Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında daha bir görüş reallaşdı. Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan Minsk Qrupu həmsədrlərinin iştirakı ilə bu dəfə Vaşinqtonda üç saata yaxın müzakirə apardılar. Lakin görüşdən sonra Məmmədyarovun verdiyi açıqlamadan aydın oldu ki, münaqişə tərəfləri arasında mövqe fərqləri olduğu kimi qalır. Yəni Ermənistan ədalətli sülhə hazır deyil, işğal altındakı torpaqları qaytarmaq niyyətindən çox uzaqdır. Demək, müharibə variantı bir az da aktuallıq qazanmış olur.
Bu xüsusda ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyanın nazirlərin Vaşinqton görüşü ərəfəsində verdiyi “Qarabağda müharibə hələ bitməyib” bəyanatı daha yaddaqalan oldu, nəinki ABŞ görüşü. Birinci ona görə ki, Paşinyan atəşkəs dövrünün ilk Ermənistan rəhbəridir ki, bu etirafda bulunur. Halbuki onun sələfləri “Biz müharibəni udmuşuq, Azərbaycan qeyd-şərtsiz kapitulyasiya sənədinə imza atmalıdır” deyib öz xalqını aldatmaqla məşğul idilər.
Paşinyan isə bu tilsimi qırdı, mifi dağıtdı və xalqının gözünü bir azca açdı. Ancaq əfsus ki, bundan o yana gedə bilmədi. Gedə bilmir. Yenə publikaya ünvanlı pafoslu sözlər deyir, sülh anlaşmasını mümkünsüz edən yanaşma sərgiləyir. Paradoksaldır. Bəlkə heç özü də hərəkətlərinin fərqində deyil. Üstəgəl, daxildəki qəliz vəziyyət, Qarabağ klanının hakimiyyətə yaratdığı təhlükə onu çevik və qəti qərarlar vermək zorunda qoyub.
*****
Məsələ də ondadır ki, Paşinyan hazırda özünə qarşı faktiki, iki qorxulu cəbhə açıb: bir yandan o, nizamlama prosesini tormozlamaqla Azərbaycanı müharibəyə vadar edir, Bakıya başqa yol saxlamır, digər yandan isə Qarabağ klanı ilə, daxili düşmənlərlə də savaş durumuna gəlib. Hətta “üçüncü cəbhə”dən - Rusiyadan da söz etmək olar. Çünki Paşinyan eks-prezident Robert Köçəryanın timsalında daim Kremlin adamlarını sıxışdırır, onların məhkəmə təqibini davam etdirir, Putinin “ayağını” tapdayır. Onun müharibə etirafı isə həm də o anlama gəlir ki, Azərbaycan istənilən an, özü üçün məqbul bildiyi məqamda hücuma keçmək imkanına malikdir.
“Əslində Nikol Paşinyan yeni bir şey deməyib, sadəcə, məsələni köndələn qoyub: yəni biz müharibə aparırıq və biz bundan sonra nə edəcəyik? Bu sual ilk növbədə erməni cəmiyyətinə ünvanlanıb. Ancaq təkcə ona da yox. Həmçinin rəsmi Bakıya, Kremlə, Ağ Evə, Yelisey sarayına və ATƏT-in Minsk Qrupunun digər üzv ölkələrinin başçılarına ünvanlanıb”.
“Yeni Müsavat”ın məlumatına görə, bu barədə rusiyalı tanınmış tarixçi-alim və analitik Oleq Kuznetsov Dağlıq Qarabağ münaqişəsi ətrafında son duruma həsr elədiyi məqalədə yazıb.
“Hərbi manerada, obrazlı desək, Paşinyan artıq əlindəki qumbaranın fitilini çəkib və hamı anlayır ki, o qumbaranı əlində sıxılmış vəziyyətdə çox saxlamayacaq. Paşinyan başa düşərək ki, Ermənistanın özündə daxili siyasi situasiyanın girovuna çevrilib, qərar verib ki, öz həyatında ən ümidsiz, ən inadlı addımını atsın. Paşinyan öz vətəndaşlarına üç variantdan birini seçmək təklif eləməklə ”va-bank" gedir. Həmin üç variant budur: müharibə eləmək, barışmaq, yoxsa təslim olmaq? Əgər nəzərə alsaq ki, birinci variant Ermənistan üçün intihara bərabərdir, o zaman reallıqda Nikol Paşinyan təkcə İrəvan ermənilərinə, yəni öz tərəfdarlarına yox, həm də dünya ermənilərinə “Nə etməli?” sualını ünvanlayıb", - deyə Kuznetsov qeyd edib.
Onun sözlərinə görə, müharibə haqda danışmaqla Paşinyan gerçəkdə əsəbi halda sülh yolu axtarır - gözəl dərk edərək ki, Azərbaycan minimum 1990-cı il sərhədləri çərçivəsində özünün ərazi bütövlüyünü bərpa eləmək ideyasından qəti şəkildə və heç vaxt imtina etməyəcək. “Müharibədən danışan Nikol Paşinyan sülh anlaşması imzalamağa hazırdır, nədən ki, Qarabağda atəşkəs haqda Bişkək sənədi ona bu imkanı vermir, ona görə ki, reallıqda heç bir atəşkəs yoxdur. Nikol Paşinyan indi 1917-ci ildə müharibədən inqilabi yolla çıxmağı bəyan edən Lenini xatırladır”, - deyə ekspert əlavə edib.
*****
Öz növbəsində başqa bir tanınmış rusiyalı politoloq, konfliktologiya sahəsi üzrə mütəxəssis Yevgeni Mixaylov hesab edir ki, Qarabağa dair nizamlama prosesində 15 ildən artıqdır heç bir irəlliləyişin olmaması təəccüblü olmamalıdır: “Mənim fikrimcə, danışıqlar prosesinin yalnız bir tərəfi adekvat əhvaldadır və heç olmasa, hansısa nəticənin əldə olunması üçün real addımlar təklif edir. Bu - Azərbaycandır. Ermənistan isə hələ də boş yerə ümid edir ki, işğal etdiyi ərazilərə nəzarəti saxlaya biləcək və bu işdə ona dünya birliyi kömək edəcək. Nə qədər ki, belə bir düşüncə qalır, İrəvan anlaşma qabiliyyətində olmayacaq. Demək, müvafiq surətdə erməni siyasətçilərinin əlindən istənilən bu tip illüziyanı almaq lazımdır”.
Ekspertin sözlərinə görə, Vaşinqton görüşü də göstərdi ki, erməni tərəfi güzəştsiz mövqe tutub və kompromislərə getmək istəmir, buna paralel silahlı qüvvələrin təmas xəttində təxribatlar törətməyə davam edir. “Ancaq erməni tərəfinin istənilən təxribatına daha güclü dövlət mövqeyindən cavab vermək lazımdır. Mənim baxışıma görə, hər iki tərəfdən avtomat güllə atışmaları və qətl mübadiləsi - zəiflərin nəsibidir. Bakı həm diplomatik, həm hərbi, həm də iqtisadi cəhətcə güclüdür və İrəvanla artıq onun dilindəcə danışmağı qurtarmaq zamanıdır. Yəni işğal altındakı ərazilərin qaytarılması məsələsini kardinal şəkildə həll eləmək vaxtıdır”, - deyə rusiyalı politoloq qeyd edib.
Yəqin ki, enində-sonunda belə də olacaq. Zor gücünü işğal edilən torpaqlar zorla da öz halal sahibinə qaytarılacaq...//“Yeni Müsavat”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?