Hələb necə yerlə yeksan oldusa, İdlib də hazırda həmin vəziyyətdədir.
Gundemxeber.Az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çexiya Baş naziri Andrey Babiş ilə görüşündə deyib.
“İdlibdə son proseslər... Son iki gündə ABŞ-ın buranı bombalaması, 700 insanın burada ölməsi... Əlbəttə, burada terrorçular da ola bilər. Amma artıq İdlib yavaş-yavaş yox olur. Olanlar qarşısında səssiz qalmaq mümkün deyil. Rusiya ilə danışıqlar aparırıq. Qarşıdakı ayda Rusiya-İran-Türkiyə sammiti var. Hədəfimiz Cenevrədən də öncə bəzi addımları atmaqdır”, - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın İdlibdəki hərəkətlərini Rusiya da qınayıb. Rusiyanın Düşmən Tərəflərin Barışdırılması Mərkəzi Amerika tərəfinin bütün razılaşmaları pozaraq deeskalasiya zonasına zərbə endirdiyini bildirib.
Xatırladaq ki, Moskva və Ankaranın təşəbbüsü ilə 31 avqust səhər saat 6.00-dan Suriya ordusu İdlib atəşkəs zonasında birtərəfli atəşkəs elan etmiş, bu barədə bütün münaqişə tərəfləri məlumatlandırılmışdı. Atəşkəsin mülki şəxslərin humanitar dəhlizlə İdlibi tərk etməsinə imkan yaradacağı ehtimal edilirdi. Sutka ərzində Rusiya və Suriya döyüş təyyarələri İdlib üzərində uçuşları dayandırmışdılar. Ancaq 31 avqust saat 15.00-da ABŞ-ın yaşayış məntəqələrinə zərbə endirməsi nəticəsində çoxsaylı tələfat və dağıntılar oldu. ABŞ tərəfi bu əməliyyat zamanı Əl-Qaidə terror təşkilatının idarəetmə məntəqəsinin məhv edildiyini bəyan etdi. Amma Rusiya hesab edir ki, Vaşinqton bu addımı ilə İdlibdə atəşkəsi pozub və onun qorunmasını təhlükə altında qoyub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?