Venesuela prezidenti Nikolas Maduro Kuba, Nikaraqua və Venesuelaya təzyiqləri gücləndirdiyinə görə Tramp administrasiyasını tənqid edib.
Dövlət televiziyası ilə ərzaq çatdırma mərkəzindən etdiyi çıxışında Maduro Trampı Venesuela xalqına qeyri-qanuni birtərəfli sanksiyalarla ziyan vurmaqda təqsirləndirib.
“Bu gün bir daha onlar bütün dünyada müqəddəs təşkilat hesab edilən Venesuela Mərkəzi Bankına qarşı bir sıra tamamilə qanundan kənar və birtərəfli sanksiyaların tətbiqinə qərar verib. Dünyanın Mərkəzi Bankları müqəddəsdir. Bütün ölkələr buna hörmətlə yanaşır. Heç kim, heç bir ölkə Mərkəzi Banka təzyiq göstərmir” - deyə, Nikolas Maduro bildirib.
Tramp administrasiyası bildirib ki, bank Maduro hökumətini dəstəkləmək üçün alət olub.
Tramp administrasiyası Maduro hökumətini dəstəklədiyinə görə Kubanı cəzalandırmaq məqsədi ilə bu rejimə qarşı da yeni məhdudiyyətlər tətbiq edir.
ABŞ-ın Milli Təhlükəsizlik üzrə müşaviri Con Bolton çərşənbə günü əslən kubalı amerikalıların Kubadakı qohumlarına pul göndərmək limitini hər bir nəfərə 1000 dollara məhdudlaşdırıb.
Obama administrasiyası dövründə Vaşinqton Florida və Kuba arasında münasibətləri yaxşılaşdırmaq təşəbbüsü göstərmişdi. Lakin Tramp administrasiyası bu ölkə ilə münasibətləri Soyuq Müharibə erasına qaytarıb.
Sorğu
Yeni dizaynımız necədir?