhur şerində deyildiyi kimi:
Mən istəyirəm: güllər açılsın, güllələr açılmasın...
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?