Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) oktyabrın 17-də Azərbaycandan 2008-2015-ci illərdə göndərilmiş beş şikayət üzrə qərarlarını açıqlayıb. Beş ərizə birləşdirilib və onlar üzrə ortaq qərar qəbul edilib. Ərizəçilərin hamısı "Yehova şahidləri" dini icmasının üzvləridir.
Onlar Müşfiq Məmmədov, Samir Hüseynov, Fərid Məmmədov, Fəxrəddin Mirzəyev və Kamran Mirzəyevdir.
AİHM Azərbaycan məhkəmələrinin ərizəçilərin işlərinə baxarkən onların Avropa İnsan Hüquqları Konvensiyasının 9-cu (dini etiqad azadlığı) maddəsində nəzərdə tutulmuş hüquqlarını pozduğu qənaətinə gəlib.
AİHM Azərbaycan hökumətini 38 min 269 avro cərimə edib. Hökumətin üzərinə ümumi xarakterli tədbirlər görmək, habelə "Alternativ xidmət haqqında" qanun qəbul etmək öhdəliyi qoyulub.
Qeyd edək ki, "Yehova şahidləri" icmasının üzvü Müşfiq Məmmədov 2007-ci ildə hərbi xidmətə çağırıldıqda alternativ hərbi xidmət üçün şərait yaradılmasını xahiş edib. Amma qanun olmadığı üçün ona belə bir imkan verilməyib. Məmmədova qarşı cinayət işi açılıb və o, hərbi xidmətdən yayındığına görə 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Yuxarı instansiyalar bu qərarı qüvvədə saxlayıblar.
2009-cu ildə Məmmədova qarşı eyni əsaslarla cinayət işi açılıb və 2009-cu ildə o, 250 manat cərimə olunub.
Samir Hüseynov analoji ittihamla 10 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Məhkəmə Hüseynovun "Yehova şahidləri" etiqadının hərbi xidmətə qarşı olduğu barədə dəlil təqdim etməməsinə əsaslanıb.
Məmmədov və Hüseynov 9 və 14-cü (vicdan, fikir və din azadlığı və ayrı-seçkiliyin qadağan edilməsi) maddələrlə hüquqlarının pozulması məsələsini qaldırıblar.
Digər üç ərizəçi 9-cu (fikir, vicdan və din azadlığı) maddə ilə hüquqlarının pozulması məsələsini qaldırıblar. Onlardan biri - Fərid Məmmədov özü hərbi komissarlığa müraciət edib və alternativ xidmət istəyib. Amma o, həbs edilib və 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Fəxrəddin Mirzəyev 1 il müddətinə azadlıqdan məhrum edilib, amma sonradan əvf edilib, Kamran Mirzəyev 9 ay azadlıqdan məhrumetmə cəzası alıb./amerikaninsesi.org
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?