Birləşmiş Ştatlar bazar günü dünya ölkələrində 20-dən çox səfirlik və konsulluğunu bağlayıb və xaricdə olan Amerika vətəndaşlarına Əl-Qaidə tərəfindən terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Bəzi ölkələr də eyni addımları atıb, beynəlxalq polis təşkilatı İnterpol isə təhlükəsizliklə bağlı öz tərəfindən xəbərdarlıqla çıxış edib.
ABŞ Dövlət Departakentinin bəyanatında terror hücumları təhlükəsinin xüsusilə Yaxın Şərq və Şimali Afrika ölkələrində daha yüksək olduğu bildirilir. Bəyanatda Əl-Qaidə və onunla əlaqəsi olan qruplar tərəfindən avqustun sonuna qədər terror hücumu həyata keçirmək cəhdlərinin gözlənildiyi və bu hücumların Ərəbistan yarımadasından gələ biləcəyi deyilir.
Şənbə günü Ağ Ev terror təhlükəsilə bağlı narahatlıqlarla əlaqədar yüksək səviyyədə iclas keçirib. İclasa Milli Təhlükəsizlik məsələləri üzrə müşavir Süzan Rays, Dövlət katibi Con Kerri, Müdafiə naziri Çak Heygel, Daxili Təhlükəsizlik naziri Canet Napolitano, eləcə də Mərkəzi Kəşfiyyat İdarəsi, Federal Təhqiqatlar Bürosu və Milli Kəşfiyyat Agentiyinin başçıları qatılıb.
Eyni zamanda, İnterpol bildirib ki, təhlükəsizliyə dair xəbərdarlıq İraq, Liviya, Pakistan və daha altı ölkədə bu yaxınlarda çox sayda məhbusun həbsxanadan qaçması ilə əlaqədardır. İnterpolun bildirdiyinə görə, yüzlərlə terrorçu və başqa cinayətkarın həbsxanalardan çıxa bilməsilə nəticələnmiş bu hadisədə Əl-Qaidənin əli olduğundan şübhələnilir.
Britaniya və Almaniya da təhlükəsizliklə əlaqədar bazar günü və bazar ertəsi Yəməndə səfirliklərini bağlayıb.
ABŞ-ın İraq, Liviya və Yəmən daxil olmaqla, bir sıra müsəlman ölkələrində səfirlikləri və konsulluqları bağlı olaraq qalır. Rəsmilərin sözlərinə görə, vəziyyət dəyərləndirildikdən sonra səfirliklər bir müddət bağlı qala bilər. (amerikaninsesi.org)
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?