Birləşmiş Ştatların vasitəçiliyi ilə atəşkəs razılığı əldə edilməsinə baxmayaraq, Suriyanın şimal-şərqində döyüşlər cümə günü də davam edib.
Türkiyə ilə Birləşmiş Ştatların Türkiyənin terrorçu adlandırdığı kürd döyüşçülərinə qarşı hücumunu beş gün müddətinə dayandıracağı barədə razılıqdan bir gün sonra Ceylanpınar şəhərində silah səsləri eşidilib və şəhərin üzərində tüstü görünüb.
Razılığa əsasən kürd döyüşçüləri Türkiyə ilə Suriya arasındakı sərhəd boyu tutduqları mövqelərdən çəkilməli və Türkiyə həmin ərazilərdə öz mövqeyini gücləndirməlidir.
Türkiyə ordusu və Türkiyənin dəstəklədiyi Suriya üsyançıları ölkənin şimalındakı kürd qüvvələrinə qarşı hücumlara Birləşmiş Ştatlar Prezidenti Donald Trampın ABŞ ordusunu bölgədən gözlənilmədən çıxaracağını elan etməsindən sonra başlayıb.
Oktyabrın 17-də Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən ABŞ-ın Vitse-prezidenti Mayk Pens danışıqlardan sonra Türkiyənin Suriyanın şimal-şərqində apardığı hərbi əməliyyatlara ara verməyə razı olduğunu elan edib.
"Türkiyə Suriyanın şimal-şərqində kürd qüvvələrinin geri çəkilməsinə imkan vermək üçün beş günlük atəşkəsə razılıq verdi" - deyə, Mayk Pens cümə axşamı bildirib.
Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu isə mətbuat konfransında fərqli bəyanatla çıxış edib. "Bu, atəşkəs deyil. Biz terrorçuların bölgəni tərk etməsi üçün 120 saatlıq fasilə verəcəyik. Biz əməliyyatları yalnız şərtlərimizə əməl olunandan sonra dayandıracağıq" deyə, Çavuşoğlu bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?